Abayın yolundan Harri Potter dünyasına: qazaxdilli nəşriyyatda oyanış

Almatıda kitab sərgisi

Qazax dilində kitabların satışı ildən-ilə artsa da, yerli nəşriyyatlar hələ də çətinliklərlə üzləşir. Bu çətinliklərdən bir çoxunun kökü sovet və müstəmləkə dövründə rus dilinin dominantlığı fonunda qazaxdilli ədəbiyyata çıxışın məhdud olmasına gedib çıxır.

Ancaq naşirlər deyirlər ki, milli klassik və dərsliklərlə yetərlənməyən nəşriyyatları dəstəkləmək üçün hökumət daha çox iş görə bilərdi. Bu iki kateqoriyadan olan kitabların nəşrinə hökumətdən subsidiya almaq daha asandır.

"Hər il bir qrup ağsaqqalla oturub kitab çapı üçün maliyyəni paylaşdırır, sonra da köhnə kitabları yenidən nəşr etdirir", - deyə keçmiş hökumət rəsmisi, 2018-ci ildə müstəqil "Mazmundama" nəşr evini quran Şınqıs Mukan hökumətin işindən gileylənir.

"Bəşəriyyətin intellektual uğurlarını dilimizdə əlçatan etməliyik"

Mukan iddia edir ki, bu pulun bir bölümü dünyada populyar olan kitabların qazax dilində nəşrinə yatırılsa, daha yaxşı olar.

"Bir dilin zənginliyi təkcə söz ehtiyatından deyil, həm də əldə olan bilginin tutumundan asılıdır. İrəliləməkdən ötrü bəşəri bilikləri tərcümə etməli, eynilə "iPhone" və "Samsung" işlətdiyimiz kimi, bəşəriyyətin intellektual uğurlarını dilimizdə əlçatan etməliyik", - Mukan AzadlıqRadiosunun qazax xidmətinə belə deyib.

Mukan qazaxdilli naşirlərin yeni nəslini təmsil edir. Bu naşirlər qazanc zərurətini milli dildə oxuna biləcək ədəbiyyatın müxtəlifliyini genişləndirməyə yönəlmiş ideoloji öhdəliklə tarazlaşdırmağa çalışırlar.

AzadlıqRadiosunun əməkdaşları Asiya Baqdauletkızı və Kris Rikltonun hazırladığı yazıda deyilir ki, son bir neçə ildə qazaxdilli kitab bazarında güclü artış gözə çarpır.

Qazaxıstan Milli Kitabxanasının bilgisinə görə, son beş ildə qazax dilində 12 min 761 kitab qeydə alınıb. Təkcə keçən il toplam sayı 4.2 milyon nüsxə olan 4 min 12 kitab nəşr edilib.

Almatıda kitab mağazası

Yeni minilliyin başlanğıcında ölkənin ən böyük şəhəri olan Almatının əsas kitab şəbəkələrində qazaxca kitablar nadir tapılırdısa, indi naşirlər bu nəşrlərin rəflərdəki kitabların, azı, 10 faizi olduğunu deyirlər. Rus dilində kitablar hələ də say üstünlüyünü qoruyub saxlayır.

Dövlət qurumları ölkənin 20 milyon nəfərlik əhalisinin 80 faizinin qazaxdilli olduğunu bildirir. Ancaq dili tam bilən əhalinin nisbəti aşağıdır. Bu, kitabların ən əlçatan olduğu iri şəhərlərə də aiddir.

"Bəlli miqdar dövlət dəstəyi alsaq da…"

"Steppe&World Publishing" nəşr evinin rəhbəri Raisa Kadır şirkətini milli dildə uşaq ədəbiyyatının azlığını gördüyü üçün təsis edib.

"Bəlli miqdar dövlət dəstəyi alsaq da, bu dəstək rəhbərlikdəki dəyişikliklərdən asılı olaraq artıb-azalır. Biz bu sektora dəstəyin daha sabit olmasını arzulayırıq", - Kadırın sözləridir.

