Ermənistan Azərbaycana qarşı məhkəmə iddialarını 'hələlik, geri çağırmır'

Yeqişe Kirakosyan

Ermənistan 2020-ci il İkinci Qarabağ savaşından sonra Azərbaycana qarşı beynəlxalq məhkəmələrə göndərdiyi şikayətlərini, hələlik, geri götürmək niyyətində deyil. Ermənistanı beynəlxalq tribunallarda təmsil edən Yeqişe Kirakosyan bu məsələnin gündəmdə olmadığını və işlərə baxılmasının davam etdiyini söyləyib: "İşlərin gözdən keçirilməsini təmin edən gərəkli prosesual addımlar davam etdirilir".

Rəsmi Yerevan Avropa İnsan Haqları Məhkəməsinə dörd, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə də bir şikayət göndərib. Qaldırdığı iddialarda Ermənistan Azərbaycanı savaş cinayətləri törətməkdə, erməni məhbusların hüquqlarını pozmaqda, torpaq işğalında və Qarabağı zorla məskunlaşdırmaqda suçlayır. Rəsmi Bakı da sadalanan beynəlxalq tribunallara üz tutaraq Yerevanı beynəlxalq hüququn ayrı-ayrı pozuntularına görə ittiham edib.

Bu il Ermənistan baş naziri Nikol Paşinyan sülh sazişi imzalanarsa, tərəflərin məhkəmə iddialarından qarşılıqlı imtinası barədə fikir səsləndirib. Azərbaycan həmin təklifə münasibətini bildirməyib. Bilgilərə görə, rəsmi Bakı sülh sazişində Ermənistanın məhkəmə iddiaları barədə bəndin yer almayacağına əmin olmaq istəyir.

Ermənistanın hüquq təşkilatları və ekspertlər Paşinyanın sözügedən təklifini qınayıb. Bu ölkə indiyədək Azərbaycana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etməyib.

Paşinyanın tənqidçilərinin fikrincə, ölkə BCM-ə, açıqlandığı kimi, Bakıya qarşı hüquqi addımlar atmaq üçün yox, Qərbin təkidi ilə Moskvanı xoşagəlməz durumda qoymaq üçün qoşulub. Xatırlatmağa dəyər ki, BCM ötən il Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verib.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi, zaman-zaman, Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar doğurub. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər də delimitasiya olunmayıb. İndi sülh danışıqları gedir.