Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:56

YAP-çı deputat: 'Hətta bizi qardaş Qazaxıstanla müqayisə etmək düzgün olmaz...'


G.Hacıbəyli
G.Hacıbəyli

Gültəkin Hacıbəyli: «Bu, ciddi geriçəkilmə deyil»

«İndiki məqamda hakimiyyətin atdığı addımlar kosmetik xarakterlidir», –Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli AzadlıqRadiosuna söyləyir. O hesab edir ki, Azərbaycan iqtidarı xalqla arasındakı uçurumun dərinləşməsini istəmirsə, daha konseptual və ciddi addımlar atmalıdır.

Məsələ bundadır ki, bu il yanvarın 19-da Milli Şuranın təşəbbüsü və başqa müxalif qüvvələrin iştirakı ilə keçirilən mitinqdən sonra hakimiyyətin bəzi dəyişikliklərə getməsi, sərt siyasəti yumşaltması haqda təəssürat yaranmaqdadır. Və bu haqda hakimiyyətin tənqidçiləri daha çox danışmağa başlayıb. Buna müxtəlif səbəblər göstərilir – dövlət başçısının xalq arasında daha tez-tez görünməsi, mitinqdən az sonra videobloqer Mehman Hüseynovla bağlı yeni ittihamlara xitam verilməsi; qeydiyyatsız evlərlə bağlı fərmanın imzalanması; Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanlardan bəzilərinin yaxınlarının, ailələrinin 11 min manatlıq müavinəti ala bilməməsi ilə bağlı aylardır davam edən mübahisənin İlham Əliyevin müdaxiləsi ilə həlli; ləğv edilən dövlət qurumlarında çalışanların işsiz qalmaması ilə bağlı birinci vitse-prezidentin söylədikləri və sairə. Hətta hökumət 4 ildən çoxdur davam edən bir mübahisə - problemli kreditlərin həlli ilə bağlı müzakirələr aparıldığını da bildirir. İndiyə qədər bu problemin həllini bir neçə deputat hökumətdən israrla istəsə və Konstitusiya Məhkəməsinə iki dəfə müraciət edilsə belə, cavab reaksiyası indi gəlməkdədir.

G.Hacıbəyli də 19 yanvar mitinqindən sonra hakimiyyətin geri çəkilməyə başladığını güman edənlər sırasındadır. Hərçənd, bunu «ciddi geriçəkilmə» saymır və hakimiyyətin atdığı addımları islahat kimi dəyərləndirmir: «Burda «islahat» sözünün ilk hərfləri belə yoxdur. Sadəcə, indi hakimiyyət insanları əzərkən daha ehtiyatlıdır, tərəddüdlüdür, bir qədər təmkinli davranır, aqressiyasını bir qədər azaldıb. Ancaq baş verənləri yumşalma və ya islahat kimi qələmə verməzdim».

Bununla belə, siyasətçi xanım son hadisələri müsbət dinamika kimi xarakterizə etməkdədir və bunu xalqın meydana çıxmasının nəticəsi kimi qələmə verir: «Həmin gün hakimiyyət xalqın qəzəbli olduğunu gördü. Artıq anladı ki, məsələ daha ciddidir, hakimiyyətlə xalq artıq kəskin ziddiyyət mərhələsindədir».

M.İbrahimqızı
M.İbrahimqızı

Hakimiyyət nə deyir?

Hərçənd, hakimiyyət təmsilçiləri bu yanaşmanı qəbul etmirlər. «Son illər Azərbaycanda hansı işlər görülürsə, indi də həmin işlər davam etdirilir», – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Məlahət İbrahimqızı AzadlıqRadiosuna deyir.

«Mənim belə düşüncəyə yazığım gəlir. Belə fikrə nə deyəsən? Bunlar ilk dəfə baş vermir. 7-8 il qabaq parlamentdə şəhid ailələrinə təqaüdün artırılması müzakirə edilirdi. Maliyyə Nazirliyi hesablama aparmalı idi və s. Amma dövlət başçısı buna imkan vermədi, iclas qurtarmamış prezident tapşırıq verdi ki, məsələ həll olunsun», – o, sözlərinə əlavə edir.

Deputat prezident İ.Əliyevin həmişə xalq arasında olduğunu qeyd edir: «2003-cü ildən, elə parlamentə seçilən gündən camaatın içindədir. Təzə seçilmişdi, Lənkəranda bina uçmuşdu, elə gecəylə ora getdi. Bu yaxınlarda Biləsuvarda olanda dedi ki, bu bölgəyə 27 dəfə gəlib. Cənab prezident 16 ildir dövlət başçısıdır, bir rayona 27 dəfə gedirsə, bir rayona ildə iki dəfə getmiş sayılır. Prezidentin işi-gücü təkcə bütün günü rayonlarda gəzmək deyil ki. Onun xarici səfərləri var, işləri var, müharibə gedən ölkədir, ordu quruculuğu var. Siz hər işə qərəzli yanaşırsınız. Xoş olmayan niyyət var».

Deputat ölkədə islahatlar aparıldığını vurğulayır: «İslahat da inqilab deyil, axı. İnqilabla islahat ayrı-ayrı şeylərdir. İslahat təkamül yolu ilə getməkdir. Azərbaycanda birdən-birə inqilabi islahatlar ciddi fəsadlar yarada bilər. Bunun nəticəsini başqa ölkələrdə də görmüşük. Ona görə də möhtərəm prezidentimiz islahatları ardıcıl, zamanında aparır. Bəzən Azərbaycanı elə ölkələrlə müqayisə edirlər ki, düşünürsən nə qədər ədalətsiz yanaşmadır. Hətta bizi qardaş Qazaxıstanla müqayisə etmək düzgün olmaz, onun qaçqın dərdimi var? Ona görə ölkəmiz gücləndikcə əhalinin rifahı da yaxşılaşır, əmək haqları da artırılır, sosial problemləri də həll olunur».

Amma deputat razılaşır ki, Azərbaycanda vəzifəsini icra etməyən məmurlar var və problemlər də burdan qaynaqlanır.

«Aşağı, orta səviyyədə məmur problemi var, bunu prezident də deyir. Amma bu o demək deyil ki, bu, prezidentin siyasətinin tərkib hissəsidir. Gərək insanın vicdanı olsun. Vəzifəsini yerinə yetirə bilməyənlərin axırını da görürük. Bunu ictimaiyyət də bilir. Ona görə qoyulan sualla razı deyiləm ki, son vaxtlar... Gülməli gəlir», – YAP-çı deputat M.İbrahimqızı söyləyir.

«Əslində, hökumətin özünün yumşalmalara getməməsi haqda dedikləri özü gülməlidir. Ortada faktlar, reallıqlar var. Hökumət yalnız bu mitinqdən sonra və Mehman Hüseynovla bağlı ümumxalq iradəsini görəndən sonra geri çəkilməyə başladı», – bunu da G.Hacıbəyli deyir.

XS
SM
MD
LG