Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:32

Prezidentlərin görüşü nəticəsiz başa çatdı


Prezidentlərin Buxarestdən ölkələrinə yola düşdüyü bildirilir
Prezidentlərin Buxarestdən ölkələrinə yola düşdüyü bildirilir

Stiven Mann ABŞ Dövlət Departamentində başqa vəzifəyə keçdiyindən bundan sonra danışıqlar prosesində Birləşmiş Ştatları yeni həmsədr təmsil edəcək


İyunun 5-də Bakı vaxtilə saat 16:45-də Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryanın Buxarestdəki görüşü heç bir nəticə əldə olunmadan başa çatdı. Görüş zalını ilk olaraq Robert Koçaryan, ardınca isə İlham Əliyev tərk etdi. Prezidentlər jurnalistlərə heç bir açıqlama vermədilər. Amerikalı həmsədr Stiven Mann isə «Azadlıq» radiosuna bildirdi ki, prezidentlər çox intensiv müzakirə aparıblar. Onun sözlərinə görə, həmsədrlər yaxın günlərdə öz aralarında danışıqların nəticələrini müzakirə edib, növbəti addımlarını planlaşdıracaq və ATƏT-in Daimi Şurasının yaxınlaşan toplantısına bu haqda məlumat verəcəklər. Cənab Mann dedi ki, prezidentlərin danışıqları çox səmərəli əhval-ruhiyyədə keçib: «Müzakirələrin mahiyyəti haqqında məlumat verməyəcəyəm. Ancaq onu deyə bilərəm ki, müzakirələr hərtərəfli məsələlərə həsr olunmuşdu».


Amerikalı həmsədr «Bugünkü görüş Rambuye müzakirələrindən nə ilə fərqlənir» - sualına belə cavab verdi: «Yalnız onu deyə bilərəm ki, biz çox detallı müzakirələr apardıq. Dünən axşam və bu gün iki prezident təklikdə və həmsədrlərlə görüşdü. Biz detallı, hərtərəfli müzakirələrin keçirildiyi bir mərhələdəyik».


Stiven Mann onu da bildirib ki, o, ABŞ Dövlət Departamentində başqa bir vəzifəyə keçir: «Bu, adi bir rotasiyadır. Birləşmiş Ştatları danışıqlar prosesində başqa bir həmsədr təmsil edəcək».


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə «Azadlıq» radiosuna deyib ki, danışıqlar prosesində əsas fikir ayrılıqları ümumi prinsiplərlə bağlıdır: «Azərbaycanın mövqeyi dəyişməz qalır». Cənab Məmmədyarov əgər ehtiyac olarsa, nazirlərin yenidən görüşə biləcəyini də bildirib.


Görüşün sonunda prezidentlərin birgə bəyannamə imzalaması gözlənilsə də, bu, baş verməyib.


Artıq prezidentlərin Buxarestdən ölkələrinə yola düşdüyü bildirilir.
XS
SM
MD
LG