Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:29

Paşinyan Əliyevin son tələblərini cavablandırıb


Nikol Paşinyan və İlham Əliyev Kazanda BRICS sammitində.
Nikol Paşinyan və İlham Əliyev Kazanda BRICS sammitində.

Dekabrın 19-da Ermənistan baş naziri Nikol Paşinyan ölkə konstitusiyasını dəyişmək və silahlanmağı dayandırmaqla bağlı rəsmi Bakının tələblərini rədd edib. O, "Armenpress" xəbər agentliyinə müsahibəsində Azərbaycanı ölkəsinə qarşı ərazi iddialarıyla çıxış etməkdə suçlayıb.

Baş nazir deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın böyük bir hissəsinə "Qərbi Azərbaycan" deməsi Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazilərinə iddia etdiyini göstərir: "Görünən odur ki, rəsmi Bakı "Qərbi Azərbaycan"dan danışmaqla Ermənistana Azərbaycan Konstitusiyasında təsbit olunmuş ərazi iddialarını gücləndirmək istəyir".

Paşinyan Əliyevin Rusiya dövlət telekanalına bu yaxınlarda verdiyi müsahibəsində Ermənistanın silahlanması Azərbaycanın güvənliyinə təhdid yaratdığından bunu dayandırmaq tələbinə də reaksiya verib: "Biz ancaq Ermənistanın sərhəd və ərazi bütövlüyünü qorumaq üçün silahlanırıq. …Ermənistanın Azərbaycana hücum etməsiylə bağlı hər hansı niyyət, məqsəd və ya planının olmamasına və bu yolla getməyəcəyinə zəmanət verə bilərəm. Əgər Azərbaycanın da Ermənistana hücum etmək niyyəti yoxdursa, bölgədə gərginliyin dərinləşib genişlənmə ehtimalı sıfıra bərabərdir".

İki mübahisəli bənd

Ermənistan rəsmiləri bir müddət əvvəl noyabrda keçirilən COP29 beynəlxalq iqlim sammitindən sonra Azərbaycanın Ermənistana silahlı təcavüz planlaşdırdığını iddia edir, bildirirdilər ki, Paşinyan hökuməti bunun önünü kəsmək üçün sülh sazişinə dair danışıqlar aparır.

Sözügedən sazişin 17 bəndindən 15-i razılaşdırılsa da, beynəlxalq məhkəmələrdə qarşılıqlı şikayətləri geri götürmək və sərhəddə üçüncü tərəfin müşahidəçilərinin, o sıradan Ermənistanın dəvət etdiyi Avropa İttifaqı müşahidəçilərinin və ya qoşunlarının olmasını yasaqlamaq kimi bəndlərdə fikirlər haçalanır.

Sonuncu bəndlə bağlı tələbə münasibət bildirən Ermənistan baş naziri bir daha söyləyib ki, müşahidəçilər ancaq sərhədin demarkasiya olunan hissəsini tərk etməlidirlər. Uzunluğu min km-dən çox olan ümumi sərhədin hələ kiçik bir bölümündə delimitasiya və demarkasiya işləri yekunlaşdırılıb.

Xatırlatma

Azərbaycan vurğulayıb ki, Ermənistan Konstitusiyasının preambulunda ərazi iddiası olduğundan orada düzəliş edilmədən sülh sazişini imzalamayacaq. Söhbət Ermənistan Konstitusiyasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinaddan gedir. Həmin bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad edilir.

1990-cı illərin əvvəllərində Azərbaycanla Ermənistan arasındakı toqquşmalarda Azərbaycanın o vaxt "Dağlıq Qarabağ" adlanan ərazisi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG