Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:11

Tofiq Zülfüqarov: “Kameralar bunu saxlaya bilməyəcəklər”


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

►“Ermənilər artıq başa düşüblər ki, işğal edilmiş torpaqlar azad edilmədən məsələnin həlli mümkün deyil”.

“Bu iki tezisin konfiqurasiyası ondan ibarət olmalıdır ki, atəşkəs indiki təmas xəttində gücləndirilə bilməz.

Yeni xətdə, yəni ermənilərin geri çəkilməsindən sonra yaranacaq yeni xətdə atəşkəsin güclənməsi mümkündür”.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşdülər. Prezidentlərin iyunda yenidən bir araya gələcəyi bəlli oldu. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosuna müsahibəsində Vyana görüşü ilə bağlı sualları cavablandırıb.

– Tofiq bəy, prezidentlər iyunda yenidən görüşəcəklər. “İkinci görüşün vaxtının təyin edilməsi danışıqlarda yeni bir mərhələnin başlanmasından, irəliləyişdən, yeni təkliflərdən xəbər verir” deyə bilərikmi?

– Ondan başlayaq ki, Azərbaycan bu görüşlə bağlı elə geniş açıqlama vermədi. Amma erməni tərəf müxtəlif səviyyələrdə bir neçə açıqlama ilə çıxış etdi. Mən belə başa düşdüm ki, həmsədr ölkələr bu görüşdə yüksək səviyyədə təmsil olunub. Təklifləri təzələyiblər və təkidlə veriblər. İndi tərəflər, ələlxüsus da erməni tərəf iyunda keçiriləcək görüşə hazırlaşmaq üçün vaxt istədi. Hər halda, mən belə başa düşürəm. Çünki onların bəyan etdiyi texniki vasitələr, atəşkəsin gücləndirilməsi və s. köhnə söhbətlərdir. Azərbaycan da bununla bağlı mövqeyini bildirib, yəni bəyan edib ki, ərazilər işğaldan azad edilərsə, texniki vasitələrdən, digər mexanizmlərdən istifadə oluna bilər.

– Sizcə, ortada yeni təkliflər var? Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bildirib ki, Vyana danışıqları “mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır”.

– Ortada yeni təklif olacağına inanmıram. Təklifin, yəni köhnə təkliflərin konfiqurasiyası dəyişə bilər. Azərbaycan işğal altındakı torpaqların, ən azı, bir qisminin ilkin mərhələdə azad edilməsini istəyir. Ermənilər isə təzə şərt irəli sürürlər ki, təhlükəsizlik təmin olunmalıdır və atəşkəs rejimi gücləndirilməlidir. Bu iki tezisin konfiqurasiyası ondan ibarət olmalıdır ki, atəşkəs indiki təmas xəttində gücləndirilə bilməz. Yeni xətdə, yəni ermənilərin geri çəkilməsindən sonra yaranacaq yeni xətdə atəşkəsin güclənməsi mümkündür.

– Ermənistan prezidenti mətbuata deyib ki, o, danışıqlara qarşı tərəfin münaqişəni hərb və ya sülh yolu ilə həll edəcəyini öyrənməyə gedibmiş. Belə çıxır ki, bu, həm də kəşfiyyat xarakterli görüş idi?

– Aprel döyüşlərindən sonra Ermənistan tərəf öz mövqeyini konkretləşdirir və formalaşdırır. Onların illərlə davam edən təbliğatı artıq dəyişməlidir. İyun danışıqlarına kimi erməni təbliğatında dəyişikliyin baş verəcəyini istisna etmirəm. Ermənilər artıq başa düşüblər ki, işğal edilmiş torpaqlar azad edilmədən məsələnin həlli mümkün deyil. Bunu başa düşürlərsə irəliləyiş olacaq.

____________________________________________________________

Bunlara da bax:
«Əmanətçinin hər qəpiyi yubadılmadan qaytarılmalıdır»
Pürrəngi çayın yeni adı: Korrupsiya bulantısı

____________________________________________________________

– Müşahidələriniz belə deməyə əsas verir?

– Həmsədrlər bu görüşdə yüksək səviyyədə təmsil olunublar, xarici işlər nazirləri səviyyəsində təkliflər veriblər. Onların bəyanatında eşitmədik ki, təkliflər təzədir, ya yox. Məntiq göstərir ki, artıq ermənilər durumu başa düşməlidir ki, köhnə oyunların davam etməsini nə həmsədrlər istəyir, nə də Azərbaycan buna imkan verəcək. Bu dilemmadır. İndi gedib fikirləşsinlər.

Sarkisyan və Əliyev
Sarkisyan və Əliyev

– Təmas xəttində beynəlxalq nəzarətin gücləndirilməsi məsələsi də gündəmə gəlib, yəni kameraların quraşdırılması, monitorinqlərin aparılması. Bəzi təhlilçilərə görə, belə bir nəzarətin yaradılması Azərbaycanın apreldə qazandığı üstünlükləri minimuma endirəcək.

– Söhbət ondan gedir ki, bu nəzarət harda qurulacaq? Yeni mövqelərdə, ya işğaldan azad olunan ərazilərdə? İşğaldan azad ediləcək ərazilərdə qurulacaqsa, mən, əlbəttə, bunun tərəfdarıyam. İndiki təmas xəttində isə bunun səmərə verəcəyinə inanmıram. Əvvəla inanmıram ki, bu sistem qurulacaq. İkincisi də sistem qurulsa da, nəticə verəcəyinə inanmıram. Bunlar hamısı ermənilərin fantaziyasıdır, istəklərdir. Başa düşməlidirlər ki, konfliktlə bağlı amillər dəyişib. Onların “hərbi üstünlüyü” artıq yoxdur. Azərbaycanınsa hərbi və texnoloji üstünlüyü var. Bu baxımdan vəziyyət dəyişib. Azərbaycan haqlı tələblərini təkidlə irəli sürür. Ermənilər bunu başa düşməsə, gec, ya tez hərbi əməliyyatlar bərpa ediləcək. Kameralar bunu saxlaya bilməyəcəklər.

– Görünən odur ki, Rusiya münaqişənin həllində daha çox fəallıq edir, Qərbsə prosesi izləməkdədir. Müşahidəçilər bunu münaqişə edən hər iki ölkənin Rusiyaya meyllənməsi ilə izah edilər. Siz Rusiyanın fəallığınınecə dəyərləndiririsiz?

– Prosesin irəli getməsində əsas problemlər Ermənistandan qaynaqlanır. Hamı başa düşür ki, Ermənistana Rusiyanın təsiri həddindən artıq çoxdur. Məhz ona görə Rusiya fəal görünür. Bir də Moskvanın Azərbaycanla da əlaqələri yaxşıdır, bu baxımdan qeyri-adi, təhlükəli bir şey görmürəm. Gördüyünüz kimi, həm ABŞ dövlət katibi, həm Fransa xarici işlər naziri, həm də Avropanın xarici məsələlər üzrə nümayəndəsi və başqaları, yəni əsas oyunçular Vyanada yığışıblar. Hesab edirəm ki, burda Rusiyanın hansısa mərhələdə fəallığı təbiidir.

Buna da bax: Cəbrayıl - Erməni tərəfinin yaydığı görüntülər

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

XS
SM
MD
LG