Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:57

Şahramanyan: ‘Müharibə dayanmasaydı onlar şəhərə girib uşaqları öldürəcəkdilər’ (Video)


Samvel Şahramanyan etirazçıların qarşısına çıxıb
Samvel Şahramanyan etirazçıların qarşısına çıxıb

Bir qrup Qarabağ ermənisi oktyabrın 20-də “Dağlıq Qarabağın Yerevandakı nümayəndəliyi”nə basqın edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, onlar Qarabağın keçmiş separatçı lideri Samvel Şahramanyanla görüş tələb edirdilər.

Şahramanyan etirazçıların qarşısına çıxaraq gələn həftə görüş keçirməyi təklif edib:

“Mən atdığım bütün addımlara və qəbul etdiyim bütün qərarlara görə sizin hamınızın qarşısında məsuliyyət daşıyıram. Amma bizim bir ümumi vətənimiz də var. Bu, Ermənistandır. Biz onun taleyini təhlükə altında qoya bilmərik”.

“Qarabağ Respublikasının” buraxılmasına dair fərman imzalamış Şahramanyan daha sonra deyib:

“İndi burda baş verənlər bizim vəziyyətimizi daha da pisləşdirir. Kütləvi informasiya vasitələrindən yayınmaq mümkün deyil. Mənim sizə deyəcəklərimdə Ermənistanın və Artsaxın (Qarabağ-red) gələcək taleyi üçün çox böyük təhlükə var”.

“Bu sənədi oxuyanınız olubmu?”

Şahramanyan “Dağlıq Qarabağ Respublikasının” ləğv olunmadığını iddia edib:

“Bu sənədi oxuyanınız olubmu? Bu sənədlə bağlı çox suallar var, amma mən bunlar barədə burda danışa bilmərəm”.

Keçmiş separatçı lider vurğulayıb ki, “xalqın yaratmış olduğunu” fərmanla ləğv etmək olmaz.

Şahramanyanın sözlərinə görə bu sənəd hərbi əməliyyatların dayandırılması üçün imzalanıb:

“Əgər biz bilsəydik ki, bu hərbi əməliyyatda qalib gələ bilərik, sona qədər gedərdik. Biz uşaqlarımızı, mülki əhalini qoruyub saxladıq. Əgər müharibə bir saata dayanmasa idi, onlar şəhərə (Xankəndi-red) girib uşaqları öldürəcəkdilər”.

Ən son məlumata görə nümayəndəlik binasının qarşısındakı gərginlik hələ də aradan qalxmayıb. Ora polis qüvvəsi gətirilib.

Azatutyun yazır ki, bu ərazidə keçmiş “Qarabağ məmurlarından” birinin avtomobilinə ziyan vurulub.

Qarabağın “operativ qərargahı” da fəaliyyətini dayandırır

Bu arada verilən başqa xəbərlərdə deyilir ki, Qarabağın Yerevandakı “operativ qərargahı” fəaliyyətini dayandıracaq.

Qərargahın məlumatında deyilir ki, Qarabağdan olan köçkünlər səhiyyə, təhsil, sosial təminat və başqa problemləri ilə bağlı Ermənistan Respublikasının müvafiq nazirliklərinə müraciət etməlidirlər.

Köçkünlərə bu da bildirilir ki, onlara yardımlarla bağlı məsələlərlə Ermənistan hökuməti yanında Humanitar Mərkəz məşğul olur.

Məlumatda deyilir ki, bununla bağlı Qarabağın Yerevandakı operativ qərargahı fəaliyyətini dayandıracaq.

Qırmızı Xaç Qarabağda ev-ev gəzib erməni sakinləri axtarır
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Bundan əvvəl

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və ya 44 günlük müharibənin dayandırılması üçün həmin ilin 10 noyabrında Moskvanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanat imzalanıb.

Bundan sonra Azərbaycan həmin bəyanatın şərtlərinə görə Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasını, oradakı qanunsuz hərbi birləşmələrin ləğvini tələb edib.

Nəhayət 2023-cü il sentyabrın 19-da Bakı Qarabağda “lokal antiterror əməliyyatına” başladığını elan edib.

Azərbaycan tərəfinin verdiyi xəbərdə deyilirdi ki, separatçı rejimin başçısı Samvel Şahramanyan separatçı qurumun gələn il yanvarın 1-dən fəaliyyətini dayandıracağı barədə fərman imzalayıb. Bu sənədə görə habelə separatçı hərbi birləşmələrin buraxılması, silahların təhvil verilməsi elan edilib.

Bunun ardınca Qarabağ ermənilərinin Ermənistana kütləvi axını başlanıb.

Azərbaycan Xankəndidə və Qarabağın başqa rayonlarında nəzarətini bərpa etdiyini bildirib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG