Moskvada yüksəkrütbəli generalın qətlində şübhəli bilinən şəxs yaxalanıb

İqor Kirillov

Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı İqor Kirillovla köməkçisinin qətlində şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb. Bu bilgini dekabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) açıqlayıb.

Heç bir şəxs və ya qruplaşma qətllə bağlı məsuliyyəti üzərinə götürməsə də, Ukrayna Təhlükəsizlik Xidmətindəki qaynaq AzadlıqRadiosuna bildirib ki, partlayış bu xidmətin özəl əməliyyatının nəticəsidir.

FSB bildirib ki, adı çəkilməyən şübhəli şəxs Ukrayna xüsusi xidmət orqanlarından təlimat alıb. Moskvaya gələn bu şəxs güclü əldəqayırma partlayış qurğusu əldə edərək onu Kirillovun yaşadığı evin qarşısında saxladığı elektroskuterə quraşdırıb.

Kirillovla köməkçisi binadan çıxarkən, şübhəli şəxs uzaqdan partlayıcı qurğunu işə salıb.

Bəyanatda o da deyilir ki, qətli törədən şübhəli şəxsə əvəzində 100 min dollar və Avropa ölkələrinin birində yaşamaq izni vəd olunub. Törətdiyi əməli etiraf edən həmin şəxsi ömürlük həbs cəzası gözləyir.

General-leytenant Kirillov Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşda öldürülən ən yüksəkvəzifəli Rusiya hərbçisidir.

Ukrayna prokurorluğu Kirillovu Ukrayna ordusuna qarşı kimyəvi silahdan yararlanmaqda suçlayıb. İndiyədək Rusiya ordusunun bu silahı Kirillovun nəzarətiylə 5 min dəfəyədək tətbiq etdiyi bildirilir. Müstəqil ekspertlər həmin iddianı təsdiqləyə bilməyiblər.