'Azərbaycanda partiyalarla bağlı istənilən əməliyyata cəmiyyətdə etinasız münasibət var'

Sizin brauzer HTML5-i dəstəkləmir

Partiyalara verilən 300 min manat hara xərclənir? Toz basmış ofis, 'yaddan çıxan' rəqəmlər...

Azərbaycanda iki il əvvəl qəbul olunan, ötən ilin əvvəlində qüvvəyə minən və Venesiya Komissiyasının tənqid etdiyi "Siyasi partiyalar haqqında" yeni qanun öz təsirini göstərir. Dekabrın 4-də iki siyasi partiyanın - Azadlıq Partiyası və Azad Demokratlar Partiyasının məhkəmə yolu ilə fəaliyyəti dayandırılıb. Ədliyyə Nazirliyi məhkəməyə müraciətinin səbəbini bu iki partiyanın sənədlərində uyğunsuzluqların olmasını göstərib.

Amma Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, sənədlərdə heç bir problem olmayıb və partiyanın ləğvi siyasi qərardır.

Bəzi ekspertlər hesab edirlər ki, yeni qanunvericiliklə faktiki partiyaların ləğvi prosesi asanlaşıb və bundan bəzi partiyalara qarşı istifadə oluna bilər.

66 partiya vardı, sonra...

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra 66 siyasi partiya qeydiyyata alınıb, az sonra onlardan ikisi ləğv olunub.

2021-ci ildə də altı partiya hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulduğunu bildirib və bununla da siyasi partiyaların sayı 58-ə düşüb.

"Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunduqdan sonra 31 partiya da öz-özünün ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Yeni qanunun qəbulu ilə partiyaların yenidən qeydiyyat məsələsi gündəliyə çıxmışdı. Yeni qanunda qeydiyyat üçün üzv sayı isə 1 mindən 5 minə qaldırılmışdı. Üstəlik, yeni qanunda partiya üzvlərinin reyestrinin aparılması da öz əksini tapıb.

Əlavə olaraq, bu ilin sentyabrında Ədliyyə Nazirliyinin Əsasnaməsində də dəyişiklik edilib. Dəyişikliyə əsasən, nazirlik qanunla nəzərdə tutulmuş hallarda siyasi partiyaların fəaliyyətinin dayandırılması və ya ləğvi barədə məhkəmə qarşısında məsələ qaldırmaq hüququ əldə edib.

Hikmət Babaoğlu

"Ədliyyə Nazirliyi bu məntiqlə çıxış edir"

YAP İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu "Turan"a bildirib ki, hər hansı siyasi partiyanın fəaliyyəti onun ictimai fəallığı, siyasi təşkilatlanma ilə əlaqədardır: "Bəzi partiyaların ölkədaxili hər hansı siyasi proses, yaxud da dünyada baş verən məsələlər ilə bağlı mövqeyini açıqlamasında bir ardıcıllıq, fəallıq müşahidə edilmir. Yəni, onların ictimai rəydə fəaliyyəti haqqında, perspektivləri barədə bir təsəvvürü yoxdur. Belə olan təqdirdə belə partiyaların fəaliyyət göstərməsi üçün sosial-siyasi sifariş də yoxdur. O partiyalara ideoloji təşkilatlanma mərkəzləri kimi baxsaq, görəcəyik ki, belə bir siyasi-ideoloji əsaslar da yoxdur".

Partiyaların bağlanması məsələsinə gəldikdə, siyasətçi vurğulayıb ki, Ədliyyə Nazirliyi "Siyasi partiyalar haqqında" Qanundan kənar addım ata bilməz: "Nəticə etibarilə qanun özü Ədliyyə Nazirliyi üçün də keçərlidir".

Deputatın fikrincə, yaxşı olar ki, partiya sədrləri siyasi partiyaların ləğvi üçün əsas götürülən məsələləri ictimaiyyətə izah etsinlər: "Onda daha aydın təsəvvür olar ki, nə üçün belə bir qərar qəbul edilib... "Siyasi partiyalar haqqında" Qanun ona görə qəbul edilib ki, partiyaların fəaliyyəti tənzimlənsin, məhdudlaşdırılmasın. Ədliyyə Nazirliyi bu məntiqlə çıxış edir".

Seymur Həzi

"Hökumət AXCP-nin nizamnaməsini qəbul etmir"

Müxalif düşərgədə siyasi partiyalara münasibətdə ölkədəki mövcud vəziyyəti fərqli dəyərləndirirlər. Son bir neçə aydır nizamnaməsinə dəyişiklik etmək istəyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bunu edə bilmədiyini, maneələrlə üzləşdiyini bildirir.

Partiyanın sədr müavini Seymur Həzinin AzadlıqRadiosuna deməsinə görə, AXCP növbəti qurultaydan (14 iyun) sonra Ədliyyə Nazirliyindən məktub alıb ki, partiyanın nizamnaməsi yeni "Siyasi partiyalar haqqında" Qanunun bəzi prinsiplərinə uyğun deyil: "Baxmayaraq ki, AXCP bununla razı deyil, təklif olunmuş dəyişiklikləri gözdən keçirməsi ilə bağlı ümumi kollegial qərar qəbul edilib. Biz bunu etdik və yeni nizamnamə layihəsini hazırladıq. Bu nizamnamənin təsdiqlənməsi üçün qurultay keçirməliyik".

Onlara iradlar ilə bağlı detallara toxunmayan S.Həzinin sözlərinə görə, "Siyasi partiyalar haqqında" Qanunun işləməsi üçün müvafiq icra hakimiyyəti orqanı Ədliyyə Nazirliyidir, amma nə nazirlik, nə də Dövlət Əmlak Komitəsi qurultay üçün partiyaya yer ayırır: "Faktiki bizim məktublarımız cavabsız qalır. Biz bununla bağlı məhkəməyə müraciət etmişik, ancaq bu, prosesin formal tərəfidir. Faktiki vəziyyət bundan ibarətdir ki, hökumət AXCP-nin hazırkı nizamnaməsini qəbul etmir və yeni nizamnaməsinin qəbulu üçün şərait də yaratmır".

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə danışmaq mümkün olmayıb.

Nəsimi Məmmədli

"Bunların heç biri Azərbaycanda yoxdur"

Siyasi şərhçi Nəsimi Məmmədli xatırladır ki, hazırda ölkədə 25 partiya qalıb: "Demokratiyanın inkişafında mühüm rola sahib olan çoxpartiyalı siyasi sistem, təəssüf ki, Azərbaycanda tədricən vətəndaşlar üçün cəlbedici olmayan bir sistemə çevrildi".

Ekspertin sözlərinə görə, partiyaların cəmiyyətdə təsiri, əsasən, iki halda daha çox nəzərə çarpır: "1. Parlamentli respublikalarda, xüsusilə proporsional seçki sistemi olduqda. 2. Ölkədə demokratik, plüralist cəmiyyət qurulduqda. Hazırda bunların heç biri Azərbaycanda yoxdur. Ona görə də partiyalarla bağlı istənilən əməliyyata cəmiyyətdə çox etinasız münasibət var".

O vurğulayıb ki, Azərbaycanda həm ictimai, həm də siyasi iştirakçılıq qanunlar və praktik addımlarla məhdudlaşdırılıb.