Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:15

Tacikistan prezidentinin qızı dərman imperiyasını necə qurdu


Biznes görüşlərində tez-tez "Sifat Pharma" şirkətinin prezident qızına məxsus olduğu vurğulanır
Biznes görüşlərində tez-tez "Sifat Pharma" şirkətinin prezident qızına məxsus olduğu vurğulanır

AzadlıqRadiosunun tacik xidmətinin apardığı araşdırması Tacikistan prezidenti qızının səssiz-səmirsiz səhiyyə imperiyası qurduğunu, bu işdə hökumətin imkanlarından, dövlət dəstəyindən və səfir ərinin lobbiçiliyindən yararlandığını üzə çıxarıb.

Parvina Rahmonova avtoritar prezident Emomali Rahmonun böyük sərvət toplayan, yaxud mühüm dövlət vəzifələrinə təyin olunan çoxsaylı uşaqlarından və qohumlarından biridir.

Rahmonun bir neçə digər övladından fərqli olaraq, Parvina Rahmonovanın ictimai portreti o qədər də ortada deyil.

Düşənbədə 20-yə yaxın apteki olan əczaçılıq şəbəkəsi yaradıb

O, ictimaiyyətə açıq ailə fotolarında nadir hallarda görünür. Əri Aşraf Qulov 2021-ci ildən bəri Tacikistanın Türkiyədəki səfiri olsa da, Rahmonovanın adı səfirliyin saytında yoxdur. AzadlıqRadiosu onun doğum tarixini də tapa bilməyib, ancaq onun, azı, bir böyük qızı var.

Pərdə arxasında isə Rahmonova siyasi əlaqələrin köməyi ilə cəmi altı ildə Tacikistanın əczaçılıq bazarında dominant gücə çevrilən şirkətə nəzarət edir.

Tacikistan prezidenti Emomali Rahmon (ortada) ailə üzvləri ilə birlikdə çəkilmiş fotoşəkildə. Onun beşinci qızı, "Sifat Pharma"nın sahibi Parvina Rahmonova sağdan ikincidir.
Tacikistan prezidenti Emomali Rahmon (ortada) ailə üzvləri ilə birlikdə çəkilmiş fotoşəkildə. Onun beşinci qızı, "Sifat Pharma"nın sahibi Parvina Rahmonova sağdan ikincidir.

"Sifat Pharma" şirkəti qurulduğu 2017-ci ildən bəri milyonlarla dollar həcmində hökumət tenderlərini qazanıb, eyni zamanda, Tacikistanın paytaxtı Düşənbədə 20-yə yaxın apteki olan əczaçılıq şəbəkəsi yaradıb. COVID-19 pandemiyası dövründə Tacikistan hökuməti ölkəyə ventilyator və dərman gətirəndə Rahmonovanın şirkəti bu işdə vasitəçi olub.

Rahmonovanın biznesi Tacikistanın hökumətin nəzarətində olan televiziyasında da gen-bol təriflənib. Şirkətin açılış mərasimini Səhiyyə Nazirliyinin özü reklam edib.

Dövlət rəsmiləri, media və qurumlar "Sifat Pharma"nın tək sahibi kimi Rahmonovanın rolunu açıq etiraf etməsə də, pərdə arxasındakı hekayət fərqlidir.

Tibb sahəsində çalışan bir sahibkar AzadlıqRadiosunun tacik xidmətinə deyib ki, "Sifat Pharma"nın direktoru Düşənbədə keçirilən biznes görüşlərində tez-tez bu şirkətin prezident qızına məxsus olduğunu vurğulayır.

