Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:52

Zyuqanov 'müharibə' deyir. Səfərbərlik elan olunsa…


Ukraynalı hərbçilər Xarkovda dağılmış Rusiya tankını təmir edirlər
Ukraynalı hərbçilər Xarkovda dağılmış Rusiya tankını təmir edirlər

Təhlilçilər Kremlin bu tərəddüdünü hazırda Ukraynadakı müharibənin rusiyalıların çoxu üçün uzaq bir hadisə olması ilə izah edirlər

Rusiya Kommunist partiyasının rəhbəri Ukraynanın müharibədə qazandığı uğurlar fonunda parlament üzvlərinin üzləşdyi "son dərəcə çətin və narahatedici vəziyyətdən” danışıb.

"Xatırladığım qədər heç vaxt belə bir şey görməmişəm. Ukraynada xüsusi hərbi əməliyyat tammiqyaslı müharibəyə çevrilib”,Gennadi Zyuqanov sentyabrın 13-də Rusiya Dumasında çıxışı zamanı deyib.

“Donbasda qələbə...”

"Müharibə və xüsusi əməliyyat kökündən fərqlənir. Müharibəni istəsən də bitirə bilməzsən; qələbə və ya məğlubiyyətədək vuruşmalısan. Donbasda qələbə bizim tarixi tələblərimiz məsələsidir…”, – o deyib.

Ancaq onun sözləri partiyasının dərc etdiyi, öncədən hazırlanmış çıxışdan fərqlənir. Partiyanın yaydığı çıxışda deyilir: "İndi qüvvə və resursların maksimum səfərbərliyi tələb olunur”.

Zyuqanov bununla Ukrayna müharibəsi ətrafındakı diskursa yenilik gətirib. O, Ukraynada baş verənləri “müharibə” adlandırıb. Martda Dövlət Duması Ukraynaya hücumu “müharibə” adlandıranlara qarşı ciddi tədbirlər nəzərdə tutan tələsik qanun qəbul etmişdi. Hücumu “müharibə” və ya “müdaxilə” adlandıran tənqidçilərsə “silahlı qüvvələri gözdən salma” və “yanlış məlumat yayma” maddələri ilə təqib olunurlar.

Panika

Təhlükəsizlik siyasətinə Putinin əhatəsində olan az sayda hərbi və kəşfiyyat zabitlərinin nəzarət etdiyi ölkədə Zyuqanovun təsiri məhdud olsa da, onun sözləri təəccüblə qarşılanıb. Çıxış eyni zamanda Rusiyanın müharibə elan edərək hərbi səfərbərliyə başlamağa məcbur olub-olmayacağı ilə bağlı müzakirələrə yol açıb.

Hakim “Yedinaya Rossiya” partiyasından olan deputat, Dumanın Təhlükəsizlik komissiyasının üzvü Mixail Şeremet də bir radio müsahibəsində tam səfərbərliyin elan edilməsinə çağırıb. O, Rusiyanın səfərbərliksiz istədiyi nəticələri ala bilməyəcəyini deyib. "Demək istəyirəm ki, bu gün cəmiyyət qələbəni qarşısına məqsəd qoyub mümkün qədər sıx birləşməlidir”, – o söyləyib.

Hazırda xaricdə yaşayan rusiyalı müstəqil hərbi ekspert Yuriy Fyodorov “Nastoyaşeye Vremya”ya deyib ki, “Rusiya nomenklaturasının ən yüksək çevrələri” labüd məğlubiyyəti hiss etdikləri üçün panikaya düşürlər. "Bu panika içində də onlar səfərbərlik, müharibə elanı, Qərbin müharibə elan etməsi kimi köhnə ideyalara qayıtmağa başlayırlar”, – Fyodorov deyir.

İtki sayı açıqlanmır

Rusiya fevralda Ukraynaya hücuma başlayandan bəri, xüsusən də Kiyevi işğal edə bilməyəndən sonra Rusiya ordusu dünyada çox yaxından izlənməkdədir.

