Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:24

Tehranın çirkli havası. "Xalqın nəfəsini kəsirik"


Tehran
Tehran

Bu il Tehranda Milli Təmiz Hava günü heç də bayram havasına səbəb olmayıb, çünki çirkli və ölümcül dumana bürünmüş şəhərin sakinləri evdən bayıra çıxmamağa çalışırlar.

İran hər il yanvarın 19-nu havanın keyfiyyətinə həsr edir. Ancaq həmin gün ərəfəsində 9 milyona yaxın əhalisi olan Tehranda tələbələr universitet və məktəblərə buraxılmayıblar. Buna havanın çirklənmə səviyyəsinin həddindən artıq çoxalması səbəb olub. Yerli məmurlar son 10 ay ərzində havanın cəmi iki gün təmiz olması faktını qınayıblar.

Tənqidçilər rəsmi orqanların kəskin soyuqlar vaxtı istilik və enerjini təmin etmək üçün çirkli mazutdan istifadə etməsini hədəfə alırlar. Hökumətsə bu arada havanın çirklənməsi ilə mübarizə xərclərini yarıya qədər azaldacaq büdcə layihəsi təqdim etdi.


Ziddiyyətli yanaşmalar

Hökumətin belə bir reaksiyası İrada havanın çirklənməsi töhfə verən ziddiyyətli yanaşmaları və onilliklər boyu yanlış idarə olunan ekoloji siyasətləri əks etdirir. Problemin həlli məqsədi ilə 2017-ci ildə qəbul edilmiş sərt qaydalar da bir işə yaramayıb.

Hökumətin fəaliyyətsizliyi ilə bağlı mübahisələr artdığı bir vaxtda, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi havanın çirklənməsi indeksinin aşağı salınması ideyasını dəstəkləyib. Parlament fevralda yeni büdcəni qəbul edərək, Təmiz Hava Aktını həyata keçirmək üçün maliyyəni 8 milyon dollardan 4 milyon dollara endirib.

Tehran Prokurorluğu Təmiz Hava Aktının ciddi standartlarının tətbiqiylə bağlı çağırışlara cavab verərək, beş adı açıqlanmayan bürokrata qarşı cinayət işi qaldırıb. Müxtəlif nazirliklərdə çalışan rəhbər vəzifəli şəxslər Təmiz Hava Aktının standartlarına əməl etməməkdə və çirklənmənin qarşısını almamaqda ittiham olunurlar. Söhbət nəqliyyat vasitələrinin tullantıları və benzinin keyfiyyəti ilə bağlı müəyyən edilmiş standartlardan gedir.

"Xalqın nəfəsini kəsmək"

Tehran və İranın digər böyük şəhərləri hava çirklənməsinə görə dünyanın ən pis şəhərləri arasındadır. İranın ətraf mühit üzrə eksperti Şirin Hakim AzadlıqRadiosuna verdiyi yazılı şərhdə deyib ki, "Tehran dünyanın ən çirkli şəhərlərindən biridir və havanın çirklənməsi müəssisələrin bağlanmasına, iqtisadi məhsuldarlığa təsir edib. O cümlədən tənəffüs xəstəlikləri və xərçəngə səbəb olub".

İran mediası və rəsmiləri son illərdə Tehranda qeydə alınan ölümcül kükürd dioksidin səviyyəsinin durmadan artmasını pisləyiblər, Tehran Universitetinin havanın çirklənməsi üzrə tədqiqat mərkəzinin mütəxəssisləri isə hər il 40 min vaxtından əvvəl ölümün çirkləndirici duman və tozla əlaqələndirilə biləcəyini təxmin ediblər.

Millət vəkili Məhəmməd Rza Sabagian Təmiz Hava Günü ərəfəsində fikrini bir cümlə ilə ifadə edib: "Biz xalqın nəfəsini kəsirik".

Köhnəlmiş avtomobillər və aşağı keyfiyyətli yanacaq yandıran motosikletlər havanın çirklənməsinin əsas səbəbləri kimi qeyd edilir, amma bunlar yeganə səbəb deyil. Əkin sahələrinin səhralaşması, çayların quruması toz və qum fırtınalarına gətirib çıxarır ki, bu da havanın keyfiyyətini azaldır.

Kağız üzərində təmiz hava

2017-ci ildə prezident Həsən Ruhani dövründə tətbiq edilən Təmiz Hava Aktı İranın ekoloji problemlərinin həlli üçün yol xəritəsi olmalı idi. Akt yanacağın tərkibində kükürdün dərəcəsini xeyli aşağı salmaqla mazutdan istifadəni hədəfə almışdı. Həmçinin ölkənin köhnəlmiş nəqliyyat şəbəkəsinin əsaslı təmiri və Neft Nazirliyi qarşısında yüksək standartlı “Avro 4” markalı benzin, dizel yanacağı, kerosin və digər neft məhsulları istehsal etmək tələbi qoyulurdu. Qaydaları pozan sənaye və fiziki şəxslər üçün cəzalar, cərimələr təyin edilmişdi. Lakin bu ilin sərt qış aylarında təbii qaz çatışmazlığı yarananda, Təmiz Hava Aktı kənara atıldı. Təbii qaz çatışmazlığı nəticəsində bir çox ev və iş yeri işıqsız qaldı. İctimai qəzəblə üzləşən məmurlar istilik stansiyalarının və sənaye müəssisələrinin yanacaq üçün daha çox mazut yandırmasına icazə verdi. Bu addım İsfahan və digər böyük şəhərlərdə, eləcə də Tehranda havaya zərərli tüstü buraxdı.

Birləşmiş Millətlər Təşkilatının insan haqları və ətraf mühit üzrə xüsusi məruzəçisi Devid Boyd (David Boyd) İranı bu praktikanı dayandırmağa çağırıb və bunu insan haqları pozuntusu elan edib.

Mazutdan istifadə artır

Ölkədə dekabrda mazutdan istifadə sutkada 22 faiz artaraq 38,5 milyon litrə, yanvarda isə 42 milyon litrə çatıb. AzadlıqRadiosunun fars xidməti – Radio Fərda bunu Neft Nazirliyinin hesabatına istinadla yazır.

Hesabatdan o da aydın olur ki, tərkibində kükürdün miqdarı 3,5 faiz olan mazutun istehsalı Təmiz Hava Aktı ilə icazə verilən səviyyədən 7 dəfə yüksəkdir və ölkədə istehsal olunan benzinin yalnız üçdə biri tələb olunan Avro 4 standartına uyğun olub.

İran rəsmiləri etiraza cavab olaraq bildirib ki, bu problem gələcəkdə yüngülləşəcək. Çünki ölkənin xarici texnologiyalara çıxışını məhdudlaşdıran beynəlxalq sanksiyalarin indəyədək əngəllədiyi təbii qaz hasilatı artırılacaq, infrastruktur təkmilləşdiriləcək.

Rəisinin yerinə yetirilməyən vədləri

Rəisinin 2021-ci ildə prezident postu uğrunda seçki kampaniyalarında ekoloji təmizliklə bağlı verdiyi vədlər də yerinə yetirilməyib. İran uzanan iqtisadi böhrandan çıxmaq üçün getdikcə daha çox neft və qaz hasilatına üz tutdu. Mazut və digər çirkli yanacaqların hasilatı artdı. Bununla yanaşı, nüvə proqramı ilə bağlı tətbiq edilən beynəlxalq sanksiyalar aradan qalxana qədər bəzi avtomobil istehsalçıları hava filtrləri quraşdırmaqdan da azad oldu.

Rəisinin prezidentliyi su qıtlığından əziyyət çəkən bölgələrdə də etirazlarla yadda qalıb.

Hökumət həmçinin 2015-ci ildən bəri iqlim dəyişikliyi üzrə Paris sazişi ilə bağlı karbon qazının azaldılması planını da təqdim edə bilməyib.

Rəisi bəyan edib ki, hökumətin yeni büdcəsinin məqsədi iqtisadi artım, işsizliyin azaldılması və sürətlə artan inflyasiyanın aşağı salınmasıdır.

XS
SM
MD
LG