Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:03

Jurnalistləri döyənlər cəzalandırılmır


Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində, 19 may 2006
Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində, 19 may 2006

Bəzi müxalifət qüvvələri jurnalistin döyülməsində hakimiyyəti ittiham edir, rəsmi şəxslərsə belə hadisələri hakimiyyətə qarşı hücum kimi qiymətləndirir


«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsi faktı Azərbaycanda jurnalistlərin tez-tez zorakılığa məruz qalmaları və bu cinayət işlərinin üstünün açılmaması məsələsini yenidən gündəmə gətirdi. Ekspertlər bu cür hadisələrin üstünün açılmamasını onların siyasiləşdirilməsi ilə əlaqələndirirlər. Yəni baş verən hadisə ilk gündən siyasi müstəviyə keçirilir. Bəzi müxalifət qüvvələri jurnalistin döyülməsində hakimiyyəti ittiham edir. Fikirlərini isə bu tip hadisələrə dair cinayət işlərinin zəif getməsi və cinayətkarların cəzalandırılmaması ilə əlaqələndirirlər.


Qarşı tərəf isə məsələyə münasibət bildirməklə yanaşı ittihamları da cavablandırır. Dövlətin adından deyilir ki, jurnalistə qarşı belə hərəkət hakimiyyətə edilən hücumdur.


Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, jurnalistlərin döyülməsi faktının üstünün açılmamasının əsas səbəbi hadisələrin heç birinin sona qədər araşdırılmamasıdır. Hakimiyyətdən işin düzgün aparılması barədə bəyanatlar səslənsə də müşahidələr bunun əksini təsdiqləyir. «Məncə bu hadisələrin arxasında hakimiyyətdəki hansısa qruplaşmaların və ya məmurların dayanması bərədə ictimai rəydə mövcud olan fikirlər şübhələri daha da gücləndirir. Hakimiyyət bu şübhələri aradan qaldırmaq üçün dərin araşdırmalar aparıb cəmiyyətə məlumat verməlidir».


Ancaq əlbəttə ki, irəli sürülən ehtimallar yalnız bundan ibarət deyil. Bu hadisələrin baş vermə səbəbinin nəinki müxalifətdə, hətta jurnalistlərin özlərində olduğunu hesab edənlər də var. Bəzi mütəxəssislərin fikrincə jurnalistlər vətəndaşlara, məmurlara, sahibkarlara və digər ayrı-ayrı şəxslərə qarşı təhqir, böhtan, şəxsi həyata müdaxilə ifadə edən kifayət qədər qərəzli yazılarla çıxış etdikləri üçün onlara belə hücumlar baş verəndə cinayətin kimin tərəfindən törədildiyini müəyyənləşdirmək çətin olur.


Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetinin baş redaktoru, Bəxtiyar Sadıqov jurnalistə qarşı baş verən hadisə ilə bağlı hakimiyyətin ünvanına söylənən ittihamları qəbul etmir. O deyir, hakimiyyət bu cinayətin üstünün açılmasında maraqlıdır. Ancaq əvvəlcədən hazırlanmış cinayətin açılması üçün hüquq mühafizə orqanlarına zərərçəkən tərəf də kömək etməlidir.


«Azərbaycan» qəzetinin redaktoru deyir ki, zərərçəkən tərəf hadisənin mətbuat və söz azadlığını boğmaq məqsədi daşıdığını deməklə özləri izi azdırmış olurlar.


«Yeni nəsil» Jurnalistlər birliyinin rəhbəri Arif Əliyev isə deyir ki, jurnalistin döyülməsi ölkədə birinci dəfə baş vermədiyi üçün bunu təsadüf adlandırmaq olmaz. Dövlət orqanları artıq bu cür hadisələrə statistika kimi yanaşırlar. Hadisənin neçənci olduğu bilinsə də sonda onu kimin törətdiyi bəlli olmur. Arif Əliyevin fikrincə, səbəb cəzasızlıq olsa da bu cür hadisələrin fonunda daha çox siyasi toqquşmalar özünü büruzə verir. «Nə qədər ki, bu cür cinayətləri törədənlərin biri həbs edilməyəcək, belə hadisələr baş verməkdə davam edəcək».


«Bu cür hadisələrin baş verməsi jurnalistlərdə daxili senzuranı yaradırmı» sualının cavabında «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev deyir ki, belə hallar söz azadlığından sivil normaların verdiyi imkanlar səviyyəsində istifadəsinə mane olur.


Ancaq bu fikirlə razılaşmayanlar da var. Məsələn, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, artıq Azərbaycanda zorakı və ya rəsmi qaydada hər hansı senzuranın tətbiqi mümkün deyil.


«Yeni nəsil» JB-nin rəhbəri Arif Əliyev deyir ki, əslində jurnalistlərlə qarşı belə cinayətləri törədənlərin əksəriyyəti tapılır. Sadəcə cəzalandırılmırlar. Hətta bəzi hallarda həmin adamların kimliyi hadisənin törədilməsindən əvvəl bəlli olur.


Bütün bunlar isə əlbəttə ki, jurnalist də özünü senzura yaratmaq məqsədi daşıyır. Ancaq bu hal bir tərəfdən özünü senzuranı yaratsa da digər tərəfdən jurnalistləri radikallaşdırır.


«Yeni nəsil» JB-nin rəhbəri bildirir ki, artıq münasibətlər tənqid müstəvisindən çıxaraq ölüm-dirim məsələsinə çevrilir. Bu cür hadisələrin nəticəsidir ki, ölkəyə gələn beynəlxalq ekspertlər burada özünü senzuranın güclü olduğunu qeyd edirlər.


Bu cür hadisənin fonunda özünü büruzə verən məqamlardan biri də cəmiyyətin qeyri jurnalist hissəsində xofun yaranmasıdır. Bəzi adamlar artıq özünü müdafiə formaları barədə düşündüklərini bildirirlər. Məsələn, hadisənin baş verdiyi günün səhəri AXCP üzvü Akif İslamzadə dedi ki, silah gəzdirmək üçün müvafiq instansiyalara müraciət etmək niyyətindədir. Çünki seçkilər ərəfəsində onu da naməlum şəxslər zorla maşına mindirərək şəhərdən kənara aparıb psixoloji təzyiq göstəriblər.


XS
SM
MD
LG