Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:17

Çin it ətini qadağan edir


Çinin ət bazarlarından birində
Çinin ət bazarlarından birində

Çinin Kənd Təsərrüfatı Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar ölkənin ərzaq bazarının yenidən təşkili tədbirləri çərçivəsində satışına icazə verilən və verilməyən canlıların kataloqunu dərc edib.

Pekin qəti əmin olduğunu bildirir ki, COVID-19 epidemiyası Vuhan şəhərindəki heyvan bazarından başlanıb. Hakimiyyət orqanları bu bazarı artıq bağlayıb.

Fransanın RFI radiosunun saytında dərc olunmuş məqalədə deyilir ki, Çində ətinin satışı qadağan edilən heyvanların siyahısına itlər də daxil edilib.

Çində “quru” kimi tanınan it əti uzun müddətdən bəri ölkə restoranlarının ən ləziz yeməklərindən sayılıb.

Çinin şəhərətrafı rayonlarında sahibsiz itlərin çoxluğuna görə restoranlar ətlə fasiləsiz təchiz edilib.

RFI yazır ki, ötən həftədən restoranlara it ətindən yeməklərin hazırlanması qadağan olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mayın 29-da dərc edilmiş yeni qaydalarına görə itlər “ev heyvanları” kateqoriyasına daxil edilib.

İnsanlar və itlər arasında münasibətlər dəyişib

Nazirliyin saytında dərc olunmuş sərəncamda bildirilir:

“İtlərin əhliləşdirilməsi tarixi qədimdir. Keçmişdə onlardan evlərin qorunması, ov və malqara otarılmasında istifadə edilib. Lakin indi itlərdən daha geniş istifadə olunur. Onlar insana yoldaşlıq edir, onlardan polis axtarışlarında, xilasetmə missiyalarında istifadə olunur. İtlər habelə gözdən əlil olanlara bələdçilik edirlər”.

Nazirliyin saytında daha sonra qeyd olunur ki, “itlər əvvəllər tavada qızardılsa da, bugün onlar insanlarla daha yaxın münasibətdədir”.

Bu da xatırladılır ki, itlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin “malqara” siyahısına daxil deyil.

Çində itlərin ətlik üçün satışı qadağan olunub
Çində itlərin ətlik üçün satışı qadağan olunub

Nazirlik bildirir ki, it ətinin Koreya milli mətbəxinin ənənəvi komponenti sayılmasına baxmayaraq, orada da it “malqara” hesab olunmur.

Məqalədə deyilir ki, Çində itlər ev heyvanı kimi yalnız 1990-cı illərdə varlı orta sinfin yaranması ilə populyarlaşıb və insanların bir sıra heyvanların ətinə münasibəti dəyişib.

Britaniyalı publisist Paul Theroux hələ 1988-ci ildə yazırdı ki, “pələngləri ətinin guya cavanlaşdırıcı xüsusiyyətə malik olmasına, filləri dişlərinə, kərgədanları buynuzlarına, ayıları pəncəsinə görə öldürmək yaşıl əsrimizlə bir araya sığmır”.

“Dörd ləziz təam”

Çin mətbəxində keçmişdə ənənəvi olaraq “dörd ləziz təam” olub: ayı pəncəsi, quş yuvası, köpək balığının üzgəci və meymun beyni”. “Quş yuvası” dedikdə bəzi quşların öz seliyi ilə tikdiyi yuvalar nəzərdə tutulur.

Lakin hazırda bu heyvanların demək olar hamısı dövlət tərəfindən qorunur. COVID-19 pandemiyasına görə indi itlər də bu siyahıya salınıb.

Beynəlxalq heyvan haqları təşkilatı “Humane Society” Çin hökumətinin son qərarını alqışlayıb və bunun dönüş nöqtəsi olacağına ümid etdiyini bildirib.

Təşkilatın direktoru Wendy Higgins deyib ki, Çin hökumətinin it ətindən niyə istifadə edilməməli olduğunu adamlara izah etməsi xüsusilə təqdirəlayiqdir.

Humane Society təşkilatının hesablamasına görə Çində yemək məqsədilə hər il 10 milyon it öldürülür.

XS
SM
MD
LG