Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

Tokayev polisə xəbərdarlıqsız atəş açmaq əmri verdiyini deyir


Kasım Jomart Tokayev
Kasım Jomart Tokayev

Daxili İşlər Nazirliyi bəyanatında 26 “silahlı cinayətkar”ın “məhv edildiyini”, 3 mindən çox insanın saxlandığını bildirib

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev hüquq-mühafizə əməkdaşlarına “atəş açıb öldürmək” əmri verdiyini deyir.

Dövlət televiziyasında canlı yayımda çıxış edən Tokayev deyib ki, iğtişaşları dayandırmaqdan ötrü təhlükəsizlik əməkdaşlarına xəbərdarlıqsız atəş açmaq, təslim olmayanı isə “məhv etmək” əmri verib.

“Təhlükəsizlik əməkdaşları və silahlı qüvvələrə xəbərdarlıqsız atəş açıb öldürmək əmri vermişəm”, – o deyib.

O çıxışında hökumətin “cinayətkarlar və qatillər” ilə danışıq aparmayacağını söyləyib.

***

Almatıda meriyanın binasının hələ də alovlandığı bildirilir. AzadlıqRadiosu-nun Qazaxıstan xidmətinin müxbirləri şəhərdə hüquq-mühafizə əməkdaşlarının olduğunu bildirir.

Bəzi jurnalistlər internet xidmətinin qismən bərpa olunduğunu, amma kommunikasiyada hələ də bağlantı problemlərinin qaldığını xəbər verirlər.

Regional kg.24 vebsaytı isə ölkənin 81 yaşlı keçmiş prezidenti Nursultan Nazarbayevin ailəsinə məxsus iki təyyarənin ötən gecə qonşu Qırğızıstanın Manas aeroportuna endiyini, azı birinin gecəyarısı Manasdan çıxdığını xəbər verir.

AzadlıqRadiosu xəbəri təsdiqlədə bilməyib, təyyarədə kimin olduğu da bəlli deyil.

***

Tokayev ölkədə asayişin ‘əsasən’ bərpa olunduğunu deyir

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədə bir neçə günlük zorakı iğtişaşlardan sonra konstitusion asayişin əsasən bərpa olunduğunu deyir.

“Ölkənin bütün regionlarında konstitusion nizam əsasən bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır”, – Tokayev yanvarın 7-də təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasda deyib.

26 “silahlı” öldürülüb

“Ancaq terrorçular silahlardan istifadə edir, vətəndaşların əmlakına ziyan vurur. Bu səbəbdən silahlılar tamamilə məhv edilənədək əksterror əməliyyatları davam etdirilməlidir”, – o, sözlərinə əlavə edib.

Daxili İşlər Nazirliyi isə bəyanatında 26 “silahlı cinayətkar”ın “məhv edildiyini”, 3 mindən çox insanın saxlandığını bildirib. Etirazlar başlanandan 18 polis və milli qvardiya əsgəri öldürülüb, açıqlamada vurğulanıb.

Səhiyyə Nazirliyi yanvarın 6-da bildirib ki, etiraz günlərində mindən çox insan xəsarət alıb, 400 nəfər xəstəxanaya yerləşdirilib. 62 nəfər reanimasiya şöbələrindədir.

Son bir neçə gün ərzində nümayişçilər hökumət binalarına basqın edərək onları yandırıb, şirkətləri talan edib. Ən böyük şəhər olan Almatıda intensiv zorakılıqlar baş verib.

Rusiya əlavə qüvvə göndərəcək

Tokayev yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsinə (KTMT) müraciət edərək, vəziyyəti “sabitləşdirmək” üçün kömək istəyib. Yanvarın 6-da Rusiya desant qoşunları Qazaxıstana gəlib, ondan sonra KTMT üzvü Belarus da qüvvə göndərib. Bu gün – yanvarın 7-də Rusiyadan əlavə qüvvələrin, o cümlədən Ermənistan və Tacikistandan əsgər göndəriləcəyi gözlənir. Qırğızıstan parlamenti təsdiqləyərsə, bu ölkə də hərbçi yollaya bilər.

Hökumət interneti bloklayıb, mobil telefon əlaqəsini, medianın işini məhdudlaşdırıb. Ölkədən gələn görüntülərdə küçələrdə yandırılmış avtomobillər, dağıdılmış binalar görünür.

Nümayişçilər qısa müddət ərzində Almatıda aeroportu ələ keçirmişdi. Tokayev baş verənlərə görə xaricdə təlim keçmiş “terrorçular”ı suçlayıb. Moskva da etirazların xaricdən ilham aldığını deyərək KTMT-nin hərəkətlərini “antiterror əməliyyatı” kimi qələmə verib. Amma etirazların xaricdən dəstəklənməsinə dəlil göstərilmir.

Zas missiyanın qısa çəkəcəyini deyir

KTMT-nin Baş katibi Stanislav Zas RIA xəbər agentliyinə deyib ki, sülhməramlı qüvvələrin ümumu sayı 2500-ə yaxın olacaq, gərəkərsə artırılacaq. O, qısa missiyanın “bir neçə gün, yaxud bir neçə həftə” çəkəcəyini sözlərinə əlavə edib.

Zas KTMT kontingentinin məqsədinin “vacib dövlət və strateji obyektləri” qorumaq olduğunu, hüquq və asayişi təmin edəcəyini bildirib. O, kontingentin nümayişçilərin dağıdılmasında iştirak etməyəcəyini söyləyib.

Qazaxıstanda görünməmiş etirazlar yanvarın 2-də qərbi Mangistau regionunda maye qazın iki dəfə bahalanmasına qarşı başlanıb. Sonrada sürətlə digər şəhərlərə yayılıb.

XS
SM
MD
LG