Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:56

SSRİ müharibəni ABŞ və Britaniyasız uda bilərdimi?


Stalin, Roosevelt, Churchill Tehran konfransında
Stalin, Roosevelt, Churchill Tehran konfransında

24 fevral 1943-cü ildə ABŞ-ın 42-32892 seriya nömrəli Douglas C-47 Skytrain nəqliyyat təyyarəsi Kaliforniyadakı Lonq Biç zavodundan çıxan kimi ABŞ hərbi hava qüvvələrinə təhvil verildi.

Artıq həmin ilin 12 martında təyyarə Alyaskadakı Feyabenk məntəqəsində Sovet hərbi-hava qüvvələrinə təqdim olundu.

AzadlıqRadiosunun müxbiri Robert Coalson-un məqaləsində deyilir ki, təyyarə oradan 5650 kilometr məsafə qət etməklə Sibirdəki Krasnoyarsk aerportunda enməli idi.

Bu qayda ilə ABŞ II Dünya Müharibəsi illərində Lend Liz (Lend-Lease ifadəsini borc-kirayə kimi tərcümə etmək olar - red) adı ilə tanınan yardım proqramı ilə Sovet İttifaqına 14 min təyyarə vermişdi.

Məqalədə sözü gedən konkret təyyarə isə uzaq şimalda, Kar dənizi üzərinə metereoloji missiyaları yerinə yetirməli idi. Müharibədən sonra təyyarəni Rusiya mülki aviasiyasına vermişdilər. Təyyarə donmuş tundra meşələri üzərindən sərnişin daşıyırdı.

Amma 1947-ci ilin 23 aprelində təyyarə Taymır yarımadasındakı Voloçanka kəndi yaxınlığında qəza enişi etməli olmuşdu. Təyyarədəki 36 sərnişindən 27-sini mayın 11-də xilas edə bilmişdilər. Təyyarə kapitanı Maksim Tyurkov, iki ekipaj üzvü və 6 sərnişin bundan əvvəl kömək çağırmağa getmişdilər. Kapitanın qalıqları yalnız 1953-cü ildə qəza yerinin 120 kilometrliyinə tapılmışdı. Qalanları izsiz-tozsuz itkin düşmüşdü.

Təyyarə 69 il tundrada atılmış vəziyyətdə qalmışdı. Lakin 2016-cı ildə Rusiya Coğrafiya Cəmiyyətinin ekspedisiyası təyyarəni xilas etdi.

Douglas C-47 Skytrain nəqliyyat təyyarəsinın qırıntıları
Douglas C-47 Skytrain nəqliyyat təyyarəsinın qırıntıları

Rusiya hərbi hava qüvvələrinin ehtiyatda olan polkovniki Vyacheslav Filippov bu barədə deyir:

"Mən həmişə bilirdim ki, bu təyyarənin yeri muzeydir. Bu, sadəcə bir metal qırıntısı deyil, canlı tariximizin bir hissəsidir. Bu Douglas Rusiyada Lend-Lizdən qalan yeganə təyyarədir”.

Sovet İttifaqı müharibədə bir gün də tək olmayıb

1941-ci ilin iyunu ilə 1945-ci ilin mayı arasında nasist Almaniyası ilə müharibədə təxminən 25 milyon sovet vətəndaşı tələf olub.

Müharibənin llk 18 ayı ərzində ağır itki və məğlubiyyətlərə məruz qalan Qırmızı Ordu qüvvələrini yenidən səfərbər edərək Berlinə qədər yürüş edib. Amma Sovet İttifaqı bu müharibədə bir gün də müttəfiqsiz olmayıb.

Birləşmiş Ştatlar hələ II Dünya Müharibəsinə rəsmən daxil olandan bir neçə ay əvvəl Sovet İttifaqına Lend Liz proqramı ilə nəhəng hərbi-iqtisadi yardımın göstərilməsinə başlayıb.

Soyuq Müharibə illərində və elə indinin özündə də Rusiya rəsmiləri Amerikanın sovetlərə maddi-hərbi yardımının əhəmiyyətini kiçiltməyə cəhd göstəriblər.

Yaddan çıxan yaxşılıq

Siyasi büronun üzvü Nikolai Voznesensky 1948-ci ildə dərc edilmiş məqaləsində yazırdı ki, Sovet İttifaqına müharibə illərində xaricdən edilən yardımlar onun öz istehsalının guya cəmi 4.8 faizini təşkil edib.

1948-ci ildə çap olunmuş “Böyük Vətən Müharibəsinin Qısa Tarixi” kitabında da Lend-Liz təchizatı məsələsinə toxunulsa da, SSRİ-yə verilən yardımın müharibənin gedişatını dəyişəcək həcmlərdə olmadığı bildirilir.

Hətta sonuncu sovet hökumət başçısı Nikolai Ryzhkov da 2015-ci ildə deyib ki, “Lend-Liz proqramı ilə göstərilən yardım Böyük Qələbədə həlledici rol oynamayıb”.

Amma bu cür iddialar müharibənin iştirakçısı olmuş sovet rəsmilərinin dedikləri ilə ziddiyyət təşkil edir.

Bilənlər bilirdilər

Sovet diktatoru Iosif Stalin Britaniya baş naziri Winston Churchill və ABŞ prezidenti Franklin Roosevelt-in iştirakılə 1943-cü ildə keçirilən Tehran konfransında belə bir tost söyləmişdi:

"Mən sizə Rusiya nöqteyi-nəzərindən prezidentin və Birləşmiş Ştatların müharibədə qələbə üçün nə etdikləri barədə danışmaq istəyirəm. Birləşmiş Ştatlar maşınlar ölkəsidir. Lend-Liz vasitəsilə aldığımız maşınlar olmadan biz bu müharibəni uduzardıq”.

