Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:47

Məhkəmədə: '...140 nəfər işçinin pulu hər ay icra başçısına çatırdı'


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

Həbsdə olan sabiq icra başçılarından Vilyam Hacıyevə qarşı zərərçəkmişlərdən biri də "DOST İş Mərkəzi"dir. Bu qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyətidir. Cinayət işinin materiallarında iddia olunur ki, Mərkəzdə adı işçi kimi rəsmiləşdirilmiş xeyli adamın maaşı əslində icra başçısına çatıb.

İmişli Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Hüseyn İbrahimov da deyir ki, Mərkəzdən hər ay 140 nəfərin maaşı Hacıyevə çatırdı. Onun sözlərinə görə, əməkhaqqı kartları da adı işçi kimi rəsmiləşdirilmiş şəxslərin özlərində yox, icra hakimiyyəti işçilərində olurdu. İbrahimov etiraf edib ki, həmin vəsaitlərin bankdan çıxarılıb icra başçısına çatdırılmasında özünün də müəyyən rolu olub.

Hər ay 108 min manat

"O pulları banklardan mənim tanışlarım çıxarırdı. Hər ay o kartlardan 107 min 900 manat pul çıxarılırdı. Pulları gətirib icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə verirdilər. Onun əliylə də icra başçısına çatırdı", – İbrahimov aprelin 11-də sabiq icra başçısının məhkəməsində şahid qismində dindirilərkən belə deyib.

Məhkəmədə Hacıyev ilə vaxtilə müavini olmuş şahid arasında mübahisə yaranıb. Keçmiş icra başçısı onu yalan danışmaqda suçlayıb: "Yalan danışırsan. Sənin özünün haqqında cinayət işi başlanmalıdır. Əgər belə hal vardısa, niyə şikayət eləmirdin, demirdin ki, icra başçısı bu cür işlərlə məşğuldur?".

İbrahimov isə Hacıyevin həqiqəti inkar etdiyini bildirib. O vurğulayıb ki, o dövrdə Hacıyevdən şikayət etmək mümkün deyildi: "Sizdən kimə şikayət etmək olardı ki?!".

"Domofon qoymurduq, ucuz materiallar alırdıq"

İmişlinin kəndlərində məktəb binaları tikmiş "Kristal-2" şirkətinin direktoru Etimad İsmayılov isə bu tikintilər zamanı büdcədən ayrılmış vəsaitin bir hissəsinin icra hakimiyyətinə çatmasından danışıb. Onun sözlərinə görə, əks halda, iş görmək mümkün deyildi. İsmayılov danışır ki, 2012-ci ildə Hacıyev başqa bir rayondan İmişliyə icra başçısı gələndə onlar artıq məktəb tikintisinə başlamışdılar. Onun təyinatından az sonra tikinti yarımçıq dayandırılıb.

"İcra başçının köməkçisi ilə danışıb razılaşdıq ki, tikinti üçün ayrılan 900 min manatın 20 faizi onlara çatacaq. Sonra Cəfərli kəndində də məktəb tikintisini bizə verdilər. Bu məktəbin tikintisindən 184 min manat verdim", – "Kristal-2" MMC-nin direktoru məhkəmədə bildirib.

O əlavə edib ki, icra başçısı Hacıyevlə münasibətləri yaxşı idi. Bu üzdən İmişlidə sosial layihə olan beşmərtəbəli binanın tikintisi də bu şirkətə həvalə olunub. Şirkət direktorunun sözlərinə görə, bundan öncə o, başqa bir kənddə inşası yarımçıq qalmış bir məktəb binasını icra başçısının xahişiylə tikdirib başa çatdırıb: "Vilyam dedi ki, Hacıbabalı kəndindəki məktəbi bitir, sonra əvəzləşərik. Mən işə qoşulanda ayrılmış puldan cəmi 440 min manat qalmışdı. Öz cibimdən pul qoyub bitirdim. Bundan sonra beşmərtəbəli binanı tikdik. İcra hakimiyyətindən tapşırmışdılar ki, ayrılan vəsaitin cəmi 2 milyon 400 mini xərclənməlidir. Ona görə domofon qoymurduq, ucuz materiallar alırdıq...".

Səhiyyə Nazirliyindən ayrılan pullar

İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmuş Cəsur Paşayev isə xəstəxananın təmirinə büdcədən ayrılmış 430 min manat vəsaitin 30 faizinin icra hakimiyyətinə verildiyini iddia edib. Onun sözlərinə görə, pulu maliyyə şöbəsinin müdirinə verirdi. Amma şöbə müdiri də vəsaitin icra başçısına çatdığını deyirdi.

"Əgər pul Səhiyyə Nazirliyindən ayrılıbsa, səndən o pulun 30 faizini mən niyə almalıyam? Yalan danışırsan axı...", – təqsirləndirilən Hacıyev kimsədən pul almadığını bildirib.

Sabiq icra başçısının işiylə bağlı məhkəmə araşdırmaları davam edir.

Bu cinayət işində rüşvət alınması və verilməsi, mənimsəmə prosesində adı hallanan şəxslərdən bir çoxu hələ də əvvəlki vəzifələrində çalışırlar. Onların arasında icra başçısının müavini, icra hakimiyyətinin baş mühasibi, ərazi idarəetmə şöbəsinin müdiri və s. şəxslər var.

Xatırlatma

2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı olmuş Vilyam Hacıyev 2020-ci ilin mayında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və başqa əməllərdə suçlanır. Lakin sabiq icra başçısı özünü təqsirli bilmir, həbsinin sifarişli olduğunu deyir.

Hacıyevlə yanaşı, Yevlax, Şəmkir, Neftçala, Biləsuvar, Kürdəmir rayonlarının da sabiq icra başçıları həbsdədir. Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev isə 2021-ci ilin sentyabrında həbsdə vəfat edib.

XS
SM
MD
LG