Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:26

Baş redaktor: 'Dedilər ki, qəzetə talış əsilli deputatlar kömək etsinlər'


"Tolışon Sədo" 1 min tirajla çıxır.
"Tolışon Sədo" 1 min tirajla çıxır.

Bu gün Azərbaycanda tək Azərbaycan dilində yox, başqa xalqların dilində də qəzetlər çıxır. 2011-ci il iyunun 26-dan çap olunan, 146 sayı işıq üzü görən "Tolışon Sədo" (Talışların Səsi) qəzetinin baş redaktoru Rafiq Cəlilov AzadlıqRadiosunun əməkdaşı ilə söhbətdə daha çox qarşılaşdığı problemlərdən söz açır.

O, qəzeti öz, bir də kiçik ianələr hesabına çıxara bildiyini söyləyir. Baş redaktor hesab edir ki, dövlət, digər mətbu orqanlara olduğu kimi, onun rəhbərlik etdiyi qəzetə də yardım göstərməlidir: ""Tolişon Sado" qəzeti də Azərbaycan mətbuatının tərkib hissəsidir. Talış dilində qəzet buraxmaq rahat deyil. Qəzetin çapında hansı çətinliklərin olduğunu qəzetçilər bilirlər. Düzdür, kiçik ianələr olur, amma əsas işi mən görürəm, xərcləri mən ödəyirəm. Mətbuata dövlət dəstəyi çərçivəsində qəzetlərə edilən yardımların şərtlərini bilirəm. Orda nəşrin dövriliyi tələb olunur".

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək göstərmək üçün bir sıra şərtlər irəli sürüb: mətbu orqan müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1 min 500 nüsxədən və yayımı 1 min nüsxədən az olmamalıdır; redaksiyanın yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır və s. Bu şərtlər dövlət dəstəyi almaq istəyən bütün qəzetlərə aiddir.

"Mədəni şəkildə dilənirik"

R.Cəlilovsa deyir ki, azsaylı xalqların dilində çıxan nəşrlərlə bağlı istisnalar olmalıdır, onlar dövriliyi təmin edə bilmirlər: "Bu qəzet azsaylı xalqın dilində çıxır. Qəzeti hazırlamaq, çap etmək, yaymaq, satmaq - bunlar hamısı problemdir. Qəzet 1 min tirajla çıxır. Onu çap etmək üçün mədəni şəkildə dilənirik. Hər nömrə 300 manata yaxın xərc istəyir. Bütün işləri özüm görürəm".

Rafiq Cəlilov
Rafiq Cəlilov

R.Cəlilov yardımla bağlı bir neçə dəfə dövlət başçısına müraciət etdiyini dilə gətirir: "Prezident Administrasiyasından şifahi şəkildə dedilər ki, qəzetə talış əsilli deputatlar kömək etsinlər. Amma rəsmi, yazılı cavab almamışıq. Başa düşdük ki, bu müraciətlərin səmərəsi yoxdur".

Baş redaktor "Tolişon Sado"nu Bakıda, Sumqayıtda, talışların kompakt yaşadıqları rayonlarda yaydıqlarını söyləyir. O, qəzetin çapına və yayımına rəsmi səviyyədə maneə olmadığını, amma bəzən yerlərdə əngəllərlə üzləşdiklərini söyləyir: "Bir dəfə qəzeti Lənkəranda tutub müsadirə etdilər. Əvvəllər bağladığımız müqaviləyə əsasən, qəzet köşklərdə satılırdı. Masallıda köşkdən qəzeti yığışdırmışdılar. Bir müddət saxladıqdan sonra qaytardılar. Bir dəfə də qəzeti Lerikdə poçtda saxlamışdılar, köşkə verməmişdilər. İndi qəzeti özümüz yayırıq və satırıq. Yeri gələndə pulsuz da veririk. Çox acınacaqlı vəziyyətdəyik. Talış dilində üç qəzet çıxır, onların ikisi aktivdir. Digər azsaylı xalqların qəzetləri də bizimkinin günündədir, diqqətdən kənarda qalmışıq".

"İnformasiyaya üstünlük veririk"

R.Cəlilov qəzetin daha oxunaqlı olması üçün yollar axtardığını deyir: "Əsasən informasiyaya üstünlük veririk. Təhlili yazılar da olur. Qəzetdə bədii yazılar, şeirlər, talış xalqının tarixindən də yazılar gedir. Qəzetimiz Azərbaycanda yaşayan bütün vətəndaşların üzünə açıqdır. Kim istəsə, orda çıxış edə bilər. Həsən bəy Zərdabi yaxşı deyib: "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni, o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün". Bizim də məqsədimiz budur".

Baş redaktor çətinliklərə baxmayaraq, qəzeti buraxmaqda davam edəcəyini söyləyir.

MEDİA-dan deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Milli Məclisin deputatı Aqil Abbas "Turan"a bildirib ki, digər media qurumları kimi, azsaylı xalqların da ana dillərində qəzetlərinin olmasına dövlət dəstəyi göstərilməlidir. "Onlara yardım olunmalıdır ki, saytları, qəzetləri normal fəaliyyət göstərə bilsin",- deputat deyib.

XS
SM
MD
LG