Prezident Franklin D.Roosevelt Lend-Liz proqramını imzalayarkən
Prezident Franklin D.Roosevelt Lend-Liz proqramını imzalayarkən

Sonrakı illərdə SSRİ-nin lideri olmuş Nikita Khrushchev da eyni fikirdə idi. O öz xatirələrində yazırdı:

"Əgər Birləşmiş Ştatlar bizə kömək etməsydi, biz bu müharibədə məğlub olardıq. Heç kim bu barədə rəsmən danışmayıb. Düşünürəm ki, Stalin də bu barədə heç bir yazılı iz qoymayıb. Amma o da mənimlə söhbətlərində bu fikri dəfələrlə dilə gətirmişdi”.

Axı özləri üstəlik də vuruşmuşdular

Lend-Liz proqramına 1941-ci ilin martından başlanmışdı. Bu proqrama uyğun olaraq ABŞ Almaniya və Yaponiyaya qarşı döyüşən strateji əhəmiyyətli ölkələri – ilk növbədə Britaniya, SSRİ və Çini silahlar, ərzaq və xammal materialları ilə təchiz edirdi.

Bütünlükdə ABŞ bu proqramla 50 milyard dollarlıq (2020-ci ilin pulu ilə 608 milyard dollar edir) material göndərmişdi. Bunun 11.3 milyard dolları SSRİ-nin payına düşmüşdü. Lakin Britaniyaya verilən 31 milyard dollarlıq materialın əksər hissəsi də SSRİ-yə ötürülmüşdü.

Müharibə illərində ABŞ Sovet İttifaqına 400 min cip tipli avtomobil və maşın, 14 min təyyarə, 8000 traktor və tikinti texnikası, 13 min döyüş tankı vermişdi.

Britaniyanın Matilda tankları SSRİ-yə göndərilir
Britaniyanın Matilda tankları SSRİ-yə göndərilir

Bundan da əhəmiyyətlisi Sovet hərbiyyəsi üçün lazım olan benzinin, partladıcıların, alüminium, paslanmayan metal və radio kommunikasiya qurğularının da ABŞ tərəfindən göndərilməsi idi.

Tarixçi Boris Sokolov deyir ki, axı maddi dəstəklə yanaşı ABŞ və Britaniya əsgərləri həm də döyüşürdülər:

"SSRİ Almaniyaya qarşı hipotetik döyüşü Lend-Liz olmadan, Lüftvaffe qüvvələrinin və Almaniya donanması gəmilərinin əhəmiyətli hissəsinin Britaniya və Birləşmiş Ştatlara qarşı döyüşlərə cəlb edilməsi olmadan Stalin çətin ki, Hitleri məğlub edə bilərdi. O vaxt Almaniya öz quru qüvvələrinin dörddə birini Britaniya və Birləşmiş Ştatlara qarşı yönəltməyə məcbur olmuşdu”.

Amerika benzinini sovet benzininə qarışdırırdılar

ABŞ Lend-Liz proqramı ilə SSRİ-yə onun müharibə ərzində işlətdiyi partladıcıların üçdə birini vermişdi. Britaniya Sovet İttifaqının müharibədə sərf etdiyi alüminiumun 55 faizini, misin 80 faizini göndərmişdi.

Lend-Liz proqramı ilə Sovet İttifaqına onun özünün istehsal etdiyi aviasiya benzininin 57 faizi həcmində benzin yardımı göstərilmişdi. O vaxt Sovet İttifaqında əla keyfiyyətli Amerika benzini ilə aşağı oktanlı sovet benzinini qarışdırıb işlədirdilər.

Lend-Liz proqramı ilə SSRİ ABŞ və Britaniyadan 35 min dəst radio və 32 min motosiklet almışdı. Müharibə qurtaranda Sovet ordusunun malik olduğu hərbi texnikanın 33 faizi müttəfiqlər tərəfindən göndərilənlər idi.

Sovet Katyuşalarının qurulması üçün SSRİ-yə 20 min ağır Studebaker yük maşınları verilmişdi.

Marşal Zhukov-un gizli etirafları

Lend-Liz proqramı Sovet İttifaqının dəmir yolu qüdrətini də artırmışdı. Bu proqram üzrə SSRİ-yə 2 min lokomotiv və saysız-hesabsız yük vaqonları göndərilmişdi.

Lend-Liz proqramına Alyaskada qoyulmuş abidə
Lend-Liz proqramına Alyaskada qoyulmuş abidə

Lend-Liz proqramı ilə SSRİ-yə tonlarla zavod avadanlığı və alətlər verilmişdi. Bunların böyük bir qismini metal məmulatlarının istehsalı dəzgahları təşkil edirdi.

Amerikalılar Sovet əhalisi və ordusu üçün 4.5 milyon tonluq ərzaq, 1.5 milyon dəst adyal və 15 milyon cüt ayaqqabı göndərmişdilər.

1963-cü ildə DTK Sovet İttifaqı marşalı Georgy Zhukov-un səsini gizlicə yazmışdı. Zhukov bu səs yazısında deyirdi:

“Bəziləri deyirlər ki, müttəfiqlər bizə kömək etməyiblər. Amma bunu inkar etmək olmaz ki, amerikalıların bizə göndərdikləri materiallar olmasaydı biz öz ehtiyatlarımızı yarada və müharibəni davam etdirə bilməzdik. Amerikalılar bizə həyati əhəmiyyəti olan partladıcıları və barıtı vermişdilər. Hələ mən poladı demirəm. Biz Amerika poladı olmadan öz tank sənayemizi yarada bilərdikmi? Amma indi deyirlər ki, o vaxt özümüzün hər şeyimiz bol idi”.

XS
SM
MD
LG