"Azərbaycan regional nəqliyyat və logistikanın əvəzsiz habına çevrilmək üçün yaxşı mövqedədir. Azərbaycanın rifahının növbəti mərhələsinin inkişafını dəstəkləməkdən ötrü özəlliklə bu sektorlara daha çox ticarət missiyası gətirməyi planlaşdırırıq". Bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Amerika Ticarət Palatasının (AmCham) tədbirində deyib.
Səfir palatanın ölkədəki fəaliyyətindən danışıb. O, ABŞ şirkətlərinin Azərbaycana növbəti-nəsil enerji və iqlim hədəflərini yerinə yetirməkdə kömək göstərməyə sadiqliyini vurğulayıb.
"Son bir ildə ABŞ-Azərbaycan əməkdaşlığının uğurlarından danışarkən kinli şübhə səslərini də xatırlayıram. Birləşmiş Ştatlara qarşı çox ittihamlar səslənib, Azərbaycana zərbə vurmaq niyyətli vəhşi, cəfəng qəsdlərdən danışıblar. Bu dezinformasiyaya cavab olaraq yalnız son bir ildəki uğurları göstərirəm. Ancaq eyni zamanda son onilliklərdə tərəfdaşlığımızın gücünü də hamıya xatırlatmaq istəyirəm", – səfir vurğulayıb.
O, Azərbaycanın bu il "Əsrin Müqaviləsi"nin 30 illiyini qeyd etdiyini yada salıb. Azərbaycanın liderliyi və təşəbbüsünün ABŞ sərmayəsi və siyasi dəstəyi ilə birlikdə tarixin gedişatını dəyişdiyini, Azərbaycanın qlobal enerji təhlükəsizliyində böyük və etibarlı iştirakçıya çevrildiyini vurğulayıb.
"Şişirtmədən deyim ki, "Əsrin Müqaviləsi"nin mərkəzində ABŞ-Azərbaycan tərəfdaşlığı durmasaydı, bunların heç biri mümkün olmazdı", – o əlavə edib.
Səfir Libbi bir həftə öncə ilin sonunda səhhətindəki problemlər səbəbindən səfir postundan gedəcəyini açıqlayıb.
Xatırlatma
Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. Ötən il Azərbaycan hakimiyyətinə yaxın media orqanlarında ABŞ səfirliyinin Bakıda məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunub. Ancaq ABŞ-nin yeni təyin olunmuş səfiri M.Libbi Bakıya gələndən sonra həmin tədbir baş tutub.
ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
Son günlər münasibətlərdə gərginlik daha da dərinləşib. ABŞ səfirliyi, dövlət katibi Antoni Blinken Azərbaycan hökumətinə çağırış edərək haqsız yerə həbs olunan jurnalistləri, hüquq müdafiəçilərini, siyasi opponentləri azad etməyə çağırıb. Azərbaycan XİN isə bu bəyanata sərt reaksiya verib, son dörd ili ABŞ-Azərbaycan münasibətlərində "itirilmiş illər" adlandırıb, ABŞ-nin yeni administrasiyası dövründə əlaqələrin bərpa olunacağına ümidini bildirib.