Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:12

«Mən yüzbaşıyam. Yüzdən çox evdə olmuşam…»


Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək. Müxalifət referendumu boykot edir
Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək. Müxalifət referendumu boykot edir
«Mən yüzbaşıyam. Yüzdən çox evdə olmuşam. Həm də məktəbdə olan bütün müəllimlərlə əlaqə saxlayıb ictimai yerlərdə oluruq, konstitusiyada olan dəyişiklikləri var ha… Deyirik ki, bu bizi parlaq gələcəyə aparır. Biz nə üçün ona öz münasibətimizi bildirməyək? Mən bununla təbliğat aparıram».

Bunu Astara rayonunda həm də yüzbaşı kimi işləyən məktəb müəllimi Həbib Həbibov deyir. O bildirir ki, 40 ilin müəllimidir və kəndin demək olar ki, yarısına dərs keçib, bir müəllim kimi kənd əhli arasında kifayət qədər böyük hörməti var, onun hər sözünə inanırlar. 2008-ci ilin prezident seçkilərində də yüzbaşı olmuş Həbib müəllim deyir ki, yüzbaşı və minbaşılar ictimai nüfuza malik, cəmiyyətdə fəal olan insanlar arasından seçilir:

«Hər məntəqədə 10 yüzbaşı var, onbaşılar yoxdur. Yeni Azərbaycan Partiyası regionlarda olan fəal üzviləri seçkiyə cəlb edir. Seçkinin uğurlu olması üçün bizim qüvvəmizdən istifadə edirlər».

Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü də deyir ki, seçki müəllimlərin vəzifə və qayğısını bir xeyli çoxaldıb. Birliyə daxil olan şikayət və məlumatlara görə, məktəb rəhbərləri müəllimləri qapı-qapı gəzib ailələrə məlumat verməyə, onların referendum günü seçkiyə mütləq gəlmələri ilə bağlı xəbərdarlıq etməyə vadar edirlər.

«Seçki günü hər müəllimə 10-15 adam gətirilməsi tapşırılır. Sinif rəhbərlərinə daha çox seçici cəlb etmək tapşırılır. Kim sinif rəhbəri deyil, deyirlər ki, mütləq 10 nəfər gətirməlisən».

Məlahət Mürşüdlü deyir ki, müəllimlər qeydiyyatda olduqları yerlərdən çıxaraq məhz işlədikləri məktəbdə qeydiyyata düşməyə məcbur olunurlar ki, pedaqoji kollektiv həmin gün nəzarət altında olsun. O bildirir ki, əgər məntəqə məktəbdə yerləşsə, seçkinin yükünü müəllim daşımamalıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Zəminə Əliqızı isə deyir ki, onlara müəllimlərdən seçkiyə cəlb olunmaqları barədə heç bir şikayət daxil olmayıb. Zəminə Əliqızı belə halların baş verə biləcəyinə də inanmadığını bildirdi.

Müsavat Partiyasının funksioneri, «Respublikaçılar» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı deyir ki, keçən seçkilərdə yüzbaşı, minbaşılardan az istifadə olunmuşdu, amma bu dəfə referendumda yetərsay anlayışı olduğu üçün indi bu insanların fəallığı daha vacibdir.
Referendumda seçicilərin 25 faizinin iştirakı tələb olunur deyə, bu məsələdə daha çox maraqlı olan hakimiyyət referenduma çıxarılan məsələlərin lehinə səs yığmaq üçün insanları müxtəlif yollarla seçkiyə gətirməkdə də maraqlıdır
Gülağa Aslanlı bildirir ki, onlara daxil olan məlumatlara görə büdcə təşkilatlarında maliyyələşən müəssisələrin rəhbərləri işçiləri yığıb tapşırıb verir ki, onlar ən azı 10 nəfər gətirməlidir. Onbaşı və yüzbaşıların əhalini seçkiyə aparması üçünsə müxtəlif metodlardan istifadə edilir:

«Biri odur ki, onbaşı öz yaxın ətrafında olan ailə üzvilərini oraya məcburən gətirir ki, evdə deyir ki, səs verməsəniz məni işdən çıxaracaqlar. İkinci metodda odur ki, hətta bunun üçün özlərinin ehtiyatlarından maliyyə vəsaiti də ayırırlar ki, insanları şirnikləşdirsinlər».

Seçki məsələləri üzrə ekspert Anar Məmmədli deyir ki, referendumda seçicilərin 25 faizinin iştirakı tələb olunur deyə, bu məsələdə daha çox maraqlı olan hakimiyyət referenduma çıxarılan məsələlərin lehinə səs yığmaq üçün insanları müxtəlif yollarla seçkiyə gətirməkdə də maraqlıdır. Ona görə də yüzbaşı və minbaşı fəaliyyətinin bu seçkidə də işə düşməsi təəccüblü deyil. Anar Məmmədli deyir ki, vətəndaşların bu yolla seçkidə iştiraka təhrik olunması qanuna ziddir.

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovsa icra başçılarının seçicilərin seçkilərə az gəlməsini faciəyə çevirməsinə təəccüblənir. Əli Həsənovun sözlərinə görə, belə olanda icra başçıları dərhal başlayırlar orda-burda nümayəndələri təşkil edib insanları avtobuslarla kollektiv şəkildə məntəqələrə daşımağa. İcra aparatı rəsmisinin sözlərinə görə, bu əslində pis bir şey deyil, əsas bu addımın hansı məqsədlə atılmasıdır:

«İnsanlara öz iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün lazımi şərait yaradılmalıdır. Əslində seçiciləri məntəqələrə avtobusla daşımaq pis deyil. Əgər icra başçısı seçki günü seçiciyə 1 km piyada getməmək üçün nəqliyyat ayırıbsa, bu yaxşı haldır. Amma bunu məqsədyönlü şəkildə kimsə xeyrinə səs vermək anlamında istifadə edirsə, bu qanun pozuntusudur».

Azərbaycanda seçkidə onbaşı, yüzbaşı təcrübəsi 2008-ci il prezident seçkisində də tətbiq olunmuşdu. Beynəlxalq Müşahidə Missiyası seçkiyə dair yekun hesabatında yazırdı ki, ATƏT müşahidəçiləri onbaşı, yüzbaşı, minbaşılardan ibarət əməlli-başlı sistemin olduğunu üzə çıxarıblar.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək. Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifət referendumu boykot edir.
XS
SM
MD
LG