Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:40

Kişilər öləndə...


Elmardan söz düşəndə yada həmişə M.Qorkinin bir qəhrəmanı düşür – öz ürəyini məşəl edən qəhrəman!
Elmardan söz düşəndə yada həmişə M.Qorkinin bir qəhrəmanı düşür – öz ürəyini məşəl edən qəhrəman!
Qətlə yetirilmiş mərhum jurnalist dostumuz Elmar Hüseynov haqqında yazmaq həm asandır, həm çətin. Ona görə asandır ki, onun kimi yazıları aktuallığını hələ də saxlayan, sanki dünən yazılıbmış indi də maraqla oxunan çox az sayda jurnalist var. Bu yazılardakı cəsarət, ciddi analiz və proqnozlar insanı heyrətə gətirmək gücündədir.

Yazmaq ona görə çətindir ki, artıq bir neçə il keçsə də Elmarın qatilləri hələ də tapılıb cəzalandırmayıblar. Maraqlı bir detalı xatırlamamaq olmur. Elmarın cənazəsi Elmlər Akademiyasında yerləşdirilmişdi. Minlərlə insan gəlib onunla vidalaşırdılar. Böyük bir insan cərgəsində gənc bir qızın dediyi sözləri unutmaq olmur: «Bu qədər ölü cəmi bir nəfər diri ilə vidalaşmağa gəlib!»

Elmar çox qısa müddətdə mümkün olmayanı etmişdi, onun «Monitor»u daim əldən-ələ gəzir və oxunurdu. Onun daha bir heyrətamiz cəhəti fədakarlığı idi. O, hətta ixtisasca jurnalist də deyildi, mühəndis – hidroloq idi. Ara-bir bunu daha çox paxıllıqdan ona işarə vuran, irad tutanlar da olurdu. Amma Elmar vaxtilə şəxsən özü onların cavabını hamıdan yaxşı vermişdi: «Həvəssiz peşəkardansa həvəskar qeyri-peşəkar bəzən daha çox iş görür, daha əzmlə işləyir».
Hakimiyyət ona mane olmaq üçün bütün vasitələrdən istifadə edir, həm də müxtəlif çətinliklər yaradırdı, ancaq Elmar hər dəfə bunları dəf edə bilirdi. Məhkəmələr, nəşriyyatlarda çap olunmağa icazə verməmək... Ən böyük problem və ağrı təbii ki, onun qatillərinin hələ də tapılımamasıdır.
O, heç bir siyasi partiyanın üzvü deyildi, amma dərc etdiyi «Monitor»un siyasi və ictimai reytinqi qətiyyən partiyalardan geri qalmırdı. O, sadəcə müstəqil jurnalist idi və ömrünün axırına qədər belə də qaldı


Əlində uşağı üçün aldığı yoqurtu tutan, üzləşdiyi maliyyə çətinlikləri ucbatından öz mənzilini satmağa hazır olan kristal kimi təmiz jurnalisti qətlə yetirmək! Bu qətllər, qətllər! Azərbaycanda qətllərin açılması bəzən illərlə davam edir, çox vaxt isə iş nəticəsiz bitir. Xüsusən ictimai yükü və avtoriteti böyük olan insanların qətllərinin üstünün açılması həmişə daha çətin və ağır olur. Maraqlıdır ki, Elmarın qətl hadisəsinin araşdırılmasını şəxsən prezident özü nəzarətə götürdüyünü bildirmişdi. Amma hələ heç bir nəticə yoxdur.

O, heç bir siyasi partiyanın üzvü deyildi, amma dərc etdiyi «Monitor»un siyasi və ictimai reytinqi qətiyyən partiyalardan geri qalmırdı. O, sadəcə müstəqil jurnalist idi və ömrünün axırına qədər belə də qaldı.

Elmardan sonra jurnalistika dayanmadı. Çoxlu sayda nəşrlər – qəzetlər və jurnallar müxtəlif vaxtlarda «Monitor»un yürütdüyü xətti davam etdirdi.
Maraqlısı budur ki, Elmar təkcə güclü araşdırıcı –analitik deyildi, o, həm də çox gözəl siyasi publisist idi. Düzdür, rus dilinin publisistik və ədəbi potensialı çox güclüdür, amma onun kimi rus dilində bu qədər maraqlı yazan jurnalistlərin sayı çox deyil. O, rus sözləri ilə elə «oynayırdı» ki, hətta azərbaycandilli jurnalistlər bunu öz yazılarında nümayiş etdirə bilmirlər.

İndi də ölkədə rusdilli qəzetlər və jurnallar var. Amma onların heç biri «Monitor»un yaratdığı effekti təkrarlaya bilmirlər.

Elmardan söz düşəndə yada həmişə M.Qorkinin bir qəhrəmanı düşür – öz ürəyini məşəl edən qəhrəman! Ölkədə demokratiya və insan haqları ilə bağlı geriləmələri, siyasi sistemin getdikcə mürtəceləşməsi ilə əlaqəli ağrıları o hətta partiya liderlərindən az yaşamırdı. Yeri gələndə müxalifət partiyalarını da fəal olmadıqlarına, siyasi sistemi daha mütərəqqi edə bilmədiklərinə görə, siyasi təsir gücünü itirdikləri üçün də kəskin tənqid edirdi.

İndi insanlar hakimiyyətdən daha çox narazıdırlar. Amma siyasi sistemi necə islah etməyin yolunu tapa bilmirlər. Bu fakt bu yaxınlarda bəyan edilən ABŞ Dövlət Departamentinin hesabatında da qeyd olunmuşdu. Orada deyilirdi ki, Azərbaycan vətəndaşlarının hökuməti dinc yollarla dəyişmək imkanları yoxdur!
Bəs ölkədə siyasi vəziyyət nə vaxt müsbətə doğru dəyişəcək? Bu, o vaxt baş verəcək ki, hər bir Azərbaycan vətəndaşı Elmar kimi əzmkar olsun. İnsanlar güclü siyasi iradə nümayiş etdirsələr, öz haqları uğrunda da qətiyyətli olsalar, bu, istər-istəməz hökuməti onlarla hesablaşmağa vadar edə bilər.

Elmar sözün əsl mənasında kişi jurnalist idi. Azərbaycanda insanlara qiymət verəndə «o, həqiqətən də kişi adam idi» - deyirlər. Məhz bu səbəbdən bu detalı qeyd etməyi vacib saydıq.

O, bəzən zarafatla deyirdi ki, «Monitor» nə vaxtsa tarix olacaq! Həqiqətən də belə oldu. Elə onun özü də tarixə, üstəlik əbədi tarixə qovuşdu!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG