Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

Qarabaqqal kənd sakini: 'Yağıntı davam etsə, çörəksiz qalacağıq'


Sentyabrın 1-dən 2-sinə keçən gecə Azərbaycan ərazisinə güclü yağış yağıb...
Sentyabrın 1-dən 2-sinə keçən gecə Azərbaycan ərazisinə güclü yağış yağıb...

"Evlərimiz, həyətlərimiz, əkin sahələrimiz, bostanlarımız, tövlələrimiz – hamısı lilli suyla dolub. Fövqəladə Hallar Nazirliyindən xahiş edirik, kəndimizə diqqət yetirsinlər. Küçələrdə qalmışıq".

Sentyabrın 1-dən 2-nə keçən gecə Göyçayda yağan fasiləsiz yağış Qarabaqqal kəndini iflic vəziyyətə salıb. Bunu AzadlıqRadiosu-na kənd sakinləri deyir.

Buna da bax:​ Yağıntı ara verməyəndə narahatlığı artan kənd...

“ÇÖRƏKSİZ DƏ QALA BİLƏRİK”

"Qaynar xətt"ə zəng vuran sakinlər səslərinin dövlət qurumlarına çatdırılmasını istəyiblər. Kənd sakini Tofiq Mürsəlov deyir, yağış hələ də davam edir:

"Həyətlərimiz, evlərimiz lillə dolub. Kənddəki su ötürücüləri sıradan çıxıb. Halbuki, biz tərəflər Göyçayın şimal hissəsi olduğundan hər il ən güclü yağıntılara da bu ərazi məruz qalır deyə, hökumət burada alternativ su ötürücüləri yaratmalıydı".

Kənd sakini Yaqub Tarverdiyev deyir, güclü yağış və külək nəticəsində elektrik dirəkləri də aşıb, naqillər qırılıb və hələ də kəndin elektriklə təchizatı qaydasına düşməyib:

"Göyçayın özündə və başqa kəndlərində də işıqlar sönmüşdü. Ancaq bir çoxunda və şəhərin özündə bərpa olub. Bizim kənd isə iki gündür işıqsız qalıb. Deyirlər, yağış kəssin, əncam çəkəcəklər. Yağıntılarsa elə bil dəqiqəbədəqiqə güclənir. Artıq yollar da keçilməz olub deyə, yağıntı davam edərsə, tezliklə çörəksiz də qala bilərik".

Buna da bax:​ Kəndli: ‘Cənab prezident, bunun bir sonu olacaq, ya yox?..’

“HƏNGAMƏMİZ QARŞIDADIR”

Yaqub Tarverdiyev hesab edir ki, regionların inkişaf proqramı çərçivəsində nəzərdə tutulan işlər yalnız kağız üzərində həyata keçirilir, gerçəkdə isə köhnə hamam, köhnə tasdır. Belə olmasaydı, bircə saatlıq yağış iri bir kəndi iflic etməzdi:

"Bir azca yağış başladısa, vəssalam. İşıq kəsildi, qaz yox, küçələrdəki suötürücülər tutuldu, evləri su basdı, çörək tükəndi... Bir sözlə, yağış yağan kimi həyat dayanır. Hələ qardan danışmıram. Həngaməmiz qarşıdadır".

Göyçay rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, güclü və fasiləsiz yağıntılar bir neçə kəndin enerjisiz qalmasına səbəb olub: "Bu, təbii hadisədir, yağıntılar hər il belə fəsadlar yaradır. Əsasən də kəndlər zərər çəkir. Sakinlərin dedikləri çatışmazlıqlar aradan qaldırılır. Aidiyyəti qurumlara da müraciət olunub. Yağıntılar kəsir, yenidən başlayır, fəsadlar yenidən baş qaldırır. Aidiyyəti qurumlar zərərlərin qarşısını almağa çalışır. Kəndlərin çoxunda enerji verilişi bərpa olunub".

Buna da bax:​ Kəndli: 'Bələdiyyə sədri əkin sahəmi su altında qoyub'

“MAL-QARAMIZ TƏLƏF OLUB”

Yağış Astarada da bir neçə kəndin evlərini su altında qoyub. Bu barədə AzadlıqRadiosu-nun "Qaynar xətt"inə şikayət rayonun Ərçivan kəndinin sakinlərindən daxil olub. Onların deməsinə görə, əsasən, Ərçivan və Artupa kəndləri yağışdan zərər çəkib. Ərçivan sakini Namiq Muxtarov:

"Mal-qaramız, quşçuluq təsərrüfatımız tələf olub. Yüzlərlə quru ot bağlamalarımız suyun altında qalıb yararsız hala düşüb. Əsasən, çiy kərpicdən olan tikililərə ciddi ziyan dəyib. Şəxsən mənim 240 toyuğum tələf olub, 85 quru ot bağlamam yararsız olub".

Kəndlilər əkin sahələrindən məhsulu toplamağa da gec qalıblar. Onların deməsinə görə, aqrotexnika çatışmazlığı üzündən taxıl sahədə toplanmamış qalaraq suyun içində məhv olub.

Buna da bax: Şikayət: 'Xırdaoymaqda istifadəsiz torpaqlar var, özümüz acından ölürük'

Astara rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, iki gündür icra hakimiyyətinin, bələdiyyələrin və rayon fövqəladə hallar komissiyasının nümayəndələri yağıntıdan zərər çəkmiş kəndlərdədir. Selin fəsadları aradan qaldırılır. "Enerji verilişində problem vardı, o da aradan qaldırılır", – qurumdan bildirilib.

XS
SM
MD
LG