Prezident Əliyev: 'Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac yoxdur'

İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi.

"Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq planları barədə mediada yayılanlar siyasi spekulyasiyadan başqa bir şey deyil". Bunu Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də "Russia Today" informasiya agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

"Qısa desək – gərək yoxdur. Zaman-zaman bu cür məlumatların müəyyən media qurumlarında yer aldığını nəzərə alaraq cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur", – prezident bildirib.

Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa bəyannaməsinin bir bəndində təhdid və təcavüz halında qarşılıqlı hərbi yardım nəzərdə tutulur.

"Bəyannamənin bu bəndi bir və digər ölkənin ərazisində daimi hərbi infrastrukturun yaradılmasını gərəksiz edir", – o əlavə edib.

Prezident habelə söyləyib ki, Türkiyə ilə azı 30 illik hərbi əməkdaşlıq Azərbaycan ordusunun modernləşdirilməsində böyük rol oynayıb. Onun sözlərinə görə, Ankaranın sayəsində Bakı hərbi əməliyyatlarında yüksək funksionallığa nail olub.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ankara Bakıya dəstəyini gizlətməyib. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çıxışında "Qarabağa necə girdiksə" deməsi Azərbaycanda xoş qarşılanmayıb. Rəsmi media ölkənin suverenliyin Azərbaycan ordusunun sayəsində bərpa olunduğunu yazıb.

Azərbaycan həmin müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib.

Əliyev Kiselyova müsahibəsində onu da deyib ki, Bakı Qarabağın bərpasında Rusiya investisiyalarını gözləyir, Rusiya şirkətlərinin gəlişinə şad olardı. O, Cəbrayıl rayonunda ilk "Kamaz" serviz mərkəzinin açıldığını, Bakıda səfərdə olan Tatarıstan başçısı Rüstəm Minnixanovla onun açılışında iştirak etdiyini deyib.

Ermənistan-Azərbaycan sərhədində Aİ müşahidəçiləri

"Sərhədimizdə NATO infrastrukturu yaradılıb"

Azərbaycan prezidenti Yerevanla razılaşdırılmayan məsələlərdən də danışıb.

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 maddəsinin 15-i razılaşdırılıb. Qarşılıqlı məhkəmə iddialarından çəkinmək, eləcə də sərhədimizə kənar qüvvələrin yerləşdirilməməsi ilə bağlı maddələr razılaşdırılmayıb. Axı xarici müşahidəçilər adı altında sərhədimizdə NATO infrastrukturu yaradılıb", - o vurğulayıb.

Sülh sazişi layihəsinin 17 bəndindən 15-nin və preambula hissəsinin razılaşdırıldığını ötən həftə xarici işlər naziri Ceyhun Bayramov da deyirdi. Ermənistanla sərhəddə Aİ-nin müşahidə missiyasına gəlincə, bundan əvvəl də həm Rusiya, həm də Azərbaycan rəsmiləri bir neçə dəfə tənqidi fikirlər səsləndiriblər. Aİ təmsilçiləri isə bildirirlər ki, mülki, silahsız bir missiyanın mandatı yalnız müşahidə aparmaqdır.

Bu missiyanın yaradılmasından öncə tez-tez Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılırdı. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.

Missiyanın müddəti yanvarda bitir. Onun uzadılıb-uzadılmayacağı bəlli deyil. Ermənistanın baş naziri Nikol Paşinyan Bakının missiyanın çıxarılmasını tələb etdiyini təsdiqləyib. Onun sözlərinə görə, Yerevan sərhədin demarkasiya olunmuş hissələrindən Aİ müşahidəçilərinin çıxarılmasını təklif edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistana qarşı təzminat: ekspertlər mümkün prosedurları izah edir

İşğal illərində vurulmuş zərər... "150 milyard dollar"

Əliyev deyib ki, onlar işğal illərində vurulmuş zərərin təhlilini başa çatdırıblar: "Biz buna dörd il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur... Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir".

Ermənistanın da Azərbaycana qarşı iddiaları var və bu yaxınlarda verilən açıqlamalara görə, rəsmi Yerevan 2020-ci il İkinci Qarabağ savaşından sonra Azərbaycana qarşı beynəlxalq məhkəmələrə göndərdikləri şikayətləri, hələlik, geri götürmək niyyətində deyil. Ermənistanı beynəlxalq tribunallarda təmsil edən Yeqişe Kirakosyan bu məsələnin gündəmdə olmadığını və işlərə baxılmasının davam etdiyini söyləyib: "İşlərin gözdən keçirilməsini təmin edən gərəkli prosesual addımlar davam etdirilir".

Rəsmi Yerevan Avropa İnsan Haqları Məhkəməsinə dörd, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə də bir şikayət göndərib. Qaldırdığı iddialarda Ermənistan Azərbaycanı savaş cinayətləri törətməkdə, erməni məhbusların hüquqlarını pozmaqda, torpaq işğalında və Qarabağı zorla məskunlaşdırmaqda suçlayır. Rəsmi Bakı bu ittihamları qəbul etmir və sadalanan beynəlxalq tribunallara üz tutaraq Yerevanı beynəlxalq hüququn ayrı-ayrı pozuntularına görə günahlandırıb.

+++

Prezident müsahibəsində Qarabağda hazırda erməni mənşəli insanların sayına da toxunub: "Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, orada erməni millətindən olan 20-yə yaxın sakin yaşayır".

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib

Yerevan son əməliyyatları "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.