Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:55

Türkiyə Rusiyadan S-400-lərin ikinci partiyasını alacaq


Recep Tayyip Ərdoğan
Recep Tayyip Ərdoğan

Vaşinqton S-400-lərin F-35 qırıcılarına və NATO-nun müdafiə sistemlərinə təhdid yaratdığını bildirir

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan ölkəsinin Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci partiyasını alacağını deyir. “Reuters” bu addımın Türkiyənin NATO müttəfiqi Vaşinqtonla gərginliyi artıracağını, ABŞ-dan yeni sanksiyalara səbəb ola biləcəyini yazır.

Vaşinqton S-400-lərin F-35 qırıcılarına və NATO-nun müdafiə sistemlərinə təhdid yaratdığını bildirir. Türkiyə isə heç bir NATO müttəfiqindən qənaətbəxş şərtlərlə havadan müdafiə sistemi ala bilmədiyini deyir.

“Heç kəs buna qarışa bilməz”

“Gələcəkdə heç bir ölkə bizim hansı şərtlərlə, hansı ölkədən və hansı səviyyədə müdafiə sistemləri almağımıza qarışa bilməz”, – Ərdoğan bazar günü “CBS News” televiziyasına müsahibəsində deyib.

“Heç kəs buna qarışa bilməz. Biz belə qərarları yalnız özümüz veririk”, – o söyləyib.

Türkiyə S-400-lərin birinci partiyasını alandan sonra Birləşmiş Ştatlar ölkənin Müdafiə Sənayesi Direktorluğuna, onun başçısı İsmayıl Dəmirə sanksiyalar açıqladı.

İkinci partiyanın çatdırılması üzrə Rusiya və Türkiyə arasında danışıqlar davam edir. Vaşinqton isə bu halda yeni sanksiyaların olacağını dəfələrlə bildirib.

“Türkiyəni hər bir səviyyədə və fürsətdə S-400 almamağa, Rusiyadan əlavə hərbi avadanlıq almaqdan çəkinməyə çağırırıq”, – Dövlət Departamentinin sözçüsü Ərdoğanın açıqlamasını belə şərh edir.

Sözçü Birləşmiş Ştatların Türkiyəni müttəfiq və dost saydığını, “hətta razılaşmadığımız məqamda belə” tərəfdaşlığı güücləndirməyə çalışdığını vurğulayıb.

Bayden insan haqları məsələsini “qaldırmayıb”

Ərdoğan onu da deyib ki, ABŞ Prezidenti Co Bayden beynəlxalq hüquq-müdafiə təşkilatlarının narahatlığına rəğmən, heç vaxt Türkiyədə insan haqları məsələsini qaldırmayıb. “Reuters” bu haqda sentyabrın əvvəlində yazmışdı.

İyunda Brüsseldə NATO sammiti çərçivəsində görüş zamanı Baydenin bu məsələni qaldırması haqda suala Ərdoğan “Xeyr, qaldırmayıb” cavabını verib. “Çünki bizim azadlıqlar məsələsində heç bir problemimiz yoxdur. Türkiyə müqayisə olunacaq dərəcədə azaddır”, – o, sözlərinə əlavə edib.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Türkiyəni dünyada ən çox jurnalistin həbsdə olduğu ölkə sayır. “Human Rights Watch” isə bildirir ki, beynəlxalq insan haqları öhdəliklərinə zidd qanunvericilik vasitəsilə Ərdoğan avtoritar idarəçiliyini möhkəmləndirib.

Suriya

Ərdoğan sentyabrın 29-da Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onların Suriyanın şimal-qərbində zorakılıqları müzakirə edəcəyi gözlənir.

“Reuters” Rusiyanın bazar günü bölgəyə hava zərbələrini gücləndirdiyini, Türkiyənin isə üsyançıların əlində olan anklava əlavə qüvvələr göndərdiyini xəbər verir.

Yerli sakinlərin, eləcə də müxalifət və hərbi mənbələrin agentliyə bildirməsinə görə, Rusiya sentyabrın 26-da Afrin şəhəri ətrafındakı kəndləri bombalayıb. Türkiyənin dəstəklədiyi üsyançıların nəzarətində olan şəhər və kəndlərə raket zərbələri intrensivləşib.

Türkiyənin dəstəklədiyi fraksiyadan azı 5 döyüşçünü öldürüldüyü, azı 12 dinc sakinin isə yaralandığı xəbər verilir.

Ötən il Rusiya ilə Türkiyənin əldə etdiyi razılaşmadan sonra İdlibdə Suriya ordusunun Rusiyanın başçılıq etdiyi hücumu dayandırılıb. Bu hücum nəticəsində bir milyona yaxın insan evindən didərgin düşüb. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu sazişin icrasında ləngimə olduğunu deyir.

XS
SM
MD
LG