Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:18

'Tərtər işi' üzrə dörd nəfərə hökm oxundu


İllüstrativ foto
İllüstrativ foto

Tərtərdə yüzlərlə əsgər və zabitə işgəncə verməkdə ittiham olunan daha bir qrupun məhkəməsi iyunun 4-də yekunlaşıb.

Bir ildən çox sürən prosesdə 4 nəfərə -Tərtərdəki hərbi xüsusi təyinatlı qrupun komandiri olmuş leytenant Ruslan Mikayılovla üç gizirə – Sənan Maşıyevə, Cabir Qəhrəmanova və Elçin Əliyevə hökm oxunub.

Onlar 180 nəfərdən çox hərbçiyə işgəncə verməkdə, bir neçəsini döyə-döyə öldürməkdə təqsirli sayılıblar. Bu əməllərə görə R.Mikayılova 6 il 10 ay, C.Qəhrəmanova 6 il 8 ay, E.Əliyevə 5 il 8 ay, S.Maşıyevə isə 4 il 10 ay həbs cəzası kəsilib.

Onların heç biri özünü təqsirli saymır və ifadələrində verilən əmri icra etdiklərini, “qurbana” çevrildiklərini deyirlər. Hamısı əmr verən yüksək vəzifəli şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb olunmamasından narazı qalıb.

Digər üç təqsirləndirilən ötən məhkəmə iclasında danışdığından, hökm açıqlanmazdan öncə R.Mikayılov son sözünü söyləyib.

O özünü qətiyyən təqsirli saymadığını, hərbçi kimi, verilən əmri yerinə yetirdiyini deyib. Onun sözlərinə görə, əmr qanunsuzdursa, buna görə əmri verənlər məsuliyyət daşımalıdır.

“Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada hansı nazirin, hansı generalın əli olub”

Hələ bir il öncə məhkəmə prosesi başlarkən, R.Mikayılov tələb edirdi ki, jurnalistlərin çəkiliş aparmasına icazə verilsin, ictimaiyyət də Tərtər olaylarında hansı vəzifəli şəxslərin əli olduğunu bilsin:

“Zərərçəkmişləri o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada hansı nazirin, hansı generalın əli olub, bizə göstərişləri kim verib. Yoxsa bizim haqqımızda mənfi fikir formalaşdırılır...”.

Bu işə baxan Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev jurnalistlərin çəkiliş aparmasına icazə verməyib.

Adları çəkilən təqsirləndirilən şəxslərin işgəncə ilə öldürdüyü iddia olunan hərbçilərdən biri - Elçin Quliyevin anası Validə Əhmədova hökmü ədalətsiz sayır:

“Əgər bu işin təşkilatçıları – Hikmət Həsənov, Xanlar Vəliyev, Şəfahət İmranov və digərləri tutulsaydı, o zaman bunlara verilən cəza ilə razılaşmaq olardı. Amma göstərişi verənlər azadlıqdadır, axı... Məhkəmənin onları çağırmağa, hətta şahid kimi dindirməyə də cəsarəti çatmadı. Tərtərdə elə müsibətlər yaşanıb ki, bu cinayətin iştirakçısı olanlara ömürlük cəza verilməlidir”.

Məhkəmənin gedişində zərərçəkənlərlə yanaşı, təqsirləndirilən şəxslər və onların vəkilləri də bir sıra yüksək vəzifəli şəxslərin çağırılıb şahid qismində dindirilməsindən ötrü dəfələrlə vəsatət qaldırmışdılar.

Onların arasında həmin dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıxovun, korpus komandiri Hikmət Həsənovun, Hərbi prokuror Xanlar Vəliyevin, onun müavini Şəfahət İmranovun, Hərbi Prokurorluğun müstəntiqlərinin və başqa şəxslərin adları olsa da, məhkəmə bunların heç birini çağırmadı.

İyunun 4-də haqqında hökm çıxarılan 4 nəfərin dördü də daha öncə bir dəfə elə Tərtərdəki işgəncələrə görə mühakimə edilib. 2019-cu ildə onların haqqında hökm də çıxarılsa da, 2020-ci ildə azadlığa buraxılaraq, 44 günlük müharibəyə qatılıblar. Bu üzdən, sonradan prezidentin sərəncamıyla medallarla da təltif olunublar.

Şərti olaraq, “Tərtər işi” adlandırılan cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən bir müddət sonra bu şəxslər yenidən həbs ediliblər.

'Məni niyə bu günə saldılar?' - İşgəncədən əl-ayağı əsən hərbçi
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Xatırlatma

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrupda 13 nəfərin işi məhkəməyə göndərilib.

Dörd nəfərlik bir qrupun məhkəməsi ötən il noyabrın 29-da yekunlaşıb. Hökmə əsasən, Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev və müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçu Ramil Qarayevin hər birinə 5 il 6 ay həbs cəzası kəsilib. Onlar işgəncə verməkdə, vəzifə səlahiyyətlərini aşmaqda, hərbçilərin qanunsuz həbsində təqsirli sayılıblar.

Daha bir MAXE - Rüstəm Ələsgərovun cəzası daha ağır olub – 9 il 6 ay. R.Ələsgərova işgəncə nəticəsində həyatını itirən şəxslərin ölümüylə də bağlı ittiham verilib.

Heç biri özünü təqsirli bilmədiyindən, hökmdən apellyasiya şikayəti veriblər. Hazırda onların şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Beş nəfərlik daha bir qrupun mühakiməsi hələ bitməyib. Onların mühakiməsi Bakı Hərbi Məhkəməsinə həvalə olunsa da, prosesin özü Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

XS
SM
MD
LG