Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:58

Uqledarın iflası Ukrayna ordusu üçün nə deməkdir 


Uqledar. 2023
Uqledar. 2023

2023-cü il yanvarın 23-də Rusiya hərbi karvanı Donbasdakı Uqledar şəhəri yaxınlığında Ukrayna müdafiəçiləri tərəfindən alçaldıcı məğlubiyyətə uğradı.

Ancaq zəmanə dəyişib.

Oktyabrın 2-də Ukrayna ordusu Rusiya qüvvələrinin aylardır davam edən amansız hücumundan sonra Uqledardan bölmələrini çıxardığını təsdiqləyib.

AzadlıqRadiosunun jurnalisti Mayk Ekel (Mike Eckel) yazır ki, bu, Ukrayna ordusunu azından qorxulu şeylərin gözləməsinin əlamətidir.

Uqledarın landşaftı

Uqledar Donbasda ən böyük, Rusiyanın nəzarətindəki Donetsk şəhərindən 90 km cənub-qərbdə yerləşir. Kömürçıxarma şəhəridir, işğaldan öncə əhali sayı 14 min nəfər idi, açıq düzənlik landşaftlı şəhərdə sovet binalarında yaşayırdılar.

Nisbətən yüksəklikdə yerləşən bu şəhər artilleriya və raket sistemlərinin quraşdırılması üçün ideal məkandır, buradan şərq-qərb istiqamətində yerləşən, T-0509 magistral yolu, eləcə də böyük dəmiryol xəttini təhdid etmək olar.

2022-ci ilin noyabrında, tammiqyaslı işğal başlayandan doqquz ay sonra Rusiya qüvvələri Uqledardan cənubda yerləşən kiçik Pavlovka şəhərinə girdilər. Onda 155-ci donanma piyada briqadası böyük itkilər vermişdi, bir qrup zabit sonradan dərc etdikləri məktubda bölmə komandirlərini tənqid edirdilər.

Bundan iki ay sonra, yanvarda Rusiya qüvvələri Uqledara hücum etdilər, ancaq böyük itki verdilər. Hətta itki sayının bir neçə yüz nəfər olduğu deyilirdi.

Kənar müşahidəçilər bu uğursuz cəhdi Rusiya ordusunda dərin problemlərin simvolu sayırdılar.

Bəs indi nə baş verir?

2024-cü ilin əvvəlindən Rusiya qüvvələri 1100 km-lik cəbhə xətti boyunca hücumları tədricən intensivləşdiriblər. Azı üç məkanda, əsasən, Donbasda Rusiya qüvvələrinə yaxşı kompensasiya verilən könüllü əsgərlər qoşulub və onlar Ukraynanın müdafiəsini tədricən yarmağa başlayıblar.

Çasov Yarda Rusiya ordusu şəhərin şərq hissəsini tutublar, amma kanalı keçərək qalanını da ələ keçirməyə çalışırlar. Çasov Yar da, Uqledar kimi, nisbi yüksəklikdə yerləşir. Bu şəhəri tam tutmaq Rusiya qüvvələrinə cənub-qərbdə dəmiryol qovşağı olan Konstantinovkanı təhdid etmək imkanı verər. Ukrayna qüvvələri bu qovşaqdan, yaxınlıqdakı magistraldan çox asılıdır, Donbasda və ətrafında canlı qüvvə, sursat daşımaq üçün istifadə edirlər.

Konstantinovkadan 80 km cənub-qərbdə isə Ukrayna ordusunun daha bir böyük istehkamı – Pokrovsk yerləşir. Azı yaydan bəri Rusiya şəhərə hava zərbələrini intensivləşdirib.

Hazırda Rusiya qüvvələri Pokrovskdan Konstantinovkaya gedən N32 magistral yolunun təxminən 5 kilometrliyindədir. Bu yolun ələ keçirilməsi Ukrayna qüvvələri üçün böyük bir təchizat xəttini kəsmək demək olar.

Kursk əməliyyatı hədəfinə çatdımı?

Ukrayna komandirləri isə Pokrovskdan şərqdəki xətləri gücləndirə, son iki ayda Rusiyanın şəhərə doğru irəliləməsinin qarşısını ala biliblər. Bu komandirlər müdafiənin qurulmasına öncəlik vermədikləri, canlı qüvvə cəlbini sürətləndirmədikləri üçün tənqid edilirlər.

