Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:45

Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu məhkəməyə verib, təzminat ödəməsini istəyir


Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu məhkəməyə verib.

Kollegiya onun üzr istəməsini və təzminat ödəməsini istəyir.

Xalid Bağırov Meydan TV-də dərc olunmuş "Hakim oğlunun idman-fitnes biznesi" araşdırmasında Vəkillər Kollegiyası barədə fikirlər səsləndirib, kollegiya da buna görə onu məhkəməyə şikayət edib.

Hüquqşünas Amerikanın Səsinə bildirib ki, iddiada onun üzr istəməsini, fikirlərinin təkzib olunmasını və Vəkillər Kollegiyasının hesabına 1000 manat cərimə ödənilməsi istənilib:

"Mən orada ittiham səsləndirməmişəm, sadəcə suallar vermişəm. Soruşmuşam ki, Vəkillər Kollegiyası müqavilələri necə bağlayıb? Vəkillər Kollegiyasının büdcəsi necə formalaşır? Əlbəttə ki, vəkillərin verdiyi ödənişlər hesabına formalaşan büdcəsi var. O zaman bu büdcə necə xərclənir? Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu pulları necə xərcləyir? Necə olur ki, vəsaitin harasa xərclənməsi ilə əlaqədar müqavilə bağlayır?".

Xalid Bağırov sual verdiyinə görə üzr istəməli olduğunu düşünmür.

"Mən sual vermişəm ki, bazarda bu sahədə fəaliyyət göstərən digər şirkətlər var idimi? O şirkətlər arasında müsabiqə keçirildimi? Niyə müsabiqə keçirilmədən müqavilə bağlanılır? Mən məqalədə hansısa iddia səsləndirsəydim və Vəkillər Kollegiyası da bunun əksini sübut etsəydi, təbii ki, mən üzr istəmək məcburiyyətində qalardım, amma verdiyim suallara görə üzr istəmək zərurəti olmur. O boyda Vəkillər Kollegiyası bilmir ki, verilən suallara görə üzr istəmək olmur? Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmət etməyən Vəkillər Kollegiyası özünü Vəkillər Kollegiyası adlandırmamalıdır".

Sözü gedən araşdırma Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri olan Faiq Qasımovun oğluna məxsus, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib "Push30" şirkəti ilə bağlıdır. Məqalədə Adil Faiq oğlu Qasımovun xarici işlər nazirinin oğlu ilə bağlılığı da diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkədəki böyük şirkətlərlə yanaşı, Vəkillər Kollegiyası da "Push30"la müqavilə bağlayıb və bu səbəbdən kollegiyanın üzvləri endirimlərdən istifadə edir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan mövqe almaq mümkün olmayıb. Kollegiyanın digər üzvləri Anar Qasımlı və Ruslan Mustafazadənin imzasıyla Meydan TV-yə göndərilmiş etiraz məktubu dərc olunub.

Xalid Bağırov 2014-cü ilin dekabrında Vəkillər Kollegiyasından xaric edilib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası səbəb kimi onun Şəki Apellyasiya Məhkəməsində çıxışını əsas gətirib və bildirib ki, o, dövlətçiliyə qarşı çıxış edib, vəkilliyi nüfuzdan salıb:

"Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, olsaydı belə qərar verilməzdi. Ona görə də vəkillikdən uzaqlaşdırılmağım sırf fəaliyyətimlə bağlıdır".

2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hüquqşünasın hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin təzminat ödəməsinə dair qərarını açıqlayıb.

Lakin AİHM-in qərarından sonra da Xalid Bağırov Vəkillər Kollegiyasına bərpa edilməyib.

(Amerikanın Səsi)

XS
SM
MD
LG