Bir çox təhlilçilər hesab edirlər ki, canlı qüvvə Kremlin əsas problemlərindən biridir. Qərbin get-gedə artan hesablamalarına görə, Rusiya fevraldan bəri 25 min hərbçisini itirib. Ölən və yaralananların ümumi sayı isə 80 minə çatır.

Bununla yanaşı Kreml, böyük ehtimalla daxili siyasi problemlərdən yayınmaq üçün kütləvi səfərbərlik etmək istəməyib. Təhlilçilərin sözlərinə görə, şəhər yerlərindən və peşəkar siniflərin arasından kişilər müharibəyə göndərilsə ictimai rəy kəskin şəkildə müharibəyə qarşı çevrilə bilər. Buna görə də hökumət müqaviləli əsgərlərdən istifadəyə məcbur olub. Onların da çoxu ucqar və yoxsul ərazilərdəndir.

Hökumət ordu sıralarını doldurmaq üçün özəl muzdlu əsgər şirkətlərindən tutmuş çağırışla orduda olanları vaxtında evə buraxmamağa qədər cürbəcür üsullara əl atır.

Səfərbərlik çağırışları

Bu yaxınlarda Rusiyanın dünyada ad çıxarmış özəl hərbi şirkətlərinə nəzarət edən Yevgeni Priqojinin bir həbsxanada çəkilmiş videosu yayılıb. Videoda Priqojin dustaqları Ukraynada döyüşmək üçün onun şirkətinə qoşulmağa çağırır.

Sentyabrın 10-dan bəri belə çağırışlar artıb.

"Əgər siz Ramzan Kadırov kimi məndən soruşsanız, mən hərbi vəziyyət və səfərbərlik elan edərdim. Xalqı hərbi vəziyyətə hazırlamağa başlayardım. Biz sabah nə olacağını bilmirik. Ölkə rəhbərliyinin səfərbərlik elan etməsini gözləməməliyik. Hamımız səfərbər olmalıyıq. Hər region qüvvə göndərməli, yəni ordunu dəstəkləmək üçün əlindən gələni etməlidir”, – Ukraynaya çox sayda əsgər göndərən Çeçenistan lideri “Telegram”da paylaşdığı bir videoda deyir.

Kreml sözçüsü Dmitri Peskov sentyabrın 13-də səfərbərliyin hələlik, müzakirə mövzusu olmadığını söyləyib. O bunun dəyişib-dəyişməyəcəyi haqda sualı cavabsız qoyub.

Putinə dəstək azala bilər

Təhlilçilər Kremlin bu tərəddüdünü hazırda Ukraynadakı müharibənin rusiyalıların çoxu üçün uzaq bir hadisə olması ilə izah edirlər. Aparılan rəy sorğuları göstərir ki, bir çox insan müharibəyə fikir də vermir. Əhalini səfərbər etməksə dərhal cəmiyyətin müxtəlif təbəqələrində müqavimətə səbəb ola, Putinə dəstəyi kəskin azalda bilər.

Bəzi müşahidəçilər Putinin qismən səfərbərlik elan edə biləcəyini deyirlər. Bu halda ehtiyatda olan əsgər və zabitlər, yəni son beş ildə hərbi xidmət keçən 2 milyonadək kişi orduya çağırıla bilər.

Ancaq bu da Rusiyanın “xüsusi hərbi əməliyyatın” pis getməsini etiraf etməsi demək olacaq. Bu isə hökumətin bu vaxta qədər təqdim etdiyi xoş mənzərəni alt-üst edə bilər.

Üstəlik, səfərbər olunan qüvvənin effektiv saya çatdırılması da aylarla vaxt ala bilər. Döyüşdə belə hərbi birləşmələrinə komandirlik etməyə aşağı və orta rütbəli zabitlərin çatışmazlığı da problemə çevrilə bilər.

XS
SM
MD
LG