Tacikistan Prezidenti Emomali Rahmon Tacikistan-Fransa Biznes Şurasının iclasında. Görüşün nəticəsi olaraq, Rahmonun qızının "Sifat Pharma" şirkəti fransız tərəfdaşı ilə müqavilə imzalayıb. Paris. 2019
Tacikistan Prezidenti Emomali Rahmon Tacikistan-Fransa Biznes Şurasının iclasında. Görüşün nəticəsi olaraq, Rahmonun qızının "Sifat Pharma" şirkəti fransız tərəfdaşı ilə müqavilə imzalayıb. Paris. 2019

İki sahibkarın dediyinə görə…

AzadlıqRadiosunun üzə çıxardığı faktlar arasında bunlar da var:

- "Sifat Pharma"nın baş direktoru Şerali Xolov Tacikistan Beynəlxalq Bankının səhmdarlarından biridir. AzadlıqRadiosu tacik xidmətinin daha öncə apardığı araşdırmalardan biri bankın Rahmonovanın qaynı ilə bağlı olduğunu üzə çıxarmışdı.

- Sektorda fəaliyyət göstərən iki sahibkarın dediyinə görə, "Sifat Pharma"nın köməkçi şirkətlərindən birinin bir rəhbər işçisi rəqiblərə tapşırır ki, o şirkətin qatıldığı hökumət tenderlərində iştirak etməsinlər.

- Rahmonun özü qızının şirkəti ilə bir fransız əczaçılıq şirkəti arasında tərəfdaşlığın qurulmasına yardım göstərib.

- "Sifat Pharma"nın Rahmonovanın qızına məxsus köməkçi şirkəti də hökumət kontraktları udub.

AzadlıqRadiosu şirkətin aldığı dövlət dəstəyi ilə bağlı açıqlama almaq üçün "Sifat Pharma", Qulov, Tacikistan Səhiyyə Nazirliyi və Prezident Administrasiyasına üz tutsa da, onlardan heç biri cavab verməyib.

2017-ci ildə qeydiyyatdan keçən "Sifat Pharma"nın tək sahibi kimi Emomali Rahmonun beşinci qızı Parvina Rahmonovanın adı qeyd edilib. Rahmonova bugünədək şirkətin tək sahibidir.

Ancaq açılış mərasimində çəkilən fotolarda Rahmonovanın özü gözə dəymir. Mərasimi təşkil edən Səhiyyə Nazirliyi də onun adını çəkmir.

Tacikistan parlamentinin yuxarı palatasının sədri və Düşənbə şəhərinin meri Rustam Emomali (solda) atası, prezident Emomali Rahmonun sevimli varisi kimi qəbul edilir.
Tacikistan parlamentinin yuxarı palatasının sədri və Düşənbə şəhərinin meri Rustam Emomali (solda) atası, prezident Emomali Rahmonun sevimli varisi kimi qəbul edilir.

Bilgilər rəsmi dövlət sənədlərindən götürülüb

Qurulduğu ildən 2023-cü ilin avqustunadək "Sifat Pharma"nın qazandığı hökumət kontraktlarının toplam həcmi 5.5 milyon dollar olub. Bu kontraktlar Səhiyyə Nazirliyi və bir sıra dövlət tibb müəssisələrinin dərmanla təchizatını nəzərdə tutur. AzadlıqRadiosu bu bilgiləri rəsmi dövlət təchizat sənədlərindən götürüb.

Rahmonovanın imperiyasının toplam dəyərini hesablamaq çətindir. Tacikistanda şirkətlərin hökumətə ödədiyi vergilərin həcmi, rəsmi şəxslərin gəlir və aktivləri haqda bəyannamələr dərc edilmir. Rahmonovanın həyat yoldaşı səfir olduğundan belə bəyannamə təqdim etməlidir. Ancaq bütün bunlar açıqlanmır.

2019-cu ildə Tacikistanın Dövlət Qulluğu Agentliyinin rəhbəri Cuma Davlatzoda deyib ki, tacik cəmiyyəti rəsmilər və onların yaxınlarının aktiv və gəlirləri haqda bəyannamələrin açıqlanmasına "hazır deyil".

O, həmin vaxt AzadlıqRadiosunun tacik xidmətinə belə demişdi: "Cəmiyyətin düşüncə və anlayış səviyyəsi Qərb cəmiyyətindəki kimi olanda biz mütləq bu problemi çözəcəyik".

XS
SM
MD
LG