Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:03

Kitabi-Dədə Qorqud (Qanlı Qoca oğlu Qanturalı boyu)


əvvəli

Oğuzların vaxtında Qanlı qoca deyilən bir müdrik kişi vardı. Bir
yetişmiş igid oğlu vardı. Adına Qanturalı deyirdilər. Qanlı qoca deyir:
“Dostlar, atam öldü, mən qaldım. Yerini-yurdunu tutdum. Sabahkı gün
mən ölərəm, oğlum qalar. Bundan yaxşı nə ola bilər ki, oğul, nə qədər ki,
sağam, gəl səni evləndirim!”. Oğlan deyir: “Ata, məni evləndirmək
istəyirsənsə, bilirsənmi mənə layiq qız necə olmalıdır?... Mən yerimdən
durmadan o durmuş olsun! Mən Qaracıq atıma minmədən o minmiş
olsun! Mən qanlı kafir elinə getməmiş o gedib mənə baş gətirmiş olsun!”.
Qanlı qoca deyir: “Oğul, sən qız istəmirsənmiş, bir cəsur pəhləvan
istəyirsənmiş, onun arxasında yeyəsən-içəsən, gününü xoş keçirəsən!”.
Dedi: “Bəli, ata can, eləsini istəyirəm! Bəs gedəsən, bir cicimici
türkman qızını alasan, birdən sürüşüb üzərinə düşəm, qarnı yırtıla?”.
Qanlı qoca deyir: “Oğul, qız görmək səndən, mal-pul xərcləmək
məndən!”.
Atası belə deyəndə igidlər igidi Qanturalı durdu. Qırx igidini özü
ilə götürdü. İç Oğuzu gəzdi, qız tapa bilmədi, qayıtdı, geri döndü. Evlərinə
gəldi. Atası deyir: “Oğul, qız tapdınmı?”. Qanturalı deyir: “Yıxılsın
Oğuz elləri, mənə yarayan qız tapa bilmədim, ata!”. Atası deyir:
“Hey, oğul! Qız almaq üçün gedən belə getməz”. Qanturalı deyir:
“Bəs necə gedər, ata?”. Qanlı Qoca deyir: “Oğul, səhər vaxtı gedib
günorta gəlmək olmaz. Günorta gedib axşam gəlmək olmaz. Oğul, sən
tələs, mal yığ, mən sənə gedim qız axtarım!”.
Qanlı Qoca sevincək, fərəhlə ayağa durdu. Ağ saqqallı pirani
qocaları da yanına saldı. İç Oğuzu axtardı, qız tapmadı. Dolandı, Daş
Oğuza gəldi, tapa bilmədi. Dolandı, Trabzona gəldi. Sən demə,
Trabzon təkurunun bir gözəl-göyçək, yaraşıqlı qızı varmış. Sağınasoluna
iki qoşa yay çəkərdi. Atdığı ox yerə düşməzdi. O qızın
“qalınlığı-qaftanlığı” üçün üç heyvan saxlanırdı. Atası vəd etmişdi ki,
hər kim o üç heyvanı basıb qalib gəlsə, öldürsə, qızımı ona
verəcəyəm. Basa bilməyənin başını kəsirdi. Beləliklə, otuz iki kafir
bəyinin oğlanlarının başı kəsilib qala bürcündən asılmışdı. Həmin üç
heyvanın biri quduz aslandı; biri qara buğa, biri də buğra idi. Bunların
hər birisi bir əjdahaya bərabərdi. Başları asılan otuz iki nəfər, quduz
aslanla qara buğranın üzünü görməmişdi, ancaq buğa buynuzunda
həlak olmuşdu.
Qanlı qoca bu başları və heyvanları görəndə başındakı bit ayağına
daraşdı. Dedi: “Gedim, oğluma düzünü deyim, hünəri varsa, gəlib
alsın, yoxdursa, kimi alsaq, razı olsun”.
