Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Türkmənistanın ən yaxşı dənizkənarı kurortu 'dənizsiz' qalıb


Avaza
Avaza

Türkmənistan rəhbərlərinin və dövlət qulluqçularının istirahəti üçün nəzərdə tutulmuş "Avaza" dənizkənarı kurortunun tikilməsinə 2007-2017-ci illərdə böyük vəsait xərclənib. Di gəl, Xəzər dənizində su səviyyəsinin kəskin azalması kurortu "dənizsiz" qoyub. AzadlıqRadiosunun əməkdaşları Gözəl Xudayberdiyeva, Səhra Gülam və Rey Farlonq bu barədə yazırlar.

Uzun aradan sonra iyun ayında ilk dəfə ailə tətilini burada keçirən Mergen (ad şərtidir), həyat yoldaşı və iki övladı sevinmirlər.

"Üç il əvvəl su mənim boynuma qədər idi, amma indi üzdüyümüz dənizin həmin hissəsi qum və daşdır. Dəniz sahildən 25-30 metr uzaqdadır", - Mergen belə deyir.

"Avaza"nın ərazisində çoxlu otel, su parkı və digər əyləncə obyektləri var. Bura Türkmənistanın tək dənizkənarı çimərlik kurortudur. Avqustda prezident Sərdar Berdiməhəmmədov və digər yüksəkvəzifəli şəxslər buraya istirahətə gəlirlər. Dövlət müəssisələri də öz işçilərini məzuniyyətə "Avaza"ya göndərir.

Dəniz sahildən 25-30 metr uzaqdadır.
Dəniz sahildən 25-30 metr uzaqdadır.

Xəzər dənizi uzun illərdir quruyub-daralır

İddialara görə, suyun geri çəkilməsi Rusiyada hidrotexniki layihələr üzündən Ural və Volqa çaylarında su axınının səngiməsindən və qar həcminin azalmasından qaynaqlanır.

Türkmənistan dənizin bu problemini tanımayan tək ölkə olsa da, bu, "Avaza"ya gələn hər bir ziyarətçiyə aydındır. Onlar dənizə yaxınlaşa bilmirlər. Mergenin ailəsi istirahətini sahilboyu gəzintilərlə bitirib, axı dayaz suda üzmək olmur.

Bu ilin iyulunda "Avaza"ya gələn AzadlıqRadiosu türkmən xidmətinin müxbiri bildirib ki, otellər sahildən uzaq yerlərdə süni çimərliklər inşa etməyə çalışır.

Türkmənistan "Avaza"ya nə qədər pul xərcləndiyini açıqlamayıb. Hökumətyönlü qaynaq AzadlıqRadiosuna bildirib ki, lüks dərəcəli bəzi otellərin qiyməti 40-50 milyon dollar arasında dəyişir.

Dəniz səviyyəsinin enməsi buradan 15 kilometr uzaqlıqda yerləşən Türkmənbaşı limanına da təsir göstərib. 2018-ci ildə təntənəli açılışı olan Türkmənbaşı ölkənin ən yeni limanıdır.

Dəniz səviyyəsinin enməsi Türkmənbaşı limanına da təsir göstərib.
Dəniz səviyyəsinin enməsi Türkmənbaşı limanına da təsir göstərib.

"Limana yaxın dəniz sahili hidravlik nasoslarla dərinləşdirilir", - adının gizli saxlanılmasını istəyən mütəxəssis AzadlıqRadiosuna belə deyib. "Rusiyadan alınan avadanlıqla təkcə limanda deyil, dənizə çıxmaqla Azərbaycana gedən səmtdə də dənizdən qum çıxarılır", – bunu da o söyləyib.

2018-ci ildə rəsmilər bildirmişdilər ki, Türkmənbaşı limanı ildə 17 milyon ton yük və 300 min sərnişin daşınması üçün nəzərdə tutulub. O vaxtdan bugünədək yük və sərnişindaşıma həcmiylə bağlı faktik rəqəmlər açıqlanmayıb. Təcrid siyasəti aparan Türkmənistan üçün həmin liman önəmli xarici ticarət kanalına çevriləcəkdi.

Amma indi gəmilər iki kilometr uzaqdakı köhnə limana göndərilir. Yeni limandan oraya iki kran aparılıb və indiyədək köhnə liman kiçik sərnişin gəmiləri üçün istifadə olunur.

"Problem çözülməsə, nəvələrimiz Xəzəri görə biləcək? Dənizdən yüzlərlə, hətta minlərlə metr uzaqlaşacaq "Avaza"da dincəlmək mümkün olacaq?", – istirahətdən qayıdarkən Mergen və həyat yoldaşını bu suallar düşündürüb.

XS
SM
MD
LG