Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Ucarda 2008-də ərizə verəni necə 2015-də ev növbəsinə yazıblar?


Arxiv fotosu
Arxiv fotosu

“Oğlum gənc yaşlarında Qarabağda şəhid olub. 2008-ci ildə şəhid ailəsi kimi ev növbəsinə dayanmaq üçün rəsmi müraciət etmişəm. İcra hakimiyyətindən ev növbəsinə götürüldüyümü bildiriblər. Ancaq bu yaxınlarda mənə deyilib ki, ev növbəsinə 2008-ci ildə yox, 2015-ci ildə götürülmüşəm. Bu, oğlumun ruhuna, mənim yaşıma, başıma təhqirdir. Bu, şəhid ailəsini ələ salmaqdır. Bu, hislərimizlə oynamaqdır”.

“OĞLUMUN RUHUNU TƏHQİR EDİBLƏR”

Bunu Ucarın Dədə Qorqud yaşayış məhəlləsinin sakini Şahnaz Ələkbərova AzadlıqRadiosu-na yazır:

Buna da bax:​ 'Ev növbəsi pulla satılır'

"O vaxt ərizəmi götürəndə məni qucaqlayıb öpdülər, "can ana, oğlun bizə görə gənc həyatını qurban verib" dedilər. İndi yadıma düşəndə tüklərim biz-biz olur. Sən demə, yanımda saxta göz yaşları töküb mən gedəndən sonra ərizəmi cırıb zibil qutusuna atıblar. Bunu onlara bağışlaya bilmirəm. Elə bilirəm oğlumun ruhunu ayaq altına atıb təhqir ediblər".

Şahnaz Ələkbərovanın bir oğlu və bir qardaşı Qarabağda həlak olub, ikinci oğlu 1-ci qrup müharibə əlilidir. Digər iki oğlu da müharibə iştirakçısıdır.

Buna da bax: '60 mənzil 90 nəfərə satılıb, indi də qaçıb gizləniblər'

7 İL SONRA EV NÖVBƏSİNƏ QEYDƏ ALINIB

2008-ci ildə müharibədə həlak olanların ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsinə dayanıb. Həmin vaxt növbədə 54-cü sırada olub. Uzun müddət ərizələrlə müraciətlər etdikdən sonra Ucar Rayon İcra Hakimiyyətindən cavab verilib ki, o, 2008-ci ildə yox, 2015-ci ildə ev növbəsinə qeydə alınıb. Bu xəbər anaya, özü demiş, tərs sillə kimi dəyib:

"Biz ailəlikcə həyatımızı müharibəyə qurban vermişik, qardaşım, oğlanlarım... Özüm də qəhrəman anayam – 14 övladım var. Alpı kəndindəki evimiz iki kiçik otaqdan ibarətdir və yalnız bir ailəyə görədir. Digər övladlarımsa kirayələrdə ağır sosial şərtlər altında yaşayırlar. Özüm də bir yaxın qohumun evində qalıram. Müharibə bir övladımı və qardaşımı əlimdən alıb, digər övladlarımsa yarımcan qayıdıb. Bir dözülməz zərbə də icra hakimiyyətindən gəldi. Halbuki, özüm maraqlanmışam, araşdırmışam, şəhid ailəsi və Qarabağ müharibəsi əlili olmayan çoxlu sayda ailələrə həmin binalardan mənzillər satılıb. Keçmiş icra başçısı, nəqliyyat nazirinin qardaşı Elton Məmmədovun vaxtında evlərin orderləri paylanırdı. Yaxınlaşıb maraqlandım ki, ‘bəs bizim evin açarı nə vaxta qaldı?’ Üstümə acıqlandı, dedi, ‘əl çəkin də, daş atırsan, əlilə, şəhidə dəyir, bezdirmisiz hamınız...’ Mən əl çəkmədim, dedim, ‘övladlarım sənin yaşamağın üçün gənc yaşında torpağın altına gedib, o birilər şikəst qalıb, sənsə məni küçələrdə qoymusan’. Polis çağırtdırdı, qollarımı burub apardılar, kənarda buraxdılar ki, ‘get, ana, başını ağrıtma’”.

Buna da bax:​ Prezidentin açdığı gözdən əlillər üçün binaya kimlər köçürülüb? (VİDEO)

“İLK FÜRSƏTDƏ MƏNZİLLƏ TƏMİN OLUNACAQ”

Ucar rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, rayon ərazisində müharibədə həlak olanların ailələri və müharibədə əlil olanlar üçün ilk inşa olunacaq binadan Ələkbərovlar ailəsinə mənzil veriləcək:

"Keçmiş başçının vaxtında baş verənlər keçmişdə qaldı. Bu xanım şəhid ailəsi kimi mənzil növbəsinə götürülüb və ilk fürsətdə mənzillə təmin olunacaq".

Ana isə başına gələnləri prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya yazıb. O, ölkə başçısından xahiş edib ki, özünün və övladlarının yaşayış şəraitinin öyrənilməsindən ötrü bir nümayəndə ayırsın.

XS
SM
MD
LG