At ayağı iti, ozan dili çevik olur. Qanlı qoca qayıdıb gəldi, oğuz
yurduna çatdı. Qanturalıya xəbər verdilər, “atan gəldi” – dedilər. O,
qırx igidlə atasının qarşısına gəldi. Əlini öpdü, dedi: “Ata can, mənə
yarayan qız tapdınmı?”. Dedi: “Oğul, hünərin varsa, tapdım”. Qanturalı
deyir: “Qızıl-gümüşmü istəyir? Qatır, dəvəmi istəyir?”. Atası deyir:
“Oğul, hünər lazımdır, hünər!”. Qanturalı deyir: “Ata, qarayallı Qazılıq
atımı yəhərləyim, qanlı kafir elinə hücum edim, baş kəsim, qan töküm,
kafirə qan qusdurum. Qul-qaravaş gətirim, hünər göstərim”.
Qanlı qoca deyir: “Hay-hay, oğul can! Hünər dediyin o deyil. O qız
üçün vəhşi heyvan saxlayıblar. Kim o üç heyvanı basıb öldürsə, o qızı
ona verirlər. Öldürməsə, onun başını kəsib bürcdən asırlar”.
Qanturalı deyir: “Ata, bu sözü sən mənə deməməli idin. Bir halda
ki, dedin, əlbəttə, getməliyəm. Başıma qaxınc, üzümə rişxənd olmasın.
Xanım ana, bəy ata, salamat qalın!”. Qanlı qoca fikirləşdi: “Gördünmü
mən özümə nə etdim? Oğlana qorxunc xəbərlər verim, bəlkə
getməsin, dönsün”, – dedi.
Qanlı qoca bu zaman soylamış, görək, xanım, nə soylayıb-demişdir:
Oğul, sənin gedəcəyin o yerin
Dolambac-dolambac yolları vardır.
Atlılar batdıqca çıxa bilməyən
Keçilməz palçıqlıq, çamurluqlardır.
Əjdaha ilanlar dələ bilməyən
Qalın meşələrdir, sıx ormanlardır.
Göylərə baş çəkən dik qalalardır.
Göz vurub könül alan gözəli varsa,
”Hay!” deməmiş baş kəsən cəlladı da var.
Yiyəsinin çiynində qalxan oynayar...
Yaman yerə gedirsən, qayıt, dön geri!
Qocalmış ananı ağlatma belə,
Atanı inlətmə, qayıt, dön bəri!
Qanturalı hirslənib dedi:
Nə söyləyir, nə deyirsən, ata can?
Bu şeylərdən qorxan adam igidmi olar?
İgid ərə qorxu vermək eyib sayılar.
O dolambac yolları Allah qoysa, gecə keçim.
Atlı batan palçığına qumlar töküm, döşəyim.
Əjdahanın sökmədiyi ormanına
çaxmaq çaxıb, od vurum.
Göylərə baş vuran qalalarını Allah qoysa, vurum-yıxım.
Oğrun baxıb könül alan gözəlinin boynun öpüm.
Çiynində qalxan oynadan atasının başın kəsim.
İndi gedim, getməyim?
Gedərəm! Ya gələm, ya gəlməyəm;
Ya qara buğranın köksü altında qalam,
Ya buğanın buynuzuna sancılam,
Ya quduz aslanın caynağında didilim...
Gedim, getməyim? Gedim, ya gəlim, ya gəlməyim!...
Yenidən görüşüncə bəy ata, xanım ana, sağ-salamat qalın siz!
Gördülər ki, namus güc gəlir, əyilmir, dedilər: “Oğul, yolun açıquğurlu
olsun! Sağ-salamat gedib-gələsən!”.
Qanturalı ata-anasının əllərini öpdü. Qırx igidini yanına saldı.
Yeddi gün yeddi gecə at çapdılar. Kafirin sərhədinə çatdılar. Çadır
qurdular. Qanturalı yüyrək atını çaparaq gürzünü göyə atır, yerə düşmədən
qapıb tutur, deyirdi:
Hey, qırx dostum, yoldaşım!
Qaçan olsaydı, yarışsaydım,
Güclü olsaydı, qapışsaydım,
Allah kömək etsəydi,
O üç heyvanı öldürsəydim,
Gözəllərin başı Sarı donlu
Selcan xanımı alsaydım,
Evimizə qayıtsaydım,
Dərdim olmaz, qırx yoldaşım!
Sizə qurban mənim başım!
Bunlar belə danışarkən təkura xəbər çatdı: “Oğuz yurdundan Qanturalı
deyilən bir igid var, qızını istəməyə gəlmişdir”,-dedilər.
