Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:58

Xəzər rekord sürətlə dayazlaşır


Ötən il Xəzərin sahil xətti 50 metr geriləyib.
Ötən il Xəzərin sahil xətti 50 metr geriləyib.

Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (CASPCOM) məlumatına görə, son bir neçə ildə bu dənizin səviyyəsinin aşağı düşmə tendensiyası müşahidə olunur.

Komitəni Xəzəryanı dövlətlərin hökumətləri yaradıb.

Onun açıqlamasına görə, 2022-ci ildə Xəzər dənizinin (göl) səviyyəsi 27, 2021-ci ildə isə 20 santimetr (sm) aşağı düşüb. "Bu tendensiya 2023-cü ildə də davam etdi", - hökumətlərarası təşkilat yazır.

Məlumata görə, 2023-cü ilin iyununda mövsümi dəyişikliyin pik həddində dəniz səviyyəsi -28.82 metrə enib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26 santimetr aşağıdır.

Xəzər dənizinin Türkmənistan sahillərinin peykdən çəkilmiş görüntüləri dayazlaşmanın sürətli tempini göstərir
Xəzər dənizinin Türkmənistan sahillərinin peykdən çəkilmiş görüntüləri dayazlaşmanın sürətli tempini göstərir

Türkmənistanın adının açıqlanmasını istəməyən ekoloqu da bildirib ki, onun müşahidələrinə görə, son bir neçə ildə Xəzərdə suyun səviyyəsi 40 sm düşüb. "Bu, təkcə Xəzər regionu üçün deyil, həm də onun hüdudlarından çox-çox kənarda ciddi nəticələrə gətirib çıxara bilər", - ekoloq deyir.

Onun sözlərinə görə, suyun azalmasına onun aktiv buxarlanması və neft quyularının artması səbəb olub.

Bununla belə, o, ehtimal edir ki, "fəlakətli" dayazlaşmanın əsas səbəbi Volqa çayının axınının həcminin azalmasıdır: "Volqa çayının Xəzər dənizinə töküldüyü yerdə suyun axını azalıb. Ehtimala görə, bu vəziyyətin yaranmasına səbəb Rusiya Federasiyasının Volqada su elektrik stansiyaları tikməsi, sahilyanı rayonlarda, xüsusən Volqoqrad və Həştərxan vilayətlərində kənd təsərrüfatı işlərini gücləndirməsidir. Bu bölgələrdə çəltik əkininə başlanıb ki, bu da çoxlu su tələb edir".

CASPCOM da bildirir ki, dəniz səviyyəsinin düşməsinin əsas səbəbi Volqa çayının az axımıdır və bu, artıq üçüncü ildir müşahidə olunur. Xəzər dənizinə ümumi çay axımının təxminən 85 faizi Volqanın payına düşür.

"Türkmənistan yaşayış üçün yararsız hala düşə bilər"

Ötən yay AzadlıqRadiosunun müxbirləri xəbər vermişdilər ki, Xəzər sahilində yerləşən Türkmənbaşı şəhərində su 50 metrə qədər çəkilib.

Mərkəzi Asiya üzrə ekspert və Xəzər Siyasət Mərkəzinin məsləhətçilər şurasının üzvü Brüs Panyer hesab edir ki, ərazisinin çox hissəsi səhra olan Türkmənistanda Xəzər dənizinin dayazlaşmasının nəticələri olacaq.

"Ərazisinin 90 faizi səhra olan Türkmənistan bu problemi daha da pisləşdirmək üçün çox şey edib. Torpaqdan səmərəsiz istifadə, səhrada göl yaratmaq kimi sonsuz layihələr. Amudərya quruyur, Türkmənistanda su istehlakı artır, Qaraqum kanalında problemlər var. Amma Türkmənistan problemləri həll etmək üçün kifayət qədər pul xərcləmir, su anbarları tikmir. Bu şəraitdə mənfi iqlim dəyişikliyi təbiidir. Çox güman ki, yaxın bir neçə onillikdə Türkmənistan yaşayış üçün yararsız hala düşə bilər", - ekspert deyir

XS
SM
MD
LG