Rubl dəyərsizləşsə də, Rusiya iqtisadiyyatı hələ yırğalanır

Moskvada Rusiya Silahlı Qüvvələrində xidmət üçün müqavilə bağlamağa çağıran reklam lövhəsi yaxınlığında valyutadəyişmə məntəqəsi.

Rusiyada cüzi gəlirlə dolanan pensiyaçılar onsuz da yumurta, kartof və yağ kimi əsas azuqənin bahalaşmasından beziblər. İndi rublun uzun zaman boyunca kəskin dəyərsizləşməsi onların dərdinin üstünə daha bir dərd gətirib.

"Bu qiymətləri görürəm, gözlərim böyüyür. Nə baş verir? Başdan-ayağa hər şeyin qiyməti qalxır", - Sankt-Peterburqda ayda 19 min 100 rubla (187 dollara) dolanmağa çalışan pensiyaçı tarix müəlliməsi belə deyir.

"Təbii ki, nəzakətli sözlər ağlıma gəlmir. Hirsimi soyutmaq üçün zarafata salmalıyam", - 72 yaşlı qadının AzadlıqRadiosunun rus xidmətinə dediyi sözlərdir. O, polisin təhdidlərindən qorunmaq üçün adının çəkilməsini istəməyib.

Kremlin Ukraynadakı tammiqyaslı müharibəsi artıq üçüncü ilini tamamlamaqdadır. Bu müddətdə Rusiya iqtisadiyyatı bütün gözləntiləri aşa bilib. Ekspertlər Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını zəiflədəcəyini proqnozlaşdırsalar da, hələlik, nəticələr fərqli olub.

İnflyasiya 8 faizi aşıb

Beynəlxalq Valyuta Fondu müharibəni başlıca öncəliyə çevirən hökumətin çox böyük məsrəfləri sayəsində ümumdaxili məhsulun bu il 3.6 faiz artacağını proqnozlaşdırır.

Ancaq hökumət xərcləmələrinin qaynar tempi iqtisadiyyatı həddindən artıq körükləyir. 8 faizi aşan inflyasiya səviyyəsi ilə çarpışan Mərkəzi Bank artıq faiz dərəcələrini artırıb və yaxın həftələrdə daha da artıra bilər. Bu da, öz növbəsində, yaşayış ipotekalarını və biznes kreditlərini bahalaşdırıb və biznes liderlərinin açıq-aşkar şikayətlənməsinə səbəb olub.

İqtisadiyyatın get-gedə daha qeyri-sağlam duruma düşməsinin daha bir simptomu da Rusiya valyutasının dəyər itirməsidir. AzadlıqRadiosunun əməkdaşı Mayk Ekelin qələmə aldığı məqalədə deyilir ki, rublun dəyəri 2022-ci ilin martından bəri görünməmiş səviyyəyə düşüb.

Dekabrın 5-də ABŞ dolları 103 rubl olub. Bu, sentyabr ayı ilə müqayisədə 85 faiz azalma deməkdir. Ancaq ən aşağı səviyyə noyabrın son günlərində qeydə alınıb- 1 dollar 113 rubl olmuşdu.

Bəs bu düşüşün, tək olmasa da, əsas səbəbi nədir? Noyabrın 21-də ABŞ yeni sanksiyalar elan edib. Budəfəki sanksiyaların hədəfi, ölkənin ən iri bankı da daxil, sanksiyalardan yayına bilən onlarla Rusiya bankıdır. Dövlət bankı olan "Qazprombank", əsasən, neft və qaz ixracatı ilə bağlı tranzaksiyaların ötürücüsü rolunu oynadığından sanksiyalardan yan keçə bilmişdi. Vaşinqton daha öncə bu bankı sanksiyaya məruz qoymanın dünya neft bazarlarına ziyan vuracağından, neftin qiymətlərini kəskin artıracağından qorxurdu.

Rus rublu

"Heç kim yeni qaydaların necə olacağını bilmir"

Mərkəzi Bankın keçmiş yüksəkvəzifəli əməkdaşı Sergey Aleksaşenko deyir ki, rusiyalılar – fərdlər, banklar və şirkətlər – tranzaksiyalarını dekabrın 20-dən - məhdudiyyətlərin qüvvəyə minəcəyi tarixdən öncə gerçəkləşdirməyə tələsdilər və bu, pul bazarını rublla doldurdu.

"Mənə elə gəlir ki, rublun (yaxud dolların) kəskin sıçrayışı oyun qaydalarının dəyişəcəyi ilə izah oluna bilər. Heç kim yeni qaydaların necə olacağını bilmir", - o, AzadlıqRadiosunun rus xidmətinə belə deyib.