Kafirlər yeddi ağac54 gəlib onları qarşıladılar, dedilər: “İgid, de görək
niyə gəlmisiz?”. “Alışmağa-verişməyə gəlmişik”, – dedilər. Hörmətizzət
elədilər. Ağ çadır qurdular, iri xalı döşədilər, ağ qoyunlar kəsdilər,
yeddiillik al şərab içirdilər. Onları götürüb təkurun yanına gətirdilər.
Təkur taxt üzərində oturmuşdu. Yüz kafir altdan yaraqlanıb, üstdən
geyinmişdi. Qanturalı meydanı yeddi dəfə dolanıb gəldi.
Qız meydanda bir köşk düzəltdirmişdi. Yanında olan bütün qızlar
al geyinmiş, təkcə özü sarı rəngli don geymişdi. Yuxarıdan tamaşa
edirdi. Qanturalı gəldi, böyük quldur dəstəli təkura salam verdi. Təkur
salam aldı. İri xalı döşədilər, oturdu. Təkur deyir: “İgid, hardan gəlirsən?”.
Qanturalı yerindən durub gəldi. İrəli sıçrayıb, ağ alnını açdı. Ağ
biləklərini sığallayıb dedi ki:
Qarşıdakı uca dağını aşmağa gəlmişəm!
Aşqın-daşqın sularını keçməyə gəlmişəm!
Dar ətəyinə, gen qoltuğuna sığınıb gəlmişəm!
Allahın əmri ilə, peyğəmbərin rəyi ilə
Qızın Selcan xanımı almağa gəlmişəm!
Təkur deyir: “Bu igidin sözü ötkəmdir, əgər əlində hünəri də varsa...
Bu igidi anadangəlmə soyundurun!”. Soyundurdular. Qanturalı qızılı
incə kətan bezini belinə sarıdı. Qanturalını çəkib meydana gətirdilər.
Qanturalı gözəl və ağıllı bir igid idi. Oğuzlarda dörd igid üzörtüyü
ilə gəzirdi. Biri Qanturalı, biri Qaraçəkir və oğlu Qırxqınıq, bir də Boz
ayğırlı Beyrək idi. Qanturalı niqabını yana atdı. Qız köşkdən baxırdı.
Belbağısı boşaldı, ehtirasdan övsəl olmuş dana kimi ağzının suyu axdı.
Yanındakı qızlara dedi: “Kaş Allah-Təala atamın könlünə rəhm salsın,
kəbin kəsdirib məni o igidə versin. Bunun kimi igid heyfdir ki, o
heyvanların əlində həlak ola!”.
Bu zaman dəmir zəncirli buğanı gətirdilər. Buğa diz üstə çökdü,
buynuzu ilə bir mərmər daşı ovdu, pendir kimi diddi. Kafirlər deyir:
“İndi igidi atıb-yıxacaq, yerə sərib pırtdanağını çıxaracaq. Yıxılsın
Oğuz elləri! Bir qızdan ötrü qırx igidlə bir bəy oğlunun ölməsi nəyə
lazımdır?”. Bunu eşidəndə qırx igid ağlaşdı. Qanturalı sağına baxdı,
qırx igidini ağlar gördü. Soluna baxdı, yenə ağlayırdılar. Dedi: “Hey,
qırx dostum, qırx yoldaşım, niyə ağlayırsınız? Köklənmiş qopuzumu
götürün, tərifləyin, məni!”. Burada qırx igid Qanturalını öyübtərifləmiş,
görək, xanım, necə tərifləmişdir:
Sultanımız Qanturalı, qalxıb yerindən durmadınmı?
Qarayallı Qazlıq atını minmədinmi?
Arqubeldə, Ala dağda quş ovlayıb,
Atanın ev-eşiyinə qayıdan baş
Qaravaşları inək sağanda görmədinmi?
“Buğa, buğa!” dedikləri qara inəyin buzovu deyildirmi?
İgid ərlər sənin döyüşündən qorxurdu...
Odur, Sarı donlu Selcan xanım köşkdən baxır,
Kimə baxsa, öz eşqiylə oda yaxır!
Qanturalı Sarı donlu qızın eşqi ilə bir “hu!” dedi. “Əyə, buğanızı
buraxın gəlsin”, – dedi. Buğanın zəncirini açıb boş buraxdılar.
