Avropa ölkələri canavarların qorunma statusunu aşağı endirib

Canavarlar

Avropa ölkələri canavarların qorunma statusunun aşağı salınması haqda təklifi dəstəkləyib. "Politico" nəşrinə dayanan AzadlıqRadiosu bildirir ki, mal-qaraya hücum çəkən canavarların öldürülməsinə daha çox sərbəstlik verilməsi Avropa ittifaqı (Aİ) və fermerlərin böyük qələbəsi sayılır.

Dekabrın 3-də Strasburqda Avropada vəhşi təbiət və təbii yaşayış oylaqlarının mühafizəsi haqqında Bern Konvensiyasının üzvləri canavarların statusunu "ciddi qorunan növ"dən "qorunan növə" endiriblər.

Bu qərar hökumətlərdən ötrü heyvanların ovlanma məsələsinin həllini asanlaşdıracaq. Bütün prosesin bir ilədək sürəcəyi gözlənilir.

"Politico"nun bilgisinə görə, canavarların qorunma statusunun endirilməsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin şəxsi qələbəsidir. İki il öncə canavar onun Dolli adlı ən sevimli ponisini parçalamışdı. Fon der Lyayen qərarı "avropalı kənd icmaları və fermerlər üçün önəmli xəbər" adlandırıb. Onun fikrincə, sözügedən qərar vəhşi təbiətin qorunmasına və ev heyvanlarının mühafizəsinə balanslı yanaşmanı nəzərdə tutur.

Qərarı ovçular da olumlu qarşılayıb. "Bəzi hüquqi əngəllər qalsa da, indi onları dəf etmək olar", - Avropa Ovçular Federasiyasının prezidenti Lorens Xudemaker belə deyib.

Aİ-nin bütün 27 üzv ölkəsiylə yanaşı, bu təklifi Andorra, Ermənistan, Gürcüstan, İslandiya, Norveç, Şimali Makedoniya, Moldova, Lixtenşteyn, Serbiya, İsveçrə və Ukrayna da dəstəkləyib. İngiltərə, Monteneqro, Bosniya və Herseqovina, Monako və Albaniya qərarın əleyhinə çıxıb, Tunis və Türkiyə isə bitərəf qalıb.

Bern Konvensiyasına üzv ölkələrin, azı, 17-si etiraz etməsə, dəyişiklik üç aydan sonra qüvvəyə minəcək.