İran mənşəli ABŞ jurnalisti 10 il azadlıqdan məhrum edilib

Reza Vəlizadə

İran məhkəməsi AzadlıqRadiosu "Fərda" xidmətinin keçmiş əməkdaşı, ABŞ və İran vətəndaşı olan Reza Vəlizadəyə 10 il həbs cəzası verib. O, "düşmən hökumətlərlə əməkdaşlıqda" suçlanıb.

Həbs cəzası bitəndən sonra Vəlizadəyə Tehran və yaxınlıqdakı əyalətlərdə yaşamaq, ölkəni tərk etmək, eləcə də siyasi və ictimai təşkilatlara üzv olmaq yasaqlanıb.

O, "Fərda" radiosundan 2022-ci ilin noyabrında ayrılıb. Ailəsini ziyarət etmək üçün bu ilin əvvəlində İrana qayıdan Vəlizadəni sentyabrın 22-də həbs ediblər.

ABŞ Dövlət Departamenti daha öncə Vəlizadənin saxlanılmasını qınayaraq bunu "ədalətsiz" və beynəlxalq hüquq normalarına zidd olduğunu demişdi.

Jurnalisti azadlığa buraxmağa çağıran Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus da Vəlizadəyə qarşı irəli sürülən ittihamları, onun məhkum edilməsini və cəzasını ədalətsiz saydığını açıqlayıb.

"Rejim… müstəqil jurnalistikadan xoflanır"

"İran rejimi hər fürsətdə insan haqlarını tapdalayaraq ara vermədən öz zərərli təsirini bütün dünyaya yaymağa çalışır", - deyən Kapus ardınca əlavə edib: "Bəllidir ki, rejim azadlıq qüvvələrindən, o sıradan müstəqil jurnalistikadan xoflanır".

Vəlizadə sərt rejimli həbsxanada saxlanılır. Ailəsi və vəkilinin onunla görüş sayı da məhdudlaşdırılıb.

İran əcnəbiləri, o cümlədən ikili vətəndaşlığı olanları qanunsuz həbs etməklə girov götürməkdə və öz tələblərinin yerinə yetirilməsi üçün xarici hökumətlərə basqı göstərməkdə ittiham olunur. İran ötən ilin sentyabrında mübadilə çərçivəsində beş ABŞ-lini azadlığa buraxıb. Vəlizadə bu mübadilədən sonra həbs edildiyi bildirilən ilk ABŞ vətəndaşıdır.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF), Jurnalistlərin Müdafiəsi Komitəsi və digər təşkilatlar onun dərhal azadlığa buraxılmasını tələb edib. RSF-in 2024-cü il Dünya Mətbuat Azadlığı İndeksində İran 180 ölkə arasında 176-cı yerdə qərarlaşıb.