Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:57

Zaxarova deyir ki, ermənilərin Qarabağı tərk etməsi Avropanın vasitəçiliyinə görə olub


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Rusiya dekabrın 6-da onun Azərbaycanla Ermənistan arasında sülh danışıqları təşkil etmək təklifinə Yerevan tərəfindən məhəl qoyulmamasını və Yerevanın bu məsələdə daha çox Qərb vasitəçilərinə meyllənməsini pisləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 6-da keçirdiyi brifinqdə Yerevanın belə siyasətinin erməni xalqına bəla gətirə biləcəyini deyib:

"Biz ölkələrə (Azərbaycan və Ermənistana – red) Moskvada və ya üçüncü ölkələrdə keçirilən çoxtərəfli tədbirlərin meydançasında danışıqlar üçün təklif göndərmişik. Bakı belə danışıqların keçirilməsinə hazır olduğunu daim bildirib. Təəssüf ki, eyni sözləri erməni partnyorlarımız haqqında deyə bilmərik”.

“Qərblə oturub-durmağın nəticəsi”

Zaxarova, belə görünür, Ukraynanın Qərblə yaxın münasibətlərinə və ona qarşı Rusiyanın tammiqyaslı müdaxiləsinə işarə ilə deyib:

“Yəqin onlar (Ermənistan hakimiyyəti-red) hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən, Parisdən olan yeni məsləhətçiləri onlara daha maraqlı, daha səmərəli nə isə təklif edə bilərlər. Bilmirəm. Düşünürəm ki, Aİ-nin egidası altında, o cümlədən Praqa və Brüsseldə oturub-durmağın nəyə gətirib çıxaracağını anlamaq üçün qonşuların bundan əvvəlki təcrübəsini qiymətləndirmək həmişə faydalıdır”.

Mariya Zaxarova bildirib ki, Avropa İttifaqının 2022-ci ilin oktyabrında və mayında keçirdiyi Ermənistan-Azərbaycan sammitləri Yerevan üçün yaxşı qurtarmayıb.

Rusiya XİN-in nümayəndəsi deyib ki, həmin sammitlərdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinin gündəlikdə olmaması erməni əhalinin Qarabağdan çıxması ilə nəticələnib:

“Yenə də deyirəm: Praqada və Brüsseldə belə olub. Məhz qərblilərin köməyi ilə...Bunu vurğulamaq istəyirəm. Bilirəm ki, bu sözlərim müvafiq Ermənistan KİV-lərində təhrif olunacaq. Məhz qərblilərin vasitəsilə müvafiq sənədlərdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi haqqında bircə söz də deyilmirdi...Əgər həmin müddəalar sənəddə yer alsaydı, Yerevan hakimiyyətinə ümid edərək evlərini tərk edən adamlarda nə etməli olduqlarına dair suallar yaranmazdı”.

Paşinyan məhz Aİ sammitlərində...

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və onun Qarabağ üzərində suverenliyini tanımasını məhz Aİ-nin keçirdiyi sammitlərdə bəyan edib.

Rusiya rəsmiləri bundan əvvəl deyirdilər ki, Paşinyan bununla da faktiki olaraq Azərbaycanın Qarabağda hərbi əməliyyat keçirməsinə və erməni əhalinin bölgəni tərk etməsinə yol açıb.

Mariya Zaxarova vurğulayıb ki, “indi özünü Ermənistanın ən yaxşı dostu kimi göstərən Qərbin verəcəyi məsləhətlər onun üçün yeni sürprizlərlə nəticələnə bilər”.

Azatutyun yazır ki, Ermənistan Azərbaycanın sentyabrın 19-20-də xüsusi əməliyyat keçirməsinə imkan verdiyinə və Ermənistan qarşısında öhdəliklərinə əməl etmədiyinə görə məhz Moskvanı ittiham edir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də bundan əvvəl Rusiya sülhməramlılarına işarə edərək “Moskvanın Qarabağ ermənilərinə xəyanət etdiyini” bildirmişdi.

Azatutyun yazır ki, Ermənistanın Rusiya ilə münasibətləri Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan sonra xüsusilə pisləşib.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG