Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:14

Vətəndaş Vəkillər Kollegiyasına şikayətinə görə üzr istəməyə məcbur edilir


 Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

İkinci qrup əlil Elxan Hacıyev Vəkillər Kollegiyasına yazdığı şikayətə görə üzr istəməyə məcbur edilir. Onun şikayətçi olduğu vəkil Lalə Mansurovanın iddiası əsasında Səbail rayon Məhkəməsində belə bir qərar çıxarılıb. Dekabrın 11-də hakim Mədinə Bağırovanın qərarı ilə şikayətçinin üzərinə üzr istəmək, eləcə də Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təkzib məktubu göndərmək öhdəliyi qoyulub.

L.Mansurova şikayətçi E.Hacıyevin oğlu Rəşadın vəkili olub. R.Hacıyev dələduzluq ittihamı ilə həbs ediləndən bir müddət sonra atası adıçəkilən vəkillə müqavilə bağlayıb. İstintaqın gedişində R.Hacıyevdən bu vəkildən imtina ərizəsi alınıb.

Ata E.Hacıyev şikayətində göstərib ki, oğlunun hüquqlarının müdafiəsindən ötrü toplam 850 manat versə də, L.Mansurova heç bir iş görməyib. O, vəkilin müstəntiqlə əlbir olaraq oğlundan bu vəkildən imtina ərizəsi aldıqlarını da iddia edir. Məsələni aydınlaşdırmaq istəyəndə də, L.Mansurova telefon zənglərinə cavab verməyib.

E.Hacıyevin şikayəti əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti L.Mansurovaya tənbeh cəzası verib.

"Emilə ver, kartıma vursun"

L.Mansurova isə iddia edir ki, şikayətdə göstərilənlər həqiqətəuyğun deyil, E.Hacıyevdən 850 manat yox, 200 manat alıb. Prosesin gedişində oğlu özü ondan imtina edib və müstəntiqə bu barədə ərizə verib.

Vəkilin fikrincə, vətəndaşın şikayəti şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyir, kollektivdə onun haqqında mənfi rəy yaradır. O bu əsasla da E.Hacıyevin ona mənəvi zərərə görə min manat, maddi zərərə görə isə 200 manat ödəməsi tələbi ilə məhkəmədə iddia qaldırıb.

'Vəkil 3 min istədi': Vəkil xidməti əlçatandımı? (QİYMƏTLƏR)
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

E.Hacıyevsə deyir ki, şikayətində heç bir yalan yoxdur. O, şikayətdə yazdıqlarını məhkəmədə də təkrarlayaraq bildirib ki, L.Mansurovanı onunla Emil Abbasov tanış edib: "Emili tanımırdım, özü mənə zəng elədi ki, oğlumun tanışıdır. Oğlumu Lalə adlı vəkilin müdafiə edəcəyini bildirdi. Əvvəl 1000 manat istədi. Üç gün yalvarandan sonra zəng elədi ki, 500 manata razıdır. Emil və Lalə xanım birlikdə yanıma gəldilər. Ona 500 manatı vermək istəyəndə dedi ki, "Emilə ver, kartıma vursun". Emilə verdim, yanımda aparatdan onun kartına vurdu. Üstündən nə qədər keçsə də, müqaviləni vermədi".

E.Hacıyevin sözlərinə görə, bir müddət sonra L.Mansurova müstəntiq Fariz Hacıyev ilə birlikdə təcridxanaya gedərək oğlundan təzyiq altında imtina ərizəsi alıblar. Ardından da ona dövlət hesabına vəkil təyin edilib.

Ata bunu da deyir ki, oğlu R.Hacıyev haqqında hökm çıxarılandan sonra apellyasiya şikayəti yazıb verməkdən ötrü ondan daha 350 manat pul alınıb. O pulu da E.Abbasova verib.

Məhkəmədə E.Abbasov da şahid kimi dindirilib. L.Mansurovanın vaxtilə onun müəllimi olduğunu və birlikdə çalışdıqlarını söyləyən E.Abbasov toplam 850 manat pul alınması haqda şikayətçinin dediklərini təsdiqləyib. Deyib ki, ilk dəfə alınan puldan 200 manatını L.Mansurovanın hesabına köçürüb. Qalan pulları isə özünə götürüb: "350 manatı apellyasiya şikayəti yazmaq üçün vermişdi. Bunun Lalə xanıma aidiyyəti yox idi. Üç dəfə apellyasiya şikayəti göndərildi, heç biri qəbul olunmadı. Müxtəlif səbəblərlə geri qaytarıldı. Sonradan Elxan Hacıyev pulu tələb eləməyə başladı. 200 manatdan bir az çox ona qaytardım".

X.Ağalıyev
X.Ağalıyev

"Belə qərarlar Ali Məhkəməyə gedib çıxanda…"

Media hüququ ekspert Xalid Ağalıyev deyir ki, dövlət orqanına, ictimai qurumlara şikayət məktublarında yazdıqlarına görə vətəndaşın cəzalandırılmasının qanuni əsası yoxdur. Hüquqşünas bildirir ki, belə müraciətlərə şərəf və ləyaqətin müdafiəsi kontekstində yanaşıb şikayətçini cəzalandırmaq olmaz: "Şikayət məktubları şəxsiyyəti aşağılayan məlumatların yayılması sferasına düşmür. Belə məlumat kütləvi çıxışlarda, mediada yayılarsa, bu halda məsuliyyət yaranır. Təəssüf ki, bizim təcrübədə vətəndaşın dövlət orqanlarına şikayətinə görə məhkəmədə cəzalandırılması halları var. Amma belə qərarlar Ali Məhkəməyə gedib çıxanda 99 faiz halda ləğv olunur. Belə əsassız qərarların ölkədən çıxmasına – Avropa Məhkəməsinə getməsinə imkan verilmir".

AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə L.Mansurovanın vəkillik fəaliyyəti 1 illik müddətə dayandırılıb.

XS
SM
MD
LG