Rəsmilər, o sıradan prezident Vladimir Putin həm adi tükədicilər, həm də biznes liderləri arasında gözəçarpan əsəb gərginliyini sakitləşdirməyə çalışıb.

"Bu cür durumlarda tez-tez olduğu kimi, hazırda valyuta bazarında həddindən artıq duyğu komponenti var. Təcrübə göstərir ki, dəyişkənliyin artmasından sonra məzənnə həmişə sabitləşir", - İqtisadi inkişaf naziri Maksim Reşetnikov noyabrın 27-də jurnalistlərə belə deyib.

Sadə vətəndaşlar, özəlliklə Sankt-Peterburq kimi iri şəhərlərdən uzaqda yerləşən yoxsul regionların sakinləri hökumətin xərclədiyi iri pul axınından yararlanıblar. Ukraynada döyüşməyə razı olan kişilərə ödənən başgicəlləndirici maaşlar, onların dul arvadlarına ödənən bonus və güzəştlər istehlakçıları xərcləməyə və hətta israfçılığa həvəsləndirib.

Di gəl, savaşın gətirdiyi iri maaşlar zavodları, özəlliklə hərbi sənaye müəssisələrini rəqabətə davam gətirmək və boş iş yerlərini doldurmaq üçün əməkhaqqını artırmağa məcbur edib. Putinin özü işçi qüvvəsi çatışmazlığının problem olduğunu açıqca dilə gətirib.

Maaşların artması inflyasiyanı körükləyib, yağ, kartof və yumurta da daxil, gündəlik tələbat mallarını bahalaşdırıb. Bir neçə bölgədə yağ və bütövlükdə ağartı məhsullarının oğurlanması halları kəskin şəkildə artıb. Bəzi dükanlar oğurluq hallarını önləmək üçün ağartını qıfıllı yerlərdə saxlamağa məcbur qalıb.

Sankt-Peterburq dükanlarında kərə yağı və digər süd məhsulları oğurluğa qarşı qutularda qoyulur.

Durğunluq var

Mərkəzi Bankın faiz dərəcələrini artırması yaşayış ipotekalarını da kəskin bahalaşdırıb. Bu da get-gedə daha çox bölgədə ev və mənzil satışlarını durğunluğa düçar edib.

Rublun dəyər itirməsi, özəlliklə qarşıdakı Yeni İl və Milad bayramları ərəfəsində istehlakçıların daha çox pul xərcləməsi fonunda mühüm tələbat mallarını daha da bahalaşdıracaq.

Bu hal miqrant işçilərə də təsirsiz ötüşmür. Çoxu Orta Asiyadan olan işçi miqrantlar Rusiyada aldıqları məvaciblərini ailələrini dolandırmaq üçün vətənlərində xərcləyirlər. Rublun səviyyəsindəki indiki düşüş isə onların evlərinə daha az pul göndərəcəklərini deməyə əsas verir.

"Rusiyada yaşayırsınızsa, bu, fərq etmir. Ancaq burada işləyib Qırğızıstana, yaxud Özbəkistana pul göndərirsinizsə, o zaman burada işləməyin mənası qalmır. Sadəcə, evə qayıtmaq daha yaxşıdır", - taksi sürücüsü işləyən bir özbək kişinin AzadlıqRadiosuna dediyi sözlərdir.

Az sayda ekspert tezliklə birbaşa iqtisadi kollapsın baş verəcəyini proqnozlaşdırır. Hələlik yanıb-sönən xəbərdarlıq siqnalları, böyük ehtimalla, həyata keçirilən "soyutma" tədbirlərinə işarədir. Mərkəzi Bankın direktoru Elvira Nabiullina bu yaxınlarda faiz dərəcələrinin yüksəldilməsinin bu məqsədə xidmət etdiyini bildirib. BVF gələn il iqtisadiyyatın artım sürətinin 1.3 faizədək azalacağını proqnozlaşdırıb.

"İqtisadi inkişafın sürəti azalmalıdır, ancaq artımın soyudulması iqtisadi kollapsın əlaməti deyil", - Finlandiya Bankı Keçid İqtisadiyyatları İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Lora Solanko AzadlıqRadiosuna belə deyib.

"Artıq açıqca görünməyə başlayıb ki, Rusiya iqtisadiyyatının dərdləri üçün müharibəni bitirməkdən başqa yaxşı çarə yoxdur. Savaş Rusiyanın problemlərinin anasıdır", - Avropa Siyasi Təhlil Mərkəzinin tədqiqatçısı Aleksandr Kolyandrın ötən ay yazdığı məqalədəki sözləridir.