Buynuzu almaz süngü kimi olan buğa, Qanturalının üstünə cumdu.
Qanturalı Məhəmmədin əziz adına salavat çəkdi. Buğanın alnına
elə bir yumruq vurdu ki, dalı üstə çökdürdü. Yumruğunu alnına dayadı,
sürüb meydanın başına çıxardı. Çox çalışdılar: nə buğa, nə də Qanturalı
üstün gəlirdi. Buğa yavaş-yavaş yorulmağa başladı. Ağzı köpükləndi.
Qanturalı deyir: “Bu dünyanı igidlər ağılla tapmışlar. Bunun önündən
sıçrayım, nə hünərim varsa, bundan sonra göstərim!”. Adı gözəl
Məhəmmədə salavat çəkdi. Buğanın qabağından qaçdı, buğa buynuzu
üstündə qalxdı. Qanturalı buğanı quyruğundan tutub, üç dəfə yerə vurdu.
Buğanın sümükləri sındı. Basıb boğazladı. Bıçaq çıxarıb dərisini
soydu. Ətini meydanda qoyub, dərisini təkurun qabağına gətirdi, dedi:
“Sabah qızını mənə verirsən”. Təkur dedi: “Aya, qızı verin, şəhərdən
qovun, çıxsın-getsin!”. Təkurun qardaşı oğlu vardı, dedi: “Heyvanların
başı aslandır, onunla da oyun göstərsin, qızı ondan sonra verək!”.
Getdilər, aslanı çıxarıb meydana gətirdilər. Aslan hayqırdı,
meydanda nə qədər at vardısa, qan qaşandı. İgidlər dedilər: “Buğadan
qurtardı, aslandan necə qurtulacaq?”. Ağlaşdılar. Qanturalı igidlərini
ağlar gördü, dedi: “Əyə, al qopuzumu ələ alıb, məni tərifləyin! Sarıdonlu
qızın eşqi ilə bir aslandan dönümmü?” Yoldaşları burada soylamış,
görək, xanım, nə soylamışlar:
Sultanımız Qanturalı,
Ağ qamışlıq içində
Sarı gönlü daylar basan,
Şah damarını dəlib, qanın soran,
Böyük, iti polad qılıncdan qayıtmayan,
Dəstəyi ağ tozlu bərk yaydan çəkinməyən,
Ağ lələkli kəskin oxdan qorxmayan
Heyvanların başçısı quduz aslanı qıran
İri köpək itinə özünü daladarmı?
İgid ərlər döyüş günü ölümündən qorxarmı?
Sarı donlu Selcan xanım köşkdən baxır,
Kimə baxsa, öz eşqiylə oda yaxır!
Sarı donlu qızın eşqi ilə hay çəkən Qanturalı dedi: “Ay kafir,
aslanını burax gəlsin!”. Sonra fikirləşib: “Böyük polad iti qılıncım
yoxdur ki, çarpışarkən iki biçəydim. Sənə sığınıram, ulu Tanrı, kömək
et!” – dedi.
Aslanı buraxdılar; cumdu gəldi. Qanturalı bir yapıncını diz qapağına
doladı, aslanın pəncəsinə verdi. Əziz adlı Məhəmmədə salavat
gətirdi. Aslanın alnını gözləyib elə bir yumruq vurdu ki, yumruq
heyvanın çənəsinə dəyib parçaladı. Boynundan tutub, belini üzdü.
Ondan sonra götürüb yerə vurdu; aslanın sümükləri sındı. Qanturalı təkurun
qabağına gəldi. Dedi: “Sabah qızını mənə ver!”. Təkur deyir:
“Qızı gətirin verin, bu igidi gözüm gördü, könlüm sevdi. İstəyir dursun,
istəmir, getsin!” Yenə qardaşı oğlu dedi: “Heyvanların başçısı dəvədir.
Onunla da oyun göstərsin, ondan sonra qızı verək!”.
Allahın köməyi ilə bəylər, paşalar Qanturalıya xeyir-dua verdilər.
