Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

Rusiya bir əməliyyatda azı bir batalyon itirib - Britaniya hərbi kəşfiyyatı


Mayın 12-də Siverski Donets çayında Rusiyanın dağıdılmış ponton körpüsü
Mayın 12-də Siverski Donets çayında Rusiyanın dağıdılmış ponton körpüsü

Məlumatda deyilir ki, Rusiya bu əməliyyat zamanı özünün 1000 əsgərdən ibarət batalyon taktiki qrupunu və ponton körpüsünün salınması üçün avadanlığını itirib

Ukrayna mayın 12-də ölkənin cənubundakı çayı keçməyə cəhd göstərən Rusiya ordusunun çox sayda canlı qüvvə və hərbi texnikasının məhv edildiyini xəbər verib.

Ukrayna Müdafiə Nazirliyi mayın 13-də Rusiya qüvvələrinin Siverski Donets çayı üzərindən atdığı ponton körpünün dağılmasını və yaxınlıqda yanmış Rusiya tanklarını görüntüləyən fotoları dərc edib.

Britaniaynın Müdafiə Nazirliyi mayın 13-də özünün kəşfiyyat bülletenində Ukrayna qüvvələrinin Rusiya qoşunlarının çayı keçməsinin qarşısını aldığını təsdiqləyib.

Məlumatda deyilir ki, Rusiya bu əməliyyat zamanı özünün əhəmiyyətli “elementlərini” – 1000 əsgərdən ibarət batalyon taktiki qrupunu və ponton körpüsünün salınması üçün avadanlığını itirib.

Bu da qeyd olunur ki, Rusiya qüvvələri bu ərazidə əhəmiyyətli irəliləyişə nail ola bilməyib:

"Döyüşlər gedən ərazidə çayın keçilməsi riskli manevrdir və bu hadisə Ukraynanın şərqində irəliləyişə nail olmaları üçün Rusiya komandirlərinə edilən təzyiqləri göstərir”.

Severski Donets çayı sahilində dağılmış Rusiya zirehli texnikası
Severski Donets çayı sahilində dağılmış Rusiya zirehli texnikası

Rusiyanın daha bir gəmisi?

Britaniya MN bildirir ki, Rusiya qoşunları başqa yerlərdəki qüvvələri bu əraziyə gətirsə də, bu istiqamətdə irəliləyə bilməyib.

Ukrayna rəsmiləri isə bildiriblər ki, ölkə silahlı qüvvələri Qara dənizdə də uğur qazanıb. Onların iddiasına görə burada Rusiyanın daha bir gəmisi məhv edilib.

Bu xəbər hələki Rusiya tərəfindən təsdiqlənməyib.

Ukrayna prezidentinin müşavirlərindən Oleksi Arestoviç deyib ki, Rusiyanın “Vsevolod Bobrov” logistika gəmisi zədələnsə də batmayıb.

Arestoviçin sözlərinə görə gəmi Zmeyinı adasına antitəyyarə sistemi gətirməyə çalışırdı.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov mayın 13-də deyib:

"Bu adaya kim nəzarət edirsə, Ukraynanın cənubunda mülki gəmilərin hərəkətini istənilən anda bloklaya bilər. Zmeyinı adası Ukrayna ərazisidir və biz buranı işğaldan geri qaytarmaq üçün nə qədər lazımdırsa döyüşəcəyik. Bu, dəniz ticarət yollarının açılması, bizə silah gətirilməsi və Rusiyanın Dnestryanıda bütün mümkün hərbi əməliyyatlarının qarşısının alınması üçün starteji baxımdan mühüm nöqtədir...”

Xəbər verilir ki, hələ mayın 2-də Ukrayna hətbiyyəsi Zmeyinı adasındakı Rusiya obyektlərinin vurulmasında Bayraktar TB2 dronlarından istifadə olunduğunu təsdiqləyən video dərc etmişdi. Həmin gün Rusiyanın iki Raptor patrul katerinə atəş açılmışdı.

Mayın 10-da InformNapalm könüllülər cəmiyyəti Raptor katerlərindən birinin kapitanı və onun komandanlığı arasında gedən rasiya danışığını dərc edib. Səhihliyi müstəqil mənbələr tərəfindən təsdiq olunmayan səs yazısında katerin kapitanı komandanlıqdan havadan müdafiə istəyir və Bayraktar dronları tərəfindən təqib olunduğunu deyir.

Xəbər verilir ki, bütün may ayı ərzində Ukrayna adadakı obyektlərə və onun ətrafındakı katerlərə zərbələri təkcə dronlarla yox, həm də Su-27 qırıcıları ilə endirib.

Bu hücumlar nəticəsində adadakı Tor zenit-raket qurğusu vurulub. Qırıcıların hücumunu videoya dronlardan birinin çəkdiyi bildirilir.

Başqa bir videoda isə adaya yan almış Rusiya katerlərinin vurulduğu iddia olunur.

Bununla belə mayın 11-də və 12-də çəkilmiş peyk fotoları adanın Rusiyanın nəzarətində qaldığını göstərir.

ABŞ topları artıq cəbhə xəttindədir

Ukrayna Müdafiə Nazirliyinin mayın 13-də açıqlanmış məlumatında deyilir ki, Rusiya qüvvələri Mariupol portunun ağır bombardmanını davam etdirir. Buradakı Azovstal zavodunda minədək Ukrayna hərbçisi mühasirədə qalır.

Ukrayna ordusunun şərqi Luqansk vilayətindəki komandanlığı bildirir ki, Rusiya qüvvələri Hirske, Popasna kəndləri ərazisindəki yaşayış evlərini 31 dəfə toplardan atəşə tutub.

Associated Press (AP) agentliyi Ukraynanın müdafiə naziri Oleksi Reznikova istinadən bildirir ki, Qərbin göndərdiyi ağır silahların ön cəbhədə yerləşdirilməsinə başlanıb.

Bunların arasında ABŞ-dan gətirilmiş 155 mm çaplı haubitsa topları da var.

Hərbi ekspertlər bu kimi silahların müharibənin gedişini Ukraynanın xeyrinə dəyişə biləcəyinə inanırlar.

“Müharibənin uzun fazası başlanır”

Lakin Ukraynanın müdafiə naziri etiraf edib ki, müharibənin tezliklə başa çatacağını düşünmür.

O özünün Facebook səhifəsində yazıb ki, “biz müharibənin yeni və uzun fazasına daxil olmuşuq”.

Onun sözlərinə görə “qarşıdan çətin həftələr gəlir və bunun neçə həftə olacağını kimsə əminliklə deyə bilməz”.

AP yazır ki, Donbas uğrunda döyüş kəndbəkənd, irəli-geri əməliyyatlara çevrilib və heç bir tərəf üstünlüyə nail ola bilmir.

Ukraynanın müstəqil hərbi şərhçilərindən Oleh Jdanov deyib ki, Severodonetsk yaxınlığındakı Siverski çayı üzərində şiddətli döyüşlər gedir.

Onun sözlərinə görə Ukrayna hərbçiləri əks-hücuma keçsələr də, Rusiya qüvvələrinin irəliləyişini dayandıra bilməyiblər.

Şərhçi deyib ki, burada Ukrayna ordusunun 40 minlik bir hissəsinin taleyi həll olunur.

Britaniya ordusunun keçmiş tank komandiri, hazırda isə təhlükəsizlik məsləhətçisi Castin Kramp deyib ki, Rusiyanın itkiləri onu məqsədlərini kiçiltməyə məcbur edib.

Ekspertin sözlərinə görə ruslar təlim görməmiş və buna görə də səmərəsiz qruplaşmaları bir yerə cəmləməyə çalışırlar:

“Bütün bunlar tez başa çatmayacaq. Odur ki, biz ən azı döyüşlərlə dolu yayı gözləməliyik. Düşünürəm ki, Rusiya tərəfi üçün də müharibəbnin uzanacağı artıq aydındır”.

XS
SM
MD
LG