Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:11

Ukrayna ilə savaşa cəlb olunan qırğız qadınlar: sözdə aşpaz, ya tibb bacısı kimi, əslində isə…


Qırğızıstanlı Nurcamal (ad şərtidir) işçi miqrant kimi gəldiyi Rusiyanın Xabarovsk regionunda 10 il aşpaz çalışıb. Qıqğızıstan vətəndaşı olsa və Rusiya pasportu olmasa da, ona dəfələrlə Rusiya ordusu sıralarında Ukraynada işləmək müqabilində şirnikləndirici güzəştlər təklif edilib.

“Həyatımı puldan üstün tuturam”

“Mənə ayda 200 min rubl (2 min dollar, ya da 3 min 400 manat), yaxud ildə 1 milyon rubl (10 min 297 dollar və ya 17 min 500 manata yaxın) təklif ediblər. Dərhal imtina etmişəm və demişəm ki, Ukraynada vuruşmağa Rusiyanın öz vətəndaşları var. Onlar məndən soruşublar: “Sənin üçün nə fərqi var? Sən bura işləməyə gəlmisən, pula ehtiyacın var, axı”. Ancaq mən demişəm ki, həyatımı puldan üstün tuturam”, - Nurcamalın sözləridir.

Ancaq onlar asanlıqla əl çəkməyiblər. Nurcamala görünməyən nömrələrdən daha iki dəfə zəng vuraraq, onu Ukraynaya getməyə çağırıblar.

“Mən o dəvətləri də rədd etdim, ancaq bugünlərdə, Rusiya vətəndaşlığı olmasa da, çox sayda qırğız vətəndaşı, özəlliklə gənc oğlanlar orduya cəlb edilib. Onlar adamlara Rusiya pasportu və 1 milyon rubl vəd edirlər. Qırğız miqrantların çoxu yenə də təklifi rədd edir və [bəziləri hətta] [təzyiqdən] yayınmaq üçün Qırğızıstana qayıdır”, - yenə Nurcamalın sözləridir.

Rusiya vətəndaşlığı olan və olmayan ortaasiyalı miqrantlar “Vaqner” muzdlu qrupu sayəsində Rusiyada orduya cəlb edilə biləcək önəmli hədəf qrupuna çevriliblər. Qırğızıstanda işsizlik səviyyəsi yüksək olduğundan, yüz minlərlə qırğız əmək miqrantı kimi Rusiyada yaşayır. Orada həbsdə olan bir qırğız qadının yaxınları onun yazdığı məktubu AzadlıqRadiosu-nun qırğız xidmətinə göstəriblər. O məktubda yazılıb ki, Rusiya Müdafiə Nazirliyinin əməkdaşları həbsxanaya gələrək, qadınları müharibəyə getməyə çağırıblar.

“Aşpaz, tibb bacısı, həkim deyillər…”


“[Müdafiə Nazirliyinin rəsmiləri] bizim adlarımızı qeyd etdilər və könüllülərin adını siyahıya yazdılar. Uzunmüddətli həbs cəzaları alanların çoxu yazıldı. Onlar sonradan azadlığa çıxmağa ümid edirlər. Mən boyun qaçırdım. Allah qoysa, Qırğızıstana qayıtmağa ümid edirəm”, - deyə narkotik qaçaqmalçılığı maddəsi ilə 12 il həbs cəzası olan və Rusiyanın Vladimir regionunda həbsdə yatan həmin qadın yazıb.

Rusiyalı jurnalist və insan haqları müdafiəçisi Olqa Romanova deyir ki, Ukraynanın işğal edilmiş ərazilərindən və Rusiyanın cənub-qərbindəki həbsxalalardan məhbus qadınlar Ukraynada işləmək üçün orduya cəlb edilib.:

“Donetsk və Snejnoyedən 50-yə yaxın qadın məhbus cəlb edilib. Rusiyanın cənub regionlarındakı həbsxanalardan, azı, 100 qadın cəlb edilib. Hamısı cəbhə xəttində işləyir… Onlar aşpaz, tibb bacısı, yaxud həkim deyil, hücum qoşunları kimi fəaliyyət göstərirlər”, - O. Romanova “Nastoyaşeye Vremya”ya deyib.