Təkur dedi ki, dəvənin ağzını yeddi yerdən bağlayın. Lakin kafirlər
paxıllıqdan bağlamadılar, yüyən qayışını açıb buraxdılar. Qanturalı
fırlanıb dəvənin qoltuğundan girir-çıxırdı. Başı qızışmış igid artıq iki
heyvanla savaşmışdı. Sürüşüb yıxıldı. Altı cəllad tez başının üstünü
aldı. Yalın qılınc tutdular. Burada yoldaşları soylamış, görək, xanım,
nə soylamışlar:
Qanturalı, yerindən qalxıb gəldin,
Qarayallı gözəl Qazlıq atını mindin.
Ala gözlü igidlərini gətirdin.
Arqubeli, Ala dağı gecə aşdın.
Aşqın-daşqın sulardan gecə keçdin.
Qanlı kafir elinə gecə girdin.
Qara buğa gələndə xurd-xəşil etdin.
Quduz aslan gələndə belini bükdün.
Qara buğra gələndə nə yorulub-düşdün?
Uca-uca dağlardan xəbər aşar,
Qanlı, daşqın sulardan hənir keçər,
Qalın Oğuz ellərinə xəbər gedər,
Qanlı qoca oğlunun nə etdiyini deyərlər:
Qara buğaya diz çökdürməmiş,
Quduz aslan gələndə belini bükmüş,
Qara buğra gələndə nə döyükmüş?!.
Böyük-kiçik arasında söz-söhbət olar,
Qarı-qoca qalmaz, – şayiə yayılar.
Ağ saqqallı atanın beli bükülər,
Qarıcıq olmuş anan qan-yaş tökər.
Ay xan, qalxıb yerindən durmasan,
Cəllad qılıncının altındadır ənsən.
Qəflətən gözəl başını kəsərlər.
Aşağıdan yuxarıya baxmırsanmı?
Qarşına iri qaz gəlib, şahini atmırsanmı?
Selcan xanımın işarəsini görmürsənmi?
“Dəvə burnunda əzilər” dedilər, – bilmirsənmi?
Sarı donlu Selcan xanım köşkdən baxar,
Kim ona baxsa, eşqiylə oda yaxar!
Qanturalı Sarı donlu qız eşqinə bir “hu!” deyib ayağa durdu.
Fikirləşdi: “Aya, mən bu dəvənin burnundan yapışsam, qızın sözü ilə
yapışdı, – deyərlər. Sabahı Oğuz ellərinə xəbər gedər ki, dəvə əlində
girinc olmuşdu, qız xilas elədi”. Sonra dedi: “Aya, qolca qopuzumu
çalın, tərifləyin məni!. Yaradan Allaha sığındım. Bir buğradan
dönümmü? Allah qoysa, bunun da başını kəsim!”.
İgidləri Qanturalını öyüb-tərifləmiş, görək, xanım, nə soylamışlar:
Sərt qayalar başında yuva quran,
Ulu Tanrıya yaxın uçub qanad vuran,
Mancanaq daşı tək qıjıldayıb yerə enən,
Duru gölün ördəyini şığıyıb alan,
Su dibinə girən quşu dartıb üzən,
Qarnı acan zaman qalxıb süzən,
Bütün quşların sultanı çal qaraquş
Özünü heç sağsağana vurdurarmı?
İgid ərlər döyüş günü ölümündən qorxarmı?
Sarı donlu Selcan xanım köşkdən baxar,
Kimə baxsa, öz eşqiylə oda yaxar!..
Sarı donlu qız eşqinə hayqıran Qanturalı adı gözəl Məhəmmədə
salavat çəkdi. Dəvəyə çiyni ilə bir zərbə vurdu, dəvə bağırdı. Bir də
vurdu, dəvə ayaq üstə dura bilmədi, yıxıldı. Qanturalı dəvəni basıb, iki
yerdən kəsdi, doğradı. Arxasından iki qayış çıxartdı, təkurun qabağına
tulladı. Dedi: “Döyüşçülərin oxqabısının bağı, üzəngisinin qayışı
üzüləndə tikməyə gərək olar”.
Təkur deyir: “Vallah, bu igidi gözüm gördü, könlüm sevdi”. Qırx
yerdə otaq qurdurdu. Qırx yerdə böyük, qırmızı bəy-gəlin otağı tikdirdi.
Qanturalı ilə qızı gətirib otağa saldılar.
