Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:02

Tbilisidə onminlərlə insan “Avropa üçün Yürüş” keçirib


Tbilisidə yürüş
Tbilisidə yürüş

Bir çox nümayişçinin əlində sarı ulduzların əhatəsində “Biz Avropayıq” sözləri yazılmış plakatlar olub, Aİ himni “Ode to Joy” səslənib

İyunun 20-də Tbilisidə onminlərlə insan nümayişə çıxaraq Gürcüstanın Avropa İttifaqı (Aİ) üzvlüyünə dəstəyini göstərib. Bundan öncə Avropa Komissiyası Gürcüstan üçün namizədlik statusunu ertələməyi tövsiyə edib.

Gürcüstan, Ukrayna və Aİ bayraqları qaldırmış nümayişçilər parlamentin binası qarşısına yığışıb. “Avropa üçün Yürüş”ü ölkənin aparıcı demokratiya yönlü qrupları təşkil edib.

Bir çox nümayişçinin əlində sarı ulduzların əhatəsində “Biz Avropayıq” sözləri yazılmış plakatlar olub, Aİ himni “Ode to Joy” səslənib. Yürüşün sonunda iştirakçılar binanın üzərinə mesajlar yazıb, Gürcüstan və Aİ-nin bayraqlarını çəkiblər.

Yürüşü dəstəkləyən müxalifət partiyaları deyiblər ki, “Gürcüstan xalqının Avropa seçimi və Qərb dəyərlərinə sadiqliyini nümayiş etdirmək” istəyiblər.

Yeni hərəkat yaradılır

“Utanc” mülki hüquqlar hərəkatından Şota Diqmelaşvili manifest oxuyaraq yeni xalq hərəkatının əsasını qoyduqlarını, ona müxalifət partiyaları, vətəndaş cəmiyyəti təşkilatları, jurnalistlər və əmək birliklərinin daxil olacağını, hökumətə tələblər irəli sürəcəklərini bildirib.

“Tələblərimizə əməl olunmaması kütləvi itaətsizliyə aparacaq. Gürcüstanın bütün region və şəhərləri elə ayağa qalxacaq ki, qeyri-zorakı müqavimət ölkəmizin Avropaya yolunu bloklayanları dağıdacaq”, – manifestdə deyilir.

Manifestdə deyilir ki, ölkənin Avropa yolunda əsas əngəl milyarder, hakim Gürcü Arzusu partiyasının qurucusu Bidzina İvanişvilidir. O, vəzifədə olmasa da ölkədə əsas qərarverən olduğu güman edilir.

İvanişviliyə sanksiya tövsiyəsi

Avropa Parlamenti bu ayın əvvəlində hüquqi qüvvəsi olmayan qətnamədə Aİ-ni Gürcüstan siyasəti və iqtisadiyyatında “destruktiv rolu”na görə İvanişviliyə sanksiyalar açıqlamağa çağırıb.

Gürcü Arzusu iyunun 17-də bildirib ki, ölkəyə Ukrayna və Moldova ilə birlikdə Aİ-yə namizəd statusunun tövsiyə olunmamasından “təəssüflənir”.

Avropa Komissiyası 2022-ci ilin sonunda bu məsələyə qayıdacağını, “Gürcüstanın namizəd statusu almaqdan ötrü bir sıra şərtlərə necə əməl etməsini dəyərləndirəcəyini” qeyd edib.

Tbilisi üçün şərtlərə siyasi qütbləşməyə son qoyulması, media azadlığı, ədliyyə və seçki islahatlarında proqres, “oliqarxsızlaşma” daxildir.

“Tarixi qərar”

Ancaq Komissiya Tbilisiyə “Avropa perspektivi” verməyi tövsiyə edib. Baş nazir İrakli Qaribaşvili bunu “tarixi qərar” adlandırıb. O, “bütün tələblərin icrası və namizəd statusunun alınması” üçün Brüssellə işləməyi vəd edib.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra, Ukrayna, daha sonra Moldova və Gürcüstan Aİ üzvlüyü üçün rəsmi müraciət edib.

Aİ-nin 27 üzvü bu üç ölkənin müraciətinə bu həftənin sonuna planlaşdırılan sammitdə baxacaq.

Gürcüstanın Qərblə sıx münasibətləri daim Rusiyanı qıcıqlandırıb. 2008-ci ildə Gürcüstanı işğal edən Rusiya Cənubi Osetiya və Abxaziya separatçı regionlarının müstəqilliyini tanıyıb, bu ərazilərə qoşun yerləşdirib.

2020-ci ilin parlament seçkisindən sonra Gürcüstanda hakim partiya ilə müxalifət arasında gərginlik artıb. Ötən il keçmiş prezident, müxalifətdə olan Vahid Milli Hərəkatın təsisçisi Mixeiı Saakaşvilinin həbsi böhranı daha da dərinləşdirib.

XS
SM
MD
LG