Bakıda həbsdə olan Qarabağ separatçılarının bir çoxunun cinayət işi məhkəməyə göndərilib. Bu barədə dekabrın 17-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, "1987-ci ilin oktyabrından bu il aprelin 22-nə kimi törədilmiş cinayətlərin bir qismi ilə bağlı istintaqı aparılan 1389 cinayət işi bir icraatda birləşdirilib".
Vurğulanır ki, 2548 epizod üzrə 15 nəfər ittiham edilir. Onların arasında tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın separatçı liderlərindən Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan da var. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, başlama...), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 214 (terrorçuluq) və başqa maddələr ilə ittiham edilirlər.
Cinayət işi üzrə ittiham aktı dekabrın 16-da baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Azərbaycan Baş Prokurorluğunun açıqlamasına, o cümlədən yekun ittihama, hələlik, təqsirləndirilən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində yenidən gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub. Azərbaycan Qarabağa nəzarətini itirib. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatlarla ora nəzarətini bərpa edib.
Yerevan 19-20 sentyabr əməliyyatını "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.