"Harri Potter" silsiləsinin qazaxcaya tərcüməsinin arxasında da "Steppe&World Publishing" evi durur. Ancaq kitabın tərcümə haqlarını əldə etmək asan olmayıb.

Sovetlər dönəmində ingilisdilli ədəbiyyat qazax dilinə, əsasən, rus dili vasitəsilə çevrilirdisə, Kadırın üç tərcüməçi və bir redaktordan ibarət komandası birbaşa orijinal mətnlə işləyib.

Onların bu nailiyyəti göstərib ki, "Qazax dili yalnız yerli hekayətlərdən ibarət deyil və dünya klassikasının sehrini bizim dil və mədəniyyətimizə gətirə bilər", - Kadır AzadlıqRadiosunun qazax xidmətinə müsahibəsində belə deyib.

Mukanın "Mazmundama" nəşr evi özünəyardım kitablarının qazax dilinə tərcüməsi işində müəyyən qədər uğur qazanıb. Onların arasında Deyl Karneqinin 1936-cı ildə çıxan məşhur "Dost qazanmağın və insanlara təsir etməyin yolları" kitabı da var.

Ancaq işadamı qazax şeir və nəsrinin satışlarının, bəzən, daha güclü olduğunu, bunun da yeni kitabların tərcüməsini maliyyələşdirməyə köməyini etiraf edir.

Muxtar Auezovun Abayın həyatından bəhs edən romanı hələ də bestsellerdir.

Ötən ilin göstəricilərinə görə, "Meloman" özəl kitab şəbəkəsinin qazax dilində ən çox satdığı kitab Qazaxıstanın ən tanınmış və sevimli filosofu, şair və bəstəkarı Abayın əsərlərinin külliyyatı olub.

Sovet dövrünün yazıçısı Muxtar Auezovun Abayın həyat və yaşadığı dövr haqda qələmə aldığı "Abayın yolu" romanı satılmamaq qorxusu olmadan dönə-dönə nəşr edilə bilən kitablardan biridir.

Abay sevilən yazıçı olmaqla yanaşı, eyni zamanda məhsuldar tərcüməçi idi. O, qazaxların oxuması üçün Göte, Puşkin, Bayron və digər şair və yazıçıların önəmli saydığı əsərlərini qazaxcaya tərcümə edib.

XIX əsrin sonlarında yaşamış Abayın dühası onun yaradıcılığının nəsillər sonra - bu gün də aktual qalmasına imkan verib.

Digər qazax müəlliflərin bəxti Abay qədər gətirməyib

"Muqaba" nəşr evindən Arman Almenbet deyir ki, hətta tanınan müasir yazıçılar, o sıradan SSRİ-nin son dövrlərində qazax dilində yazan müəlliflər belə "itirilir".

"1980-ci illərin sonlarında hər bir [qazax] yazıçısının, azı, bir kitabı nəşr olunmuş və geniş kütlə tərəfindən oxunmuş olurdu. Ancaq sonra onlar unudulub", - Almenbet deyir. "Muqaba" son illərdə belə yazıçılardan ikisinin əsərlərini yenidən nəşr edib.

"Alqa Publishing" nəşriyyatı isə XX əsrin əvvəllərində yaşayıb-yaratmış, qadınların təhsil almasını təbliğ edən jurnalist Nazipa Kuljanovanın əsərlərinin külliyyatını "Qazax qadınları üçün manifest" adıyla dərc edib.

Nəşriyyatın baş redaktoru Bayan Xasanova deyir ki, Kuljanovanın əsərlərini toplamaq çox uzun vaxt alsa da, buna dəyib.

Qadınları hədəfləyən kitablar sahəsində ixtisaslaşan "Alqa Publishing" eyni zamanda çağdaş qadın müəlliflərin kitablarını da çap edir.

Almenbet deyir ki, kitab nəşri sahəsi yerli televiziya, reklam və hətta teatrlardan fərqli olaraq, qazaxdilli kontentə olan güclü tələbə cavab verməkdə müəyyən qədər gecikib.