Avqustda ukraynalı komandirlər sərhədi keçərək Rusiya ərazisinə girmək əmri verdilər. Bu, İkinci Dünya müharibəsindən bəri Rusiya ərazisinin ən böyük işğalı idi. Bu hücum Rusiyanı qəfil yaxaladı, Rusiya silahlı qüvvələrinin möhtəşəmliyi fikrini sarsıtdı.

Hələ də davam edən Kursk əməliyyatlarının məqsədi Rusiya qüvvələrini Donbasdan yayındırmaq, onları zəiflətmək, Ukraynanın müdafiəsinə təzyiqi zəiflətmək idi.

Ancaq M.Ekel bunun baş vermədiyini yazır.

Oktyabrın 1-də tanınmış açıq mənbələr Rusiya qüvvələrinin Uqledara girdiyini bildirdi. Bir gün sonra "Xortitsia" strateji qrupu elan etdi ki, komandirlər bölümlərə geri çəkilmək əmri veriblər.

Rusiyanın hərbi bloqerləri rusiyalı əsgərlərin şəhərdə binaların üstünə bayraqlar sancmasının videolarını yayıblar. Ukrayna baş qərargahının oktyabrın 2-də səhər yaydığı bülletendə Uqledarın adı çəkilməyib.

Mühasirə?

Ukrayna üçün daha bir pis xəbər var: 72-ci mexanikləşdirilmiş briqadanın bəzi hissələrinin mühasirəyə salındığı, ələ keçirilmə təhlükəsi olduğu deyilir. Bu briqada iki ilə yaxın idi Uqledarı müdafiə edirdi.

"Onların mühasirəyə salındığını demək istəmirəm, amma vəziyyət çətindir, geri çəkilmədə problemlər var. Belə desək, daha yaxşı olar", – ukraynalı hərbi təhlilçi Denis Popoviç CurrentTimeTV-yə deyib.

Bəs, Uqledarın çöküşü Ukrayna üçün çoxmu pis xəbərdir?

Şəhərin itirilməsi Ukraynanın Pokrovskdakı müdafiəsinə təzyiqi gücləndirəcək. Ancaq Rusiya qüvvələri ilk öncə Kuraxovo kənarındakı rezervuarı tam ələ keçirmək uğrunda savaşacaqlar. Kuraxovo Uqledardan şimalda, Pokrovskdan cənubda yerləşir.

Rusiya zirehli transportyoru Uqledar yaxınlığındakı Ukrayna mövqelərinə doğru irəliləyir.
Rusiya zirehli transportyoru Uqledar yaxınlığındakı Ukrayna mövqelərinə doğru irəliləyir.

"Payız gəlir"

Bəzi təhlilçilər, o cümlədən Vaşinqtonda yerləşən Hərbi Araşdırmalar İnstitutu şəhərin tutulmasının əhəmiyyətini kiçildib. Digərlərinin fikrincə, bu geriçəkilmə Ukraynanı şərqdə və cənubda Rusiyanın mövqelərinə təhdid yaratmaqdan məhrum edəcək.

"Prinsipcə, istənilən geriçəkilmə vəziyyəti pisləşdirir. Konkret danışsaq, onun cəbhə xəttində harada yerləşməsinə baxsaz, Uqledar Pokrovsk ilə müqayisədə Rusiyanın mövqelərinə təhdid yaradır. Uzun müddət idi Uqledar cəbhənin bu hissəsində Rusiya ordusunun boğazında ilişib qalmışdı", – bunu İsraildən hərbi təhlilçi Devid Handelman AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib.

"Rusiyalıları boğazlarındakı bu tikanı çıxarda biliblərsə, mövqeləri asanlaşacaq", – o deyib.

Ukraynalı hərbi təhlilçi Pavlo Lakiyçuk isə bildirib ki, Rusiya qüvvələrinin hücumları davam etdirə biləcəkləri açıq sual olaraq qalır. Xüsusilə də yay başa çatır, yağışlar Ukrayna çöllərini keçilməz palçıqlı sədlərə çevirir.

"Payız gəlir, durum həm düşmən, həm də bizim üçün çətin olacaq. Onlar üstünlüyü saxlasalar, Uqledar uğurunu davam etdirərək cəbhəni genişləndirsələr, şimal-qərbə doğru irəliləmələri mümkündür", – o, AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib.

XS
SM
MD
LG