Xalq cəbhəsi üzvü 10 sutka həbsə məhkum edilib

Ceyhun Novruzov

Dekabrın 14-də Bakının Səbail rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) eyni adlı rayon təşkilatının sədri Ceyhun Novruzovu 10 sutka həbs etdiyi bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib

Partiyadan vurğulandığına görə, C.Novruzov dekabrın 13-də Səbail rayonunun "20 Sahə" adlanan ərazisində polisin taksi sürücülərini cərimələməsinə etiraz etdiyi üçün saxlanıb: "Məhkəmədə Ceyhun Novruzov saxlanmasının təfərrüatı barədə danışıb. Deyib ki, saat 20:00 radələrində o, deyilən ərazidə mağazalardan birinin qarşısında yol polisinin parklanmış maşınlara cərimələr yazacaqlarını görüb. Maşınlarda sürücü və sərnişinlər olmayıb. Ceyhun polislərə onların əməllərin qanunsuz olmasını deyib. Onun polis nəfərlərinə irad bildirməsi xoşlarına gəlməyib və Ceyhunu polis idarəsinə aparıblar. Səhərisi günü isə məhkəmə olub".

AXCP hesab edir ki, Novruzova verilən ittiham quramadır, o, vətəndaşların hüquqlarını qoruduğu üçün cəzalandırılıb.

Hələlik, bu fikirlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

C.Novruzov bundan öncə də bir neçə dəfə oxşar ittihamla inzibati qaydada həbs edilib. Həmin vaxtlar da o, ittihamı qurama sayıb.

Hazırda müxalifətdə olan AXCP-nin 12 üzvü uzunmüddətli, daha bir neçəsi isə inzibati həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.