Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqını (Aİ) etirazçıları daha çox dəstəkləməyə və blokla danışıqlardan imtina edən "Gürcü arzusu"na yeni seçkilər keçirilməsi üçün təzyiq göstərməyə çağırıb.
"Avropa təzyiq rıçaqları tapmalıdır. Əgər Avropa 3.7 milyon əhalisi olan ölkəyə təsir edə bilmirsə, 21-ci əsrdə nəhəng ölkələrlə rəqabətə necə dözəcək?", - Zurabişvili dekabrın 18-də Strasburqda Aİ qanunvericiləri önündəki çıxışında belə deyib.
Dekabrın 16-da Aİ xarici işlər nazirləri bir neçə gürcü məmuruna qarşı viza məhdudiyyətləri tətbiq etməyə razılaşsa da, Macarıstan və Slovakiya sanksiyalar paketini bloklayıb.
"Gürcülər gecə-gündüz mübarizə apardığı bir vaxtda avropalılar gec oyanır və gec reaksiya verir", - Zurabişvilinin sözləridir.
Avropa Şurasının rəhbəri Gürcüstanda səfərdədir
Bu arada, dekabrın 18-də Avropa Şurasının baş katibi Alen Berse Gürcüstana dördgünlük səfərə gəlib.
Berse açıqlamasında bildirib ki, səfərinin məqsədi polisin etirazçılara zor tətbiqindən sonra AŞ ilə Gürcüstan hökuməti arasında əməkdaşlığın davam etdirilməsi üçün şərtlərə cavab verilib-verilməməsini yoxlamaqdır.
"1999-cu ildən Avropa Şurasının üzvü olan Gürcüstan demokratiya, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi kimi fundamental öhdəliklərinə hörmət etməyə borcludur", - Bersenin səfərdən öncə yayılan bəyanatında belə deyilib.
O, tərəfləri gərginliyi artırmamağa, polisi isə "qeyri-mütənasib" güc tətbiqindən çəkinməyə çağırıb. Bersenin fikrincə, söz və toplaşma azadlıqlarına sayqı Gürcüstanda sabitliyi təmin etmək və gürcülərin gözləntilərini doğrultmaq baxımından önəmlidir.
Xatırlatma
Müxalifətdən olan deputatlar parlament seçkilərinin nəticəsini tanımayıb, hakimiyyətini saxlamaq üçün "Gürcü arzusu"nun seçkini saxtalaşdırdığını iddia ediblər.
Ötən ay Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının ertələnməsi barədə hakim partiyanın qərarı ölkədə siyasi böhran yaradıb.
Hakimiyyət nümayişlərə sərt reaksiya verib və son üç həftədə yüzlərlə insan saxlanılıb.
ABŞ və Aİ müxalifətə, jurnalistlərə qarşı zorakılığı qınayıb.
16 dekabr
Gürcüstan Litva və Estoniyaya cavab sanksiyası tətbiq etməyəcək
Baş nazir İrakli Kobaxidzeyə və "Gürcü arzusu"nun digər üzvlərinə qarşı Estoniya və Litvanın sanksiya qərarları Gürcüstanın əleyhinədir, ancaq o ölkələrin xalqlarına "sayqı əlaməti olaraq" cavab sanksiyaları olmayacaq.
"Gürcü, eston və Litva xalqları arasında ənənəvi dostluğa təhlükə yaratmamaq üçün hər iki dövlətlə birtərəfli tərəfdaşlıq rejimində qalmağa qərar veririk", - Gürcüstan hökumətinin açıqlamasında belə deyilir.
Açıqlamada Estoniya və Litva Avropa İttifaqının ən məhdud suverenliyi olan üzvləri kimi dəyərləndirilir və hər iki ölkənin öz xalqlarının maraqlarını deyil, xarici ölkə hökumətlərinin göstərişlərini rəhbər tutduğu vurğulanır: "Çox təəssüf ki, Litva və Estoniya 33 illik müstəqilliyi tarixində hələ də sovet mentalitetindən qurtula bilməyib. Dost eston və Litva xalqlarına suverenliklərini möhkəmləndirməyi və 2025-ci il üçün ən yaxşı arzularımızı çatdırırıq".
Estoniya Kobaxidze və daha 13 məmur və hakimə, Litva da baş nazirlə yanaşı, hakimiyyətin daha 16 nümayəndəsinə ölkələrinə girişi yasaqlayıb.
Bir müddət əvvəl Litva, Estoniya və Latviya insan haqlarını pozduğuna görə "Gürcü arzusu"nun qurucusu, milyarder Bidzina İvanişviliyə, DİN-in rəhbər və digər məmurlarına qarşı sanksiyalar tətbiq edib.
13 dekabr
ABŞ Gürcüstanın 20-dək vətəndaşına viza məhdudiyyətləri tətbiq edib
ABŞ Dövlət Departamenti 20-dək Gürcüstan vətəndaşına "demokratiyanı sarsıtdığı üçün" viza məhdudiyyətləri tətbiq edib.
Məhdudiyyətlər "Gürcü arzusu"ndan bəzi parlament üzvlərini, hüquq-mühafizə və güvənlik xidmətləri əməkdaşlarını, onların ailələrini əhatə edəcək.
"Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o sıradan etirazçılara, media və müxalifət nümayəndələrinə, insan haqları müdafiəçilərinə qarşı "Gürcü arzusu"nun davam etdirdiyi qəddar və əsassız zorakılığı qətiyyətlə pisləyir", - Dövlət Departamentinin nümayəndəsi Metyu Miller belə deyib.
O əlavə edib ki, ABŞ "Gürcüstanda demokratiyanı sarsıdanları" məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər, o sıradan sanksiyalar hazırlayır. "Biz gürcüstanlılarla birlikdə güclü, çiçəklənən və demokratik, Avro-Atlantik cəmiyyətlə sıx bütövləşmiş Gürcüstan görmək istəyirik".
Gürcüstan parlamenti "Xarici təsir haqqında" qanunu qəbul edəndən sonra ABŞ ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bugünədək sanksiyalar "Gürcü arzusu" ilə bağlantılı 100-dən çox şəxsi əhatə edib.
Etirazların dağıdılmasına görə Estoniya, Latviya və Litva "Gürcü arzusu"nun təsisçisi Bidzina İvanişviliyə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə sanksiya tətbiq edib. Ukrayna da İvanişvili və daha 18 şəxsə qarşı sanksiyalar qəbul edib. Böyük Britaniya Gürcüstanla bağlı bütün yardım proqramlarını dayandırıb və Gürcüstan hökumətiylə əlaqələrini məhdudlaşdırıb.
ABŞ Maliyyə Nazirliyi də DİN ilə "Alt-İnfo" siyasi qrupunun hər birindən iki üzvünə qarşı sanksiyalar qəbul edib.
Bu arada dekabrın 12-də Fransa prezidenti Emmanuel Makron gürcü etirazçılarla həmrəyliyini bildirərək hökumətin Aİ ilə danışıqları dayandırmasını satqınlığa bənzədib. İvanişvili ilə birsaatlıq telefon danışığından sonra Makron "qanunsuz həbs edilmiş bütün insanların azadlığa buraxılmasını, söz və toplaşmaq azadlığına sayqı göstərilməsini tələb edib".
Tənqidçilər 2012-ci ildən hakimiyyətdə olan "Gürcü arzusu"nu və onun Rusiyayönlü təsisçisi milyarder, keçmiş baş nazir B.İvanişvilini getdikcə avtoritarlaşmaqda suçlayırlar.