Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı sayca 15-ci sanksiyalar paketini qəbul ediblər. Sanksiyalar Rusiya neftini daşıyan tankerlərə şamil ediləcək.
Kreml "kölgə donanma" kimi tanınan köhnə və sığortalanmamış neftdaşıyan gəmilərdən Qərbin sanksiyalarından yayınmaq və gəlir mənbələrini qorumaq üçün yararlanır. Bu gəmilərin indiki durumu həm də çevrəyə təhlükə və fəlakət qaynağı sayılır.
Sanksiyalar Kiyevdəki "Oxmadit" uşaq xəstəxanasına hücuma görə məsuliyyət daşıyan hərbi hissəyə, Rusiya enerji sektorunda aparıcı şirkətlərin top-menecerlərinə, ukraynalı uşaqların deportasiyasına görə məsuliyyət daşıyan şəxslərə, Şimali Koreyanın iki yüksəkvəzifəli məmuruna tətbiq edilib.
Aİ bu paketlə Rusiyanın bundan əvvəlki sanksiyalardan yayınmasını və Ukraynada savaşı sürdürməsini əngəlləmək istəyir.
"Bu sanksiyalar paketinin məqsədi Rusiya və savaşı dəstəkləyənləri, o sıradan Çin şirkətlərini zəiflətməkdir", - dekabrın 16-da Aİ-nin xarici siyasət rəhbəri Kay Kallas belə deyib.
"Bu, Aİ üzvlərinin Ukraynaya davamlı dəstək məsələsindəki birliyinə işarədir. Başlıca öncəliyimiz - Ukraynanı mümkün qədər güclü mövqeyə daşımaqdır. Biz Ukrayna xalqını humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi sahələrdə dəstəkləyəcəyik. Ukraynanın qalib gələcəyinə şübhə ola bilməz", - yenə Kallasın sözləridir.
Aİ Şurası "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini zəiflətməyə və ya təhdid yaratmağa görə məsuliyyət daşıyan" 54 fiziki və 30 hüquqi şəxsə qarşı önəmli tədbirlər paketini razılaşdırıb.
Aİ Ukraynaya, azı, 18 milyard avro ayıracaq
"Rusiyanın savaş qabiliyyətini daha da məhdudlaşdırmaq cəhdləri davam etdirilməlidir", - keçiriləcək Aİ sammitinin yekunlarına dair indi hazırlanmış işçi bəyanatda belə deyilir.
AzadlıqRadiosunun tanış olduğu bu sənəddə Aİ Şurası İran və Şimali Koreyanı Rusiyanın Ukraynaya qarşı təcavüzünü sürdürməyə kömək etdikləri üçün "qəti şəkildə qınayır".
Blok Moskva və Tehran arasında artan hərbi əməkdaşlığın və Şimali Koreyanın öz hərbçilərini savaş bölgəsinə göndərməsinin beynəlxalq sülh və güvənliyə ciddi fəsadlar doğuracağını bildirərək, hər iki ölkəni Rusiyaya yardımı dayandırmağa çağırıb.
Aİ Rusiya işğalına qarşı mübarizə üçün Ukraynaya maliyyə yardımı göstərməyə davam edəcək. Blok gələn ilin yanvarından başlayaraq Kiyevə toplam 18.1 milyard avro ayırmağı planlaşdırır.
Aİ suriyalıları inklüziv hökumət qurmağa çağırıb
Aİ Suriyada Bəşər Əsədin "cinayətkar" rejiminin çökməsini müsbət qarşılayaraq tərəfləri azlıqların hüquqlarını qoruyan hökumətin yaradılmasından ötrü inklüziv və suriyalıların rəhbərlik etdiyi siyasi prosesə qatılmağa çağırıb.
Suriyaya dəstəyin müxtəlif variantlarını hazırlamaq məqsədilə blokun xarici siyasət rəhbərinə müraciət ediləcək.
Aİ Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
Qəzzadakı savaşa gəlincə, blok dərhal atəşkəs elan olunmasını, Aİ və ABŞ-nin terrorçu təşkilat kimi tanıdığı HƏMAS-ın saxladığı əsirlərin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
Aİ İsrail-Fələstin münaqişəsinin həlli, "ədalətli və davamlı" sülhün bərqərar edilməsi üçün "iki dövlətli" çözümlə bağlı mövqeyini bir daha vurğulayıb.
Aİ-nın sammiti dekabrın 19-da Brüsseldə keçiriləcək.