Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:13

Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'


Arxiv fotosu: Nardaran sakini darvazada güllə izini göstərir
Arxiv fotosu: Nardaran sakini darvazada güllə izini göstərir

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

"Bizi mebel maşınına atandan sonra soruşdular ki, "Taleh kimdi?" Üzümü çevirdilər, bu məqamda elə bir zərbə vurdular ki, burnumun skelet sümüyü sındı. Bir də baxdım ki, 2-3 saniyədən sonra yerdə qan gölməçəsi yaranıb.

Ürəkləri soyumadı, əllərim arxadan bağlı vəziyyətdə yerə uzatdılar. Biri ayağını belimə qoyub, çiyinlərimdən tutub arxaya dartırdı. İki dəfə dartdı, belimi sındıra bilmədi. Əsəbiləşib, məni üzü üstə çırpdı yerə..."

Bunu "Müsəlman Birliyi Hərəkatı"nın sədri, ilahiyyatçı Taleh Bağırov avqustun 17-də məhkəmədə ifadə verərkən deyib.

*Youtube Kanalımıza abunə olun - Ölkədə baş verənləri bizdə izləyin!

“ŞALVARIMI ÇIXARDILAR”

O bildirib ki, ötən məhkəmə iclaslarında ifadəsində bir sıra detallara toxunmayıb:

"O qədər alçaq hərəkətlər eləyiblər ki, adam məhkəmə zalındakı ana-bacılara görə onları tam açıqlaya bilmir. Təsəvvür edin, maşında mənim şalvarımı da çıxartdılar. Yaxşı ki, alt şalvarım vardı, onu da çıxarmaq istəyəndə, aralarından biri qoymadı. Maşında məni döyəndə biri dedi ki, "onu öldürmək olmaz, sağ lazımdı". Bilirdim ki, məni öldürməyəcəklər, amma şikəst eləmək istədiklərini görürdüm.

"Bandotdel"ə çatanda həyətdə yerdə başıma o qədər təpik vurdular ki, qan içində idim. Təpikdən ayağımın əti qopmuşdu. Qan lopa ilə düşürdü. Elə vəziyyətə düşmüşdüm ki, özüm də ölmədiyimə təəccübləndim. 2-3 gündən sonra prokurorluğun müstəntiqi gəlib məni görəndə qorxdu".

Bunlara da baxın:
Nardaran işi ilə bağlı bundan öncəki məhkəmə iclaslarından reportajlarımız


“BANDOTDEL”DƏ İNSANLIQ ÖLÜB”

Nardaran hadisələrinin Milli Şura, konkret olaraq, şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən təşkili barədə ifadə verməsi üçün 3 gün ərzində dəhşətli işgəncələrə məruz qalmasından danışan ilahiyyatçı bütün bunlara görə hakimiyyəti ittiham edib:

Maşında şalvarımı da çıxartdılar. Yaxşı ki, alt şalvarım vardı, onu da çıxarmaq istəyəndə, aralarından biri qoymadı. Maşında məni döyəndə biri dedi ki, "onu öldürmək olmaz, sağ lazımdı". Bilirdim ki, məni öldürməyəcəklər, amma şikəst eləmək istədiklərini görürdüm.

- TALEH BAĞIROV

"Biz "bandotdel"də olanda Daxili İşlər Nazirliyinin rəhbərliyi də ora gəlirdi, Prezident Aparatından da gəlirdilər. Bizə verilən işgəncələrə görə cavabdeh Prezident Aparatında oturanlardır. Mən orada olarkən bir şeyi başa düşdüm ki, ermənilər qədər və onlardan daha azğın, vandal təfəkkürlü adamlar var DİN sistemində. Sanki "bandotdel"də insanlıq ölüb".

Taleh Bağırov ona xüsusilə Əli Kərimli və Cəmil Həsənli əleyhinə ifadə almaqdan ötrü dəhşətli işgəncə verənlər arasında Şahlar Cəfərovun adını çəkib:

"Mənə bu ifadəni almaq üçün üç gün ağlasığmaz işgəncələr verəndə mən oruc tuturdum. Hər gün gəlib kameradan çıxarıb, başıma torba keçirib aparırdılar, əllərimi bağlayıb yerə uzadır, kürəyimdə oturub "dubinka" ilə döyürdülər. O qədər vururdular ki, ayaqlarım şişirdi, tanınmaz hala düşürdüm.