Ozan gəldi, gəlin havası çaldı. Oğuz igidinin sinəsi qabardı,
qılıncını çıxarıb yeri çaldı-çapdı. Dedi ki, yer kimi çatlayım, torpaq
kimi sovrulum, qılıncımla doğranım, oxuma sancılım, oğlum doğulmasın,
doğularsa, on günlük olmasın, əgər bəy atamın və xanım anamın
üzünü görməmiş bu otağa girib yatsam. Çadırının iplərini açdı.
Dəvələrini nərildətdi, atlarını kişnətdi. Gecəni gündüzə qatdı, köçdü...
Yeddi gün yeddi gecə gedib, oğuz yurdunun sərhədinə çıxdılar.
Çadır qurdular. Qanturalı deyir:
Hey, qırx dostum, yoldaşım!
Qurban sizə mənim başım!
Allah-taala yol verdi, getdim.
O üç quduz heyvanı öldürdüm.
Sarı donlu Selcan xanımı alıb gəldim.
Xəbər verin, atam məni qarşılasın!
Qanturalı baxdı gördü ki, bu dayandıqları yerdə ququ quşları,
durnalar, turaclar, kəkliklər uçurlar. Soyuq-soyuq sular, çayırlarçəmənlər...
Selcan xanım bu yeri sevdi, bəyəndi. Düşdülər, kef məclisi
qurdular. Yedilər, içdilər.
O zamanlar oğuz igidlərinə nə bəla gəlirdisə, yuxudan –
yatmaqdan gəlirdi. Qanturalının yuxusu gəldi, yatdı. O, yatarkən qız
fikirləşdi: “Mənim aşiqlərim çoxdur. Birdən xəlvətcə gəlib, igidimi
tutub öldürərlər! Ağ üzlü mən gəlini tutub yenə ata-anamın evinə
apararlar!”. Ona görə də Qanturalının atını gizlicə yəhərlətdi. Özü də
altdan yaraqlanıb üstdən geyindi. Süngüsünü əlinə aldı, bir yüksək yerə
çıxıb gözlədi.
Xanım, deyəsən, təkur peşman olmuşdu. “Elə üç heyvan
öldürdüyü üçün təkcə-bircə qızcığazımı aldı getdi”,- deyə fikirləşdi.
Gizlincə qara donlu, göy dəmir qılınclı altı yüz kafir seçdi. Gecəgündüz
at sürdülər. Birdən gəlib Qanturalıgil düşən yerə çatdılar. Qız
hazır idi. Baxdı, lap irəli gəlmişdilər. Atını oynadıb, Qanturalının
üstünə gəldi. Soyladı, görək, xanım, nə soylayıb dedi:
Qafil olma, qara başını qaldır, igid!
Ala-qıyma, gözəl gözünü aç, dur, igid!
Qolların və ağ əllərin bağlanmadan,
Ağ alnın qara yerlərə çırpılmadan,
Bircə anda gözəl başın kəsilmədən,
Qızıl qanın yer üzünə tökülmədən,
Düşmən çatdı, yaxındadır,
Nə yatırsan, ayağa qalx!
Sərt qayalar oynamadan yer ovuldu.
Qoca bəylər heç ölmədən el boşaldı.
Qoşularaq-qovuşaraq dağdan endi,
Bir sırada düzülərək üzərinə düşmən gəldi.
Yatmağa yer-yurdmu tapdın, sənə nə oldu?
- deyə çağırdı. Qanturalı gərnəşib oyandı, durdu. Deyir: “Nə
söylərsən, gözəlim!”. Selcan xanım: “İgidim, üstünə düşmən gəlib.
Oyatmaq məndən, savaşıb hünər göstərmək səndən!” dedi. Qanturalı
gözünü açdı, göz qapaqlarını qaldırıb baxdı. Gördü gəlin at üzərindədir;
geyinmiş, süngüsü də əlində. Yeri öpdü. Dedi: “Amənna və səddəqna!
Allahın qapısında mətləbimiz yerinə yetdi”. Təmiz suda yuyundu.
Ağ alnını yerə qoydu, iki rükət namaz qıldı, atına mindi. Adı
gözəl Məhəmmədə salavat çəkdi. Qara donlu kafirin üstünə at sürdü,
irəli getdi. Selcan xanım at oynatdı. Qanturalının önünə keçdi. Qanturalı
deyir: “Gözəlim, hara gedirsən?”. Deyir: “İgid bəy, baş salamat olsa,
papaq tapılmazmı? Bu gələn düşmən qatı düşməndir. Vuruşaq, döyüşək:
ölənimiz ölsün, diri qalanımız evə gəlsin!”. Burada Selcan xanım
at saldı, qırılanı qırdı, qaçanı qovmadı, “aman” deyəni öldürmədi.
