Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:16

Beynəlxalq Böhran Qrupu: «Sərhədlər açılmalıdır»


Beynəlxalq Böhran Qrupu bildirib ki, Türkiyə Qarabağ probleminin həllini gözləmədən Ermənistanla sərhədləri açmalıdır
Beynəlxalq Böhran Qrupu (BBQ) Türkiyə-Ermənistan münasibətlərinə dair hesabatını açıqlayıb.

Qrup bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllini gözləmədən Ermənistanla sərhədləri açmalıdır.

BBQ hesab edir ki, Dağlıq Qarabağ probleminin həll olunmaması sərhədlərin açılmasında indiki mərhələnin qarşısını almamalıdır.

Qrupun Azərbaycan üzrə nümayəndəsi Təbib Hüseynov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına hesabat haqqında danışıb:

«Mühit dəyişib. Hazırda sərhədlərin açıq olması daha məqbul görünür. Çünki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutmasa, Türkiyə bunun qarşılığında əldə ediləcək rıçaqlardan istifadə edə bilər. Sərhədlərdə tranzit və viza rüsumların artırılması ehtimalını nəzərdə tuturam. Bu variant əslində daha sivil, dünya tərəfindən daha başa düşülən və eyni zamanda Türkiyə və Azərbaycan maraqlarına daha uyğun variantdır».

O daha sonra bildirib: «Azərbaycan üçün prinsipial məqam Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafı rayonlardan çıxmasına dair öhdəlik götürməsidir. Bu məsələni vaxt çərçivəsinə salmaq qeyri-mümkündür. Bu sonrakı danışıqların və Minsk qrupu çərçivəsində olan danışıqların müzakirə predmeti olacaq. Türkiyə və Ermənistanın razılaşma paketinə həmin vaxt çərçivəsini salmaq mümkün olmayacaq. Əsas olan odur ki, bu prinsip razılaşma paketində öz əksini tapsın. Hal-hazırda danışıqla məhz bu məcrada gedir».

Danışıqların nəticəsi olaraq Türkiyə və Ermənistan üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyəcəyi ehtimalı haqqında ekspert bunları dedi:

«Nə qədər ki, həm Türkiyə, həm Ermənistan tərəfi qorxurlar ki, biri digərini aldadacaqdır, onların münasibətlərində irəliləyiş olmayacaq. Hər kəs bilsin ki, öhdəsinə nə düşür. Türkiyənin burada qazanacağı daha çoxdur, nəinki itirəcəyi. Və Türkiyənin milli maraqlarına uyğun olan hər-hansı bir nəticə mütləq Azərbaycanın maraqlarına uyğun olacaqdır. Sərhədlərin açılması heç də Türkiyənin Ermənistanla bütün məsələlərdə münasibətlərin normallaşması demək deyil».

Təbib Hüseynov deyir ki, BBQ-nin tövsiyələrindən daha birisi danışıqlarda 3-cü tərəflərin iştirakı ilə bağlıdır:

«Xüsusən ABŞ bu danışıqları pozacaq heç bir fəaliyyətə yol verməməlidir. Amerika administrasiyası, əgər tarixi hadisələrlə bağlı «soyqrım» sözünü istifadə etsə, bu, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasının üstündən böyük bir xətt çəkəcək. Bunun baş verməməsi üçün tövsiyə edirik ki, Avropa Birliyi ölkələri və ABŞ, bu cür sözlərdən çəkinsinlər.


Beynəlxalq Böhran Qrupunun hesabatı ilə bağlı müzakirələr bu gün saat 17.05 «İşdən sonra» proqramında davam edəcək.
Suallarınızı elektron məktubla efir@azadliqradiosu.az ünvanına və ya (+994) 50 744 10 17 nömrəsinə SMS ilə göndərə bilərsiniz.
XS
SM
MD
LG