Bir gün, hətta nəzarətçi kameraya qaytarmağa gələndə məni görüb dəhşətə gəldi. Dedi ki, "nə istəyirlər, de, canın qurtarsın da". Bildirdim ki, “yox, bunlar istəyir ki, biz "nakişi" olduğumuzu deyək, buna da imkan vermək olmaz". Hər dəfə döyülmə qurtarandan sonra Allaha şükr eləyirdim, bunlara qəribə gəlirdi. Çünki elə əxlaqsız işgəncələr verirdilər ki, onların yanında "dubinka" ilə ayağın altına vurmaq heç nədir".

Bunlara da baxın:
Nardaran qarşıdurması - jurnalist araşdırmasının nəticələri-


“KÜRƏYİMİZDƏ BOTİNKA İLƏ GƏZİRDİLƏR”

Təqsirləndirilən Abbas Hüseynovun da ifadəsinə əlavələr olub. Onun əlavələri də əsasən, işgəncələrlə bağlı idi:

"Yerə yıxıb kürəyimizdə "botinka" ilə elə gəzirdilər ki, elə bil xalça üstündədilər. Özümü dövlət binasında yox, əsirlikdə hiss eləyirdim. Bir gün məni döyən Kərim və Bəxtiyar adlı şəxslərə dedim ki, “bunlara görə nə vaxtsa Allaha cavab verəcəksiz”. Cavabında onlar mənim dinimi təhqir elədilər. Necə ki, 1990-cı ildə erməni-rus birləşmələri əliyalın adamların üstünə silahlı hücum elədilər, 26 noyabrda da bunlar eyni işi bizim başımıza gətirdilər".


“VƏSİYYƏTİMİ ELƏDİM”

Təqsirləndirilən Aqil İsmayılov MCQMİ-də (Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi – red.) məruz qaldığı işgəncələr nəticəsində görmə qabiliyyətini itirdiyini, burun nahiyəsinə zərbədən indi də çətinliklə nəfəs aldığını bildirib:

"Elə işgəncə verirdilər ki, sanki bu dövlət bizim qeyrətimizi əlimizdən almaq istəyir. İşgəncələrin bir hissəsi şəxsiyyətimizin alçaldılmasına yönəlmiş hərəkətlər idi. Elə hərəkətlər eləyirdilər ki, deyirdim, "çıxarın silahı vurun məni, sizin də canınız qurtarsın, mənim də". Elə həddə çatdım ki, kamerada Raminə (təqsirləndirilən Ramin Yəhyayevi nəzərdə tutur) vəsiyyətimi elədim, özümü öldürmək istəyirdim. Son anda Allahdan qorxdum, intihar edə bilmədim".


“BİZDƏ SİLAH OLMAYIB”

Məhkəmə iclasında həmçinin təqsirləndirilən Cabbar Cabbarov ifadə verib. O da insan ləyaqətini alçaldan işgəncələr altında yalan ifadələrə imza atdığını bildirib.

Əllərimiz bağlı vəziyyətdə yerə uzadıb, cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər. Bu cür əxlaqsız yollarla bizdən ifadə almağa çalışırdılar. O ifadələri özlərinin çirkin əməllərini ört-basdır eləmək üçün almağa çalışırdılar.

- CABBAR CABBAROV

"Bunların ölkədə qorxduğu adam yoxdur. Dedim ki, Mehriban xanıma şikayət edəcəm, başladılar söyüş söyməyə. Bu barədə Kürdəxanıdan prezidentə məktub yazdım ki, qoy onun, xanımının adı çəkiləndə deyilənləri bilsin. Məktubumu göndərmədilər.