Müdafiə Nazirliyinin əməkdaşları 10 ildən çoxdur Rusiyada çalışan Aynurə (ad şərtidir) adlı qırğız qadının evinə də gəliblər. Onlar qadınla ərini Ukraynaya getməyə çağırıblar:

“İndi [onlar] artıq bizim evlərimizə gəlirlər, bizi aşpaz kimi orduya cəlb etməyə çalışırlar, yaxud bizə, bir-iki ay oxuyaraq, hərbi tibb bacısı olmağı təklif edirlər. Eşitdiyimə görə, bəzi həmkarlarıma da oxşar təkliflər gəlib”

“Sənədin mahiyyətini belə anlamırlar”

Rusiyadakı ortaasiyalı miqrantlalrın çoxu şəxsi rahatsızlıq və ailələrinin güvənliyi üzündən müharibə ilə bağlılıqlarını açıq müzakirə edə bilmir. Bəziləri yanlış ifadə işlətdikləri halda deportasiya oluna bilcəklərindən qorxur.

Cumabek (ad dəyişdirilib) adlı qırğız miqrant bir neçə miqrantın polis tərəfindən küçədə tutularaq, “tədris düşərgəsinə” salındığını, bir ay sonra isə müharibəyə göndərildiyini deyir:

“Avqust ayında bir qırğız oğlan, sadəcə, küçədə getdiyi yerdə sənədi imzalayaraq orduya yazılmağa məcbur edilib. O, onlara bazarlıq etdikdən sonra düşərgəyə gedəcəyini deyib. Ancaq bunun əvəzində tez Qırğızıstana qaçıb. Əmək miqrantlarının çoxu imzaladıqları sənədin mahiyyətini belə anlamırlar”.

“Rusiyada iş icazəsi olmayan tacik və özbəklər ciddi təzyiq altındadırlar. Qırğızıstan vətəndaşının Rusiya pasportu varsa, ancaq hərbi xidmətə yazılmayıbsa, onu birbaşa müharibəyə aparırlar. Biz heç bunu sezmirik, axı hökumət onlara yaxınlarına deməmək haqda razılaşma imzalatdırır və bəzən onların telefonlarının müsadirə edir”, - yenə Cumabekin sözləridir.

“Heç bir rəsmi bilgi daxil olmayıb”

AzadlıqRadiosu daha öncə yüzlərlə ortaasiyalı miqrantın Rusiya şirkətləri tərəfindən Rusiya işğalı altında olan Ukrayna ərazilərində işləməyə cəlb edildiyini xəbər verib. Ancaq Orta Asiya hökumətləri hələ ötən il xarici müharibələrdə iştirakın cinayət olduğu barədə xəbərdarlıq edərək, öz vətəndaşlarını bu addımdan çəkindirməyə çalışıb. Onlar bu cinayətə görə 10 ilədək həbs cəzası nəzərdə tutulduğunu da ayrıca vurğulayıblar. Qırğızıstanda artıq iki kişi Ukraynada muzdlu kimi döyüşdüyü üçün həbs cəzasına məhkum edilib.

Kiyev də belə işçilərin Rusiya işğalçılarının havadarı kimi görüləcəyini bəyan edib. Onların çoxu döyüşlərdə öldürülüb və dəfn edilmək üçün Qırğızıstana göndərilib.

Qırğızıstanın Moskvadakı səfirliyi də qırğız miqrantlar üçün informativ görüşlər təşkil edir. Səfirliyin sözçüsü Nazqul Cusubakunova diplomatların Rusiya həbsxanalarına gedərək, qırğız məhbuslarla görüşdüyünü deyir:


“Bizə Qırğızıstandan olan qadın məhbusların iradəsi ziddinə hərbi əməliyyatlara cəlb edilməsi haqda heç bir rəsmi məlumat daxil olmayıb”.

Qırğızıstanın Daxili İşlər Nazirliyi yanvar ayında Rusiya həbsxanalarında min 77 qırğız vətəndaşının olduğunu desə də, onlardan neçəsinin qadın olduğunu bildirməyib.

XS
SM
MD
LG