Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:09

Hökumət lobbiçilik üçün kimə nə qədər pul ayırır?


1997-98-ci illərdə Azərbaycan Respublikasını təkcə şirkətlər yox, fiziki şəxslər də təmsil edib
1997-98-ci illərdə Azərbaycan Respublikasını təkcə şirkətlər yox, fiziki şəxslər də təmsil edib
Azərbaycan 1997-2007-ci illərdə ABŞ-da lobbiçilik fəaliyyəti üçün rəsmən azı 3 milyon 700 min dollar pul xərcləyib.

ABŞ Ədliyyə Nazirliyində qeydiyyata alınan aktlara əsasən bunu demək olar.

10 il ərzində ABŞ-da rəsmən lobbiçilik edən şirkətlər Azərbaycan tərəfi ilə 37 müqavilə imzalayıblar. Ancaq bu müqavilələrdən yalnız 25-də Azərbaycanın nə qədər pul ödədiyi açıqlanıb.

Azərbaycan hökuməti 1998-99, 2003-2004 və 2006-2007-ci illərdə, yəni prezident seçkiləri ərəfəsi və sonrası lobbiçilik fəaliyyətinə əvvəlki illərdən daha çox vəsait xərcləyib. Pulu alan firmalar Amerika ictimaiyyətini, Konqresi və bu ölkənin siyasi dairələrini Azərbaycandakı islahatların davamlılığına, demokratiyanın inkişafına və seçkilərin şəffaflığına inandırmağa çalışıblar. Amerika mətbuatında Azərbaycanın müsbət imicini formalaşdırmaq üçün sifarişli yazıların yazılması və media ilə görüşlərin təşkilinə də pul ayrılıb.

1997-98-ci illərdə Azərbaycan Respublikasını təkcə şirkətlər yox, fiziki şəxslər də təmsil edib. Məsələn 97-ci ildən 99-cu ilədək Azərbaycan hökuməti Rusiyada qeydiyyatda olan Nizami Piriyev adlı biznesmenin xidmətlərindən istifadə edib. Amma ona nə qədər vəsait ödəndiyi göstərilmir.

Nizami Piriyev 1992-2002-ci illərdə ABŞ-ın «PNN Arkanzas» neft-qaz şirkətinin prezidenti olub, 2003-cü ildən isə Rusiyanın «StroyTransQaz-oyl proqress» neft-qaz şirkətinə rəhbərlik edib. 2007-ci ilin oktyabrından Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edir.

1997-2007-ci illərdə Azərbaycanın Xarici İşlər naziri, prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın Birləşmiş Ştatlara səfərlərinin, onların siyasətçilərlə görüşlərinin təşkil olunması üçün də Amerika qurumlarına külli miqdarda vəsait ödənilib.

Elə təkcə 2007-ci ildə Azərbaycan tərəfi «JWI», «Livingston Group», «Chlopak, Leonard, Schechter and Associates» şirkətlərinə həmin məqsədlə 1 milyon dollardan çox vəsait xərcləyib. Maraqlısı budur ki, bu pulların 168 min dollarını «JWI» şirkətinə Azərbaycan Beynəlxalq Bankı ödəyib.

Bununla belə, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi və bəzi qanun layihələrində Azərbaycanın maraqlarının nəzərə alınması üçün də lobbiçiliyə müəyyən vəsait xərclənib.
XS
SM
MD
LG