Bizə elə işgəncələr verirdilər ki, məcburam, üstüörtülü də olsa, deyim. Təsəvvür edin, əllərimiz bağlı vəziyyətdə yerə uzadıb, cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər. Bu cür əxlaqsız yollarla bizdən ifadə almağa çalışırdılar. O ifadələri özlərinin çirkin əməllərini ört-basdır eləmək üçün almağa çalışırdılar. Polislər Vüqar və İsmayılın qanına batan əllərini bu yolla yumaq istəyirdilər. İfadələrdə boynumuza qoyduqları silahlar da bu məqsədə xidmət edir.

Xüsusən, o hadisədə dünyasını dəyişən polislərin ailələrinə demək istəyirəm ki, onları elə özləri öldürüblər. Bizdə silah olmayıb. Onlar qabaqcadan hazırlanmış çirkin əməliyyatla gəlmişdilər ki, öz əməkdaşlarını öldürüb, bizim boynumuza silah qoyub, sonra da terrorçu kimi təqdim eləsinlər", – Cabbar Cabbarov ifadəsində deyib.

MEYİTİ HARASA APARDILAR

Onun sözlərinə görə, Fərahim Bünyadovu mebel maşınında apararkən avtomatın qundağı ilə gicgah nahiyəsindən vura-vura öldürüblər, amma iş materiallarında yazıblar ki, o, polislərə silahlı müqavimət göstərdiyinə görə, onu iki güllə ilə vurublar:

"Bizi aparanda həyətdən rəhmətə gedənlərdən Rəfael, və Əkbərin də meyiti maşında idi. Nə qədər amansızdılar ki, meyitlərin üstünə çıxıb təpikləyirdilər.

Mən Xocalı faciəsində eşitmişdim ki, ermənilər meyitlərin üzərində zorakılıq ediblər. Yolda Rəfael və Əkbərin meyitini xəstəxanaya morqa təhvil verdilər. Amma Fərahimin meyitini vermədilər. Bizi "bandotdel"in həyətində düşürəndə meyit maşında qaldı. Yəqin apardılar meyitə iki güllə vursunlar ki, yazdıqları düz gəlsin. Bunlar ölüləri də şərləyirlər.

Yazıblar ki, guya, Sarvanın atdığı qumbaradan iki polis ölüb. Yalandı. Əgər belə idisə, niyə Sarvanı yaralı vəziyyətdə həyətdə qoyub getdilər? Sarvanı əməliyyatdan sonra Fərhad (Babayev) aparıb xəstəxanaya, o, yolda qanitirmədən ölüb. Amma yazıblar ki, guya, meyiti hal şahidlərinin iştirakı ilə özləri həyətdən götürüblər. Bu qədər yalan olar?"

C.Cabbarovun ifadəsilə təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb. Məhkəmə avqustun 18-də iş üzrə zərərçəkmiş qismində tanınan polislərin ifadələrilə davam edəcək.

Nardaran hadisələrinə görə ittiham edilən şəxslərin üzləşdikləri işgəncələr və qeyri-insani davranış, eləcə də polis əməkdaşlarının ölümü ilə bağlı səsləndirdikləri iddialara prosesdə iştirak edən prokurorluğun nümayəndələri və hakimlər müdaxilə etmirlər.

Hələlik təqsirləndirilən şəxslər dindirildiklərindən ittiham tərəfi onların ifadələrinə reaksiya vermirlər. Amma istintaqın iddiasına görə 2015-ci il noyabrın 26-da polis əməkdaşları Bakıda Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirərəkən silahlı müqavimətlə üzləşiblər. Silahlı qarşıdurmada ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin rəsmisi isə bugünlərdə AzadlıqRadiosuna açıqlamasında Taleh Bağırovun bundan əvvəlki məhkəmə iclaslarında da işgəncələr və polis əməkdaşlarının ölümü ilə bağlı iddialarını yalan adlandırıb. Nazirliyin əməkdaşının açıqlaması ətraflı burada.

Qeydə alınmayan “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Onların bir neçə qruplar şəklində məhkəməsi keçirilir. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir neçəsinin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Özləri bu ittihamları rədd edib.

XS
SM
MD
LG