Elə sandı ki, düşmən basıldı. Qılıncının qəbzəsi qan çadıra gəldi.
Qanturalını tapa bilmədi.
Elə bu zaman Qanturalının ata-anası gəlib çıxdı. Gördülər ki, bu
“gəlin” deyilən adamın qılıncının qəbzəsi qanlıdır, oğulları görünmür.
Xəbər bildilər, görək, necə xəbərləşdilər. Anası deyir:
Anam gəlin, qızım gəlin,
Sübh tezdən öz yerindən durub gəldin,
oğlumuzu tutdurdunmu?
Xəbərsizcə gözəl başını kəsdirdinmi?
“Xanım ana, bəy ata!” deyib inlətdinmi?
Sən gəlirsən, bir balam görünmür,
Bağrım yanır, öz dilinlə xəbər ver mənə!
Dərdli başım qurban olsun, gəlin, sənə!
Qız bildi ki, gələnlər qayınanası və qayınatasıdır. Qamçı ilə işarə
elədi ki, otağa keçin, harada qarmaqarışıqlıq varsa, toz varsa, harada
qarğa-quzğun dolaşırsa, Qanturalını orada axtarım. Atını mahmızladı. Bir
yüksək yerə çıxdı, gözlədi; gördü ki, bir dərənin içində toz gah yığılır,
gah dağılır. Oraya gəldi; gördü ki, Qanturalının atını oxlamışlar. Gözünün
qapağı sıyrılmış, üzünü qan bürümüşdür. Axmaqda olan qanını silir.
Kafirlər qılınc siyirib üstünə toplaşır, o isə onları qabağına qatıb qovur.
Selcan xanım bunu belə gördü, içinə od düşdü. Bir bölük qaza
şahin girən kimi kafirlərin üstünə at saldı. Kafirlərin bir ucundan qırıb
o biri ucuna çıxdı. Qanturalı baxdı gördü ki, kim isə düşməni qabağına
qatıb qovur. Selcan olduğunu bilmədi, qəzəbləndi. Bu vaxt soylamış,
görək, xanım, nə soylayıb-demişdir:
Qalxıb yerindən duran igid, nə igidsən?
Qarayallı Qazlıq ata minən igid, nə igidsən?
Qəfildən başlar kəsən,
İzinsiz döyüşə girən igid, nə igidsən?
İzinsiz döyüşə girmək bizim eldə eyibdir.
Çıx, get! Qızılquş olaraq uçummu?
Saqqalından, boğazından tutummu?
Qəfildən sənin başını kəsimmi?
Al qanını yer üzünə tökümmü?
Qara başını atının tərkindən asımmı?
Ay xatası çatmış igid, nə igidsən, qayıt, dön geri!
Selcan xanım burada soylamış, görək, xanım, nə soylamışdır:
Hey igidim, bəy igidim!
Nər dəvələr köşəyindən dönərmi?
Heç Qaracıq, Qazlıq atlar qulununu əzərmi?
Yaylaqdakı ağ qoyunlar quzusundan bezərmi?
Ər igidlər, igid ərlər sevdiyinə qıyarmı?
İgidim, bəy igidim,
Bu düşmənin bir ucu mənim, bir ucu sənin!
Qanturalı bildi ki, bu düşməni basıb-dağıdan Selcan xanımdır. Bir
tərəfdən də özü qoşuna girib qılınc çəkdi. Kafirin başını kəsdi. Düşmən
basılıb məğlub oldu.
Selcan xanım Qanturalını ata mindirib, yedəyinə aldı, geri qayıtdı.
Gedərkən Qanturalı öz-özünə fikirləşdi:
Selcan xanım, yerindən qalxıb-durub,
Qarayallı Qazlıq atına minib,
Atamın ev-eşiyinə gələndə,
Oğuzun ala gözlü qız-gəlini biləndə,
ətrafına yığışaraq güləndə,
Hər kəs öz sözünü söyləyəndə
Sən də durub öyünəsən,
“Qanturalı yaralıydı,
at belinə aldım, çıxdım” deyəsən!
Gözüm doydu, könlüm döndü, öldürürəm səni! – dedi.
Selcan xanım işin nə yerdə olduğunu bilib, soylamış, görək, xanım,
nə soylamışdır:
İgid bəy, öyünərsə, ər öyünsün, – aslandır!
Lovğalanmaq arvad üçün nöqsandır.
Öyünməklə arvaddan kişi olmaz...
İri yorğan altında qucaqlaşmadıq,
Şirin damaq tutaraq öpüşmədik,
Al duvağım altında danışmadıq.
Tez sevdin, tez də bezdin, əbləh oğlu, əbləh!
Bir Allah bilir ki, mən sənə sirdaşam, yaram, qıyma mənə!
Qanturalı deyir: “Yox, əlbəttə, öldürməliyəm!”. Qız hirslənib
dedi: “Ay əbləh oğlu, əbləh! Mən aşağı qulpa yapışıram, sən yuxarı
qulpa yapışırsan. Ay əbləh oğlu, oxla ya qılıncla vuruşursan? Bəri gəl,
danışaq!”. Atını sürüb bir yüksək yerə çıxdı. Oxqabından doxsan oxunu
yerə tökdü. İki ox seçib, dəmir ucluqlarını çıxardı: birini gizlətdi,
birini əlinə götürdü. Dəmir ucluqlu oxla atmağa ürəyi gəlmədi. Dedi:
“İgid, oxunu at!” Qanturalı dedi: “Qızların yolu birincidir, əvvəlcə sən
at!”. Qız bir oxu elə atdı ki, Qanturalının başındakı bit ayağına yığıldı.
Qanturalı ox atmadı, irəli gəlib Selcan xanımı qucaqlayıb barışdı;
öpüşdülər. Qanturalı soylamış, görək, nə soylamışdır:
Par-par yanan, parıldayan incə donlum!
Yeriyəndə yerə qədəm basmayan,
Qar üstünə qan dammış tək al yanaqlım!
Qoşa badam sığmayan dar ağızlım!
Qələm ilə rəssam çəkən qara qaşlım!
Hörükləri qırx tutamlıq qara saçlım!
Aslan nəsli, sultan qızı,
Heç mən səni öldürməyə qıyardımmı?
Öz canıma qıyardım, sənə qıymazdım;
mən səni sınayırdım, -dedi.
Selcan xanım burada soylamış, görək, xanım, nə soylamışdır:
Qalxaraq yerimdən durardım,
Qarayallı Qazlıq atıma minərdim.
Atamın dik çadırından çıxardım.
Arqubeldə, Ala dağda ov ovlardım.
O yerlərdə sığın-keyik qovardım.
Yay dartanda bir oxla neyləyərdim?
Dəmir ucluqsuz oxla, igid, səni sınardım,
Mən səni öldürməyə, igidim, heç qıyardım?..
Onlar yaxına gəldilər. Qucaqlaşıb qol-boyun oldular, şirin-şirin
öpüşdülər. Ağ-boz atlarını minib çapdılar, bəy atasının yanına çatdılar.
Atası oğlunu gördü, Allaha şükürlər elədi. Qanlı qoca öz oğlu və gəlini
ilə oğuz yurduna girdi. Böyük və gözəl çəmənlikdə çadır qurdurdu.
Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirdi. Toy etdi. Qalın
Oğuz bəylərini çağırıb əzizlədi...
Qanturalı qızıl tağlı günlüyünü qurdurub, gəlin otağına girdi,
muradına-arzusuna çatdı.
Dədəm Qorqud gəlib qopuz çaldı. Boy boyladı, soy soyladı. İgidlərin
başına gələnləri söylədi:
İndi hanı dediyim bəy ərənlər?
Dünya mənimdir deyənlər?
Əcəl aldı, yer gizlətdi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Əcəl gəldikdə təmiz imandan ayırmasın, –
Allah səni namərdə möhtac etməsin!
Allah verən ümidin üzülməsin!
Ağ alnın önündə beş kəlmə dua etdik, qəbul olsun!
“Amin!” deyənlərin üzünü görəsən!
Yığışdırsın, saxlasın Allah günahınızı,
adı gözəl Məhəmməd Mustafaya bağışlasın, xanım, hey!!!

davamı
XS
SM
MD
LG