ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr vurmağa icazə verməsini tənqid edib. Onun fikrincə, zərbələr zamanı ABŞ istehsalı raketlərdən istifadə savaşı daha da qızışdırır.
"Rusiyaya qarşı raketlər göndərmək qərarıyla heç razı deyiləm. Niyə bunu edirik? Buna imkan vermək olmaz", - Tramp dekabrın 12-də "Time" jurnalına müsahibəsində belə deyib.
Tramp yanvarın 20-də prezident elan olunandan sonra Baydenin icazəsini birtərəfli qaydada geri çağıracağı və ya Kremllə danışıqlarda ondan alət kimi yararlanacağı barədə suala cavab verməyib.
Onun dediklərini şərh etməyən Milli Güvənlik Şurasının sözçüsü Con Körbi Bayden administrasiyasının yetkiləri bitənədək Ukraynanı dəstəkləyəcəyini deyib. O, Ukraynaya yeni hərbi yardım paketinin ayrılacağını gözləyir.
Trampın fikrincə, sülh sazişinin əldə olunmasının tək yolu ondan boyun qaçırmamaqdır. Ukraynada atəşkəsə Avropa ölkələri sülhməramlılarının nəzarət etməli olduğunu deyən Tramp Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəkləməyəcək.
ABŞ-nin seçilmiş prezidenti NATO-nun toplam xərclərinin 60 faizini ölkəsinin ödəməsini də qınayıb.
NATO-nun baş katibi Mark Rütte dekabrın 12-də alyans üzvlərini hərbi xərclərini artırmağa çağırıb və Moskvadan gələn təhdidlərin yaxın gələcəkdə zəifləməyəcəyini söyləyib.
"Dörd-beş ildən sonra bizi nə gözləyəcəyinə hazır deyilik", – belə deyən Rütte hərbi xərcləri artırmaq vaxtının yetişdiyini vurğulayıb.