Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:46

Universitet şəhərciyi barədə: 'Yataqxanalar ödənişsiz olmalıdır'


BAHALAŞMA: Kirayə ev axtaranda tələbələr bu seçimlər qarşısında qalır
Gözlə

No media source currently available

0:00 0:06:22 0:00

BAHALAŞMA: Kirayə ev axtaranda tələbələr bu seçimlər qarşısında qalır

Bakı şəhərındə universitet şəhərciyi - Yeni bilik-biznes rayonu yaradılacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Layihədə göstərilir ki, yeni şəhərcikdə özəl, dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, müəllimlərdən ötrü qonaqlama və yaşayış yerləri olacaq: "Universitet şəhərciyi... dəmir yolu, metro və avtobus xidmətləri üstünlüklərindən faydalanacaq".

Universitet şəhərciyi layihəsinə dövlətin 24 milyon, özəl sektorun isə 136 milyon manat ayırması nəzərdə tutulur.

C.Məmmədov
C.Məmmədov

"Daha çox tələbəmizi bölgələrə aparaq"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Turan"a bildirib ki, indi paytaxtda problemlərin olması təkcə universitetlərlə yox, həm də nəqliyyatın düzgün idarə olunmaması və digər faktorlarla bağlıdır.

Deputatın fikrincə, daha çox bölgələrdəki universitetlərə tələbələri cəlb etmək lazımdır: "Bölgələrdə, iri şəhərlərdə yeni universitetlər açmalıyıq və təşviq etməliyik ki, gənclərimiz ora getsinlər... Mexanizm fikirləşməliyik ki, daha çox gənci, tələbəmizi bölgələrə aparaq".

C.Məmmədov xatırladıb ki, bəzən cəmiyyətdə bütün universitetlərin Bakıdan çıxarılması ilə bağlı fikirlər səsləndirilir: "Mən bunları düzgün hesab etmirəm. Eyni zamanda, biz universitet şəhərciyini yaradacağıqsa, o infrastrukturla bağlı indidən ciddi şəkildə düşünməliyik ki, gələcəkdə eyni problemi həmin ərazidə yaşamayaq".

N.Qulamoğlu
N.Qulamoğlu

"Yeyinti olmayacağına qarantiya vermirəm"

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə AzadlıqRadiosuna deyib ki, indi "qara pul" ilk növbədə tikintidən çıxır: "Universitet şəhərciyi salmaq nəhəng bir tikinti işidir. Burada da yeyinti olmayacağına mən qarantiya vermirəm".

Ekspertin sözlərinə görə, əgər hökumət, doğrudan da, təhsil üçün can yandırsaydı, təhsildə çoxlu geridə qalan sahələrə pul qoyardı: "Məsələn, siniflərdə 40 uşaq təhsil alır, amma nazirlik hesab edir ki, bu, təhsilə mane olmur. Əgər hökumət buna əhəmiyyət vermirsə, kampus bu hökuməti nə üçün maraqlandırsın?".

Amma N.Qulamoğlu hesab edir ki, universitet kampusunun şəhərdən kənarda olması daha yaxşıdır. Onun fikrincə, şəhərcikdə Azərbaycan vətəndaşları üçün yataqxanalar ödənişsiz olmalıdır: "Ödəniş yalnız xidmətlər üçün olmalıdır. Xarici tələbələr burada təhsilə cəlb olunursa, onlar üçün ayrıca qiymətlər qoyulmalıdır".

Yazıda səslənən fikirlərə Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG