Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:10

Rusiya Belqorod vilayətinin bir hissəsini boşaldır


Rusiya qərb sərhəd rayonlarından minlərlə insanı təxliyə edib.
Rusiya qərb sərhəd rayonlarından minlərlə insanı təxliyə edib.

Avqustun 12-də Moskva Ukrayna ilə həmsərhəd vilayətlərdən daha çox adamın köçürülməsinə göstəriş verib. Bu arada Rusiya ərazisinə Ukrayna ordusunun görünməmiş müdaxiləsi ilə mübarizə gedir.

Ölkənin cənub-qərbində yerləşən Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da yazıb ki, hakimiyyət avqustun 12-də Krasnoyaruq rayonunun sakinlərini "daha təhlükəsiz" yerlərə köçürüb. Səbəb Ukrayna qüvvələrinin ərazidəki fəaliyyətidir.

Bu evakuasiya Ukrayna hərbçilərinin Rusiya daxilində 30 kilometrədək irəlilədiyi bir vaxtda baş verir. 2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi təcavüz başlayandan bəri ilk dəfədir Rusiya ərazisinə bu miqyasda müdaxilə gerçəkləşir.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, havadan müdafiə sistemləri ötən gecə Ukraynanın qərbi Kursk vilayəti üzərinə buraxdığı 11 dronu tutub.

Ukrayna qüvvələrinin Sverdlikovo və Porozda inzibati binaları tutmasının əks olunduğu bildirilən görüntülər yayılıb. 5 minədək əhalisi olan Suca şəhərində isə intensiv döyüşlər gedir.

Moskvanın müdaxiləni dəf etmək üçün rezerv qüvvələrə, aviasiya, tanklar, artilleriya və dronlara əl atdığı bildirilir.

Bütün bu səylərə baxmayaraq, Rusiya avqustun 11-də etiraf edib ki, Ukrayna qüvvələri bəzi ərazilərdə onun ərazisində 30 km-dək irəliləyə biliblər.

Rusiya mediasının avqustun 10-da yazdığına görə, sərhəd ərazilərdə azı 76 min dinc sakin evakuasiya edilib, ertəsi gün daha çox adam çıxmalıdır.

Volodimir Zelenski Kiyev vilayətində F-16 döyüş təyyarələrinin uçuşuna baxır.
Volodimir Zelenski Kiyev vilayətində F-16 döyüş təyyarələrinin uçuşuna baxır.

Zelenski Qərbi silah qadağalarını qaldırmağa çağırır

Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın Kiyevdə mülki ərazilərə son ölümcül hücumunu pisləyib. O, Qərb müttəfiqlərini Rusiyanın dərinliklərində silahlardan istifadəyə məhdudiyyəti qaldırmağa çağırıb. Zelenski həm də ilk dəfə olaraq qüvvələrinin sərhədi keçərək Rusiyanın Kursk vilayətində əməliyyat aparmasını dolayısı ilə təsdiqləyib.

"Rusiyalılar üçün belə silahların istifadəsinə coğrafi məhdudiyyət yoxdur – tammiqyaslı müharibənin ilk günlərindən ölkəmizin ərazisi bütövlükdə daimi hücum təhdidinə məruz qalıb", – Zelenski avqustun 11-də X platformasında yazıb.

"Ukraynalılar bizi havadan müdafiə sistemləri və döyüş təyyarələri ilə təmin edən tərəfdaşlarımızın hamısına dərindən minnətdardır. Amma Rusiya terrorunu gerçəkdən dayandırmaq üçün bizə... tərəfdaşlarımızın güclü qərarları lazımdır – müdafiə hərəkətlərimizə məhdudiyyətləri qaldıracaq qərarlar", – o deyib.

"Ukraynanın uzaq mənzilli qabiliyyətinə məhdudiyyət olmayanda bu müharibənin sonu gələcək – onun ədalətli həllini yaxınlaşdıracağıq", – prezident yazıb.

Dolayı təsdiq

Avqustun 10-da axşam Zelenski Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsinə dair rusiyalı hərbi bloqerlər və Qərb xəbər agentliklərinin yazdıqlarını dolayısı ilə təsdiqləyib.

"Bu gün ali baş komandan (Oleksandr) Sırskidən cəbhə xətləri, hərəkətlərimiz, müharibənin təcavüzkarın ərazisində aparılmasına dair bəzi məlumatlar aldım", – o deyib.

Ukrayna yeddi gündür Kursk vilayətində irəliləyir, bir neçə kiçik yaşayış məntəqəsinə nəzarəti ələ alıb. Amma Kiyevin vilayət paytaxtı, 415 min nəfər əhalisi olan Kursk şəhərini ələ keçirməyə cəhd edib-etməyəcəyi bəlli deyil.

Əməliyyata Ukraynanın neçə hərbçisinin cəlb olunduğu da aydın deyil. Bəzi məlumatlar min 100, bəzilərində bir neçə min hərbçidən söz açılır.

Rusiya rəsmiləri sərhədin pozulduğunu təsdiqləyərək on minlərlə dinc sakinin köçürülməsi əmri veriblər. Ancaq onlar Kiyev əsgərlərinə "Ukraynanın sabotaj və kəşfiyyat qrupları" deyirlər.

Ukraynanın avqustun 6-da sərhədi keçərək Kurska girməsi Moskva 2022-ci ildə Ukraynanın işğalına başlayandan Rusiya torpağına ən böyük hücum sayılır.

Belarus Müdafiə Nazirliyi Ukrayna ilə sərhədə əlavə hərbi texnika göndərilməsi barədə məlumat yayıb.
Belarus Müdafiə Nazirliyi Ukrayna ilə sərhədə əlavə hərbi texnika göndərilməsi barədə məlumat yayıb.

Antiterror tədbirləri, Belarus

Rusiya avqustun 10-da Kursk, Bryansk və Belqorod vilayətlərində antiterror tədbirləri elan edib.

Milli Antiterror Komitəsi bildirib ki, tədbirlərə sakinlərin mümkün evakuasiyası, nəqliyyata məhdudiyyət, həssas ərazilər ətrafında təhlükəsizliyin gücləndirilməsi, telefon söhbətlərinin dinlənilməsi daxildir.

Avqustun 11-də gərginliyin artdığı bir vaxtda Rusiyanın müttəfiqi Belarus bildirib ki, Ukrayna ilə sərhədinə tankları yığır. Bundan öncə isə səmasında Ukrayna hərbi dronlarını vurduğunu açıqlayıb.

Belarusun avtoritar lideri Aleksandr Lukaşenko Ukrayna tərəfdən hər hansı "provokasiya"ya cavab vermək üçün sərhəd ərazilərə qüvvələr göndərilməsi göstərişi verib.

Qarşılıqlı raket və dron hücumları

Rusiya qüvvələri avqustun 11-nə keçən gecə Ukrayna paytaxtı Kiyevə raket hücumu gerçəkləşdirib, azı iki nəfər həlak olub.

Ukrayna hava qüvvələri daha iki vilayətin Rusiya dronlarının hücumuna məruz qaldığını bildirib.

Ukrayna şəhərləri mütəmadi olaraq Rusiyanın hava zərbələrinə məruz qalır. Son günlər bir çox ukraynalı narahatdır ki, Kiyevin Rusiya ərazisinə girməsi hava reydlərini gücləndirə bilər.

Rusiya Kursk, Voronej vilayətlərinin rəsmiləri isə vurulmuş Ukrayna raket və dronlarının qalıqlarının bəzi dağıntı və xəsarətlərə səbəb olduğunu açıqlayıblar.

XS
SM
MD
LG