Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:04

Cabbar Savalanlı: «Bilsəydim cibimdə narkotika var...»


«Biz gənclər fevralın 11-də Azadlıq meydanında «Qəzəb günü» aksiyası keçirmək istəyirdik. Fevralın 4-də «Facebook» sosial şəbəkəsində bununla bağlı səhərdən axşama kimi yazışmalarımız oldu».

«AĞLI KƏSƏN ADAM NARKOTİKANI GİZLİ YERƏ QOYARDI»

Bunu aprelin 29-da Sumqayıt şəhər Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verən AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlı dedi. O, ifadəsində göstərdi ki, sosial şəbəkədəki yazışmaların sabahı günü - fevralın 5-də əvvəl AXCP-nin Azərbaycan Demokrat Partiyasının qərargahında keçirilən yığıncağında, sonra Norveç İnsan Haqları Evində olub. Günün ikinci yarısı Sumqayıta – yaşadığı evə gələndə binanın girişində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onun deməsinə görə, qollarını buraraq maşına oturdublar və Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar. Cabbar Savalanlı ifadəsində göstərdi ki, idarəyə gətirildikdən sonra əvvəlcə ona bunun səbəbini deməyiblər.

İki saatdan sonra otaqlardan birinə aparıblar, orada üstünə baxış keçirəcəkləri ilə əlaqədar ciblərindəki əşyaları çıxarıb stolun üstünə yığmasını bildiriblər. Əvvəlcə şalvarının, pencəyinin ciblərindəki mobil telefonu, metro kartını və pulları çıxarıb. Əlini paltosunun ciblərinə aparanda sol cibdən ağ kağızda bükülü çıxardıb. Cabbar Savalanlı məhkəmədə dedi ki, həmin bükülünün tiryək olduğunu polis işçilərindən eşidib. Bükülünün cibinə necə qoyulmasından isə xəbəri olmayıb: «Mən şalvar geymişəm, pencək geymişəm, üstündən palto geymişəm. Ağlı kəsən adam narkotik maddəni paltonun cibinə qoymazdı. Gizli yerə qoyardı. Bir də ki, məni polisə gətirəndə qollarım açıq idi, bilsəydim cibimdə narkotika var, yolda çıxarıb atardım».

«MƏNİ STOLA YIXIB BAŞIMA VURURDULAR Kİ, QOL ÇƏK»


Cabbar Savalanlı dedi ki, onun üstünə baxış keçirilərkən otaqda olan iki hal şahidlərinin ikisi də içkili vəziyyətdə olub.

Cabbar Savalan məhkəmə prosesində. Foto: @nemnum
Savalanlının sözlərinə görə, cibindən narkotik vasitənin çıxması ilə bağlı protokolu ona fiziki və psixoloji zor tətbiq etməklə imzaladıblar. Etirafedici izahatını və ifadəsini də təzyiq altında alıblar.

«Mənə dedilər qol çək ki, hal şahidlərinin iştirakı ilə sənin üstünə baxış keçirilib və üstündən bu çıxıb. Qol çəkmədim, başladılar başıma vurmağa, məni stola yıxıb başıma vururdular ki qol çək, söyürdülər».

«SƏNİN QƏLƏMİN YUXARIDAN SINDIRILIB»

Cabbar Savalanlının ifadəsinə görə, polisdə ona deyiblər ki, sənin qələmin yuxarıdan sındırılıb, sənə kömək edə bilməyəcəyik. Yaxşılıqla boynuna al, boynuna almasan, onsuz da qanından narkotika çıxardacaqlar

Cabbar Savalanlı həbsini müxalifətçi gənc kimi fəaliyyət göstərməsi ilə əlaqələndirdi.

«DEDİ Kİ, ÖZÜM QƏBUL ETMƏK ÜÇÜN BAKIDAN ALMIŞAM»

Sonra Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Faiq Mirzəyev şahid qismində ifadə verdi. Dedi ki, məlumat əsasında Cabbar Savalanlının üstünə baxış keçirmək üçün onu yaşadığı evin yaxınlığında saxlayıblar. Savalanlı evinə yaxın ərazidə üstünə baxış keçirilməsinə etiraz etdiyinə görə, onu polis idarəsinə aparıblar. Hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirilərkən bükülüdə 0,72 qram tiryək aşkar ediblər:

«Sual olunduqda ki, bu nədir, dedi ki, tiryəkdir, özüm qəbul eləmək üçün Bakıdan almışam».

Vəkil Anar Qasımov
«BİLSƏYDİM İŞ BU QƏDƏR UZANACAQ, ŞAHİDLİK ETMƏZDİM»


Sonra məhkəmə narkotik vasitənin aşkar edilməsində hal şahidi kimi iştirak etmiş Məhərrəm İsmayılovu dindirdi. O, dedi ki, Sumqayıtdakı qul bazarında dayanır. Fevralın 5-də qul bazarından çıxıb evə gedərkən əməliyyat müvəkkili Faiq Mirzəyev ona təklif edib ki, bir əməliyyatda hal şahidliyi etsin. O da razılaşıb. Vəkillərin suallarına şahidin «yadımda deyil», «bilmirəm», «yaddaşım zəifdir» deməsi və üstəlik onun latın qrafikasında yazıb-oxuya bilmədiyini söyləməsi vəkillərin etirazına səbəb oldu. Vəkil Anar Qasımov «Latın hərflərini tanımırsızsa, latın qrafikasıyla protokolu necə oxuyub imzalamısız?» sualına şahid cavab verdi ki, müstəntiq yazıb, oxuyub, o da imzalayıb. Cabbar Savalanlı isə məhkəmənin nəzərinə çatdırdı ki, Məhərrəm İsmayılov onun saxlanılmasında iştirak etməyib: «Mən bu adamı polis idarəsində üstümə baxış keçirilərkən görmüşəm».

Məhərrəm İsmayılovun «Bilsəydim iş bura qədər uzanacaq, heç şahidlik etməzdim» deməsi hakim qarışıq bütün zaldakıların gülüşünə səbəb oldu. Vəkil Anar Qasımov Məhərrəm İsmayılovun adının hal şahidi siyahısından çıxarılmasına dair vəsatət versə də hakim vəsatəti təmin etmədi.
